15 Oktyabr 2022 19:31
1 805
12 Punto 14 Punto 16 Punto 18 Punto

1918-ci il avqust ayının 5-də 26 yaşlı Əhməd Cavad Hacıkənddə “Röyasını görmüşdüm” adlı şeir yazır. Xəlil paşaya ünvanlanan bu əsər “Azərbaycan” qəzetinin 14 oktyabr 1918-ci il tarixli sayında işıq üzü görür. Şeirin ilk bəndində müəllif yazırdı:

Mən röyada nazlı yarın

Tellərini örmüşdüm.

Bu sevincli zamanların

Röyasını görmüşdüm...

Əhməd Cavadın nəzərdə tutduğu sevincli zaman Osmanlı ordusunun gələrək Azərbaycanı rus zülmündən xilas edəcəyi, Anadolu və Qafqaz türklərinin bir-birinə qovuşacağı gün idi. Nəticədə röyasında gördüyü bu olaylar onun gözü qarşısında yaşanır, şeirin yazılmasından bir ay on gün sonra Bakı işğaldan azad edilir.

***

1892-ci ildə Şəmkirin Seyfəli kəndində doğulan Əhməd Cavad Hüseyn Cavid, Abdulla Sur kimi Azərbaycanın, Məhəmmədəmin Yurdaqul, Məhəmməd Akif, Rza Tofiq kimi Osmanlının önəmli şairlərindən təsirlənib. Onun yaradıcılığında bu şəxslərin izini açıq şəkildə görmək mümkündür. Almas İldırım da mühacirətdə haqqında yazdığı məqaləsində Cavadı Azərbaycanın Namiq Kamalı adlandırıb.

Şair 1909-1912-ci illərdə Gəncədə ruhani gimnaziyasında oxuyub. Bu illərdə yazdığı şeirlər müəllimlərinin diqqətini çəkib. Abdulla Sur şərqşünas Qordlevskiyə yazdığı bir məktubda onun haqqında bu şəkildə bəhs edib: “Tələbələrimin içərisində Cavad adlı gənc bir şair var. Mənə oxuduğu ilk mənzumələri gələcəyə böyük ümidlər verir. Lisanı sadə və gözəldir”.

Osmanlı ilə Qafqaz arasında münasibətlərin irəlilədiyi bir dövrdə yetişən Əhməd Cavadın bir neçə il sonra məşhur “Çırpınardın Qara dəniz” şeirini yazacağı gözləniləndi.

Ümumiyyətlə, Cavad kimi şəxsiyyətləri dəyərləndirərkən belələrinə təkcə Azərbaycan, Qafqaz mühiti çərçivəsində baxmamalıyıq. Çünki o illərdə Qafqazda çıxan qəzet və jurnallar Osmanlıya gedirdi, eyni zamanda Osmanlı mətbuatı Bakıya gəlirdi. Qafqazda artıq Osmanlıdan gələn müəllimlər dərs deyirdi, eləcə də Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Yusuf Akçura kimi Türkiyədən kənarda yetişən böyük şəxsiyyətlər bu əlaqələrdə önəmli rol oynayırdılar.

Təsadüfi deyil ki, Cavadın 1916-cı ildə çıxan ilk kitabı “Qoşma”dakı “İraq” şeirini Ziya Gökalp “Yeni məcmuə” jurnalında dərc edib, haqqında xoş sözlər yazıb: “Ruslarla savaşdığımız əsnada Qafqazda dərc edilmiş bir şeir məcmuəsi əlimizə keçdi. “Qoşma” adlı bu kitabın nazimi Əhməd Cavad adında bir türkdür. Bu millətpərvər şairin bütün şeirləri Osmanlı türklərinə, ana vətənə, orduya ithaf edilmişdir. Savaşın müxtəlif səhifələrinə dair bəzi parçaları bir-bir məcmuəmizdə dərc edəcəyik”.

İlk kitabı ilə Ziya Gökalp kimi Türk dünyasının önəmli simasının diqqətini çəkməsi Cavad üçün yeni bir mərhələ idi. O, Osmanlı ordusuna həsr etdiyi bu şeirləri yazarkən bir gün bu ordunun Qafqazı da xilas edəcəyinin xəyalını qurur, röyasının görürdü.

Röyası gerçək olduqdan sonra Əhməd Cavad Türk ordusuna daha bir neçə şeir, məqalə ithaf edir. Sentyabr ayının 28-də Bakıda “Ey əsgər” şeirini yazır və “Ordumuza ərməğan” başlığı ilə “Azərbaycan” qəzetində çap etdirir. Həmin şeirin iki bəndi çox önəmlidir:

Xəlifənin fərmanına baş əyib,

Məzlumların imdadına yetişdin.

Qaranlıqda süngü sənə yol açdı,

Sən o yoldan muradına erişdin.

Yürü, yürü, batan günün izinə,

Gülümsəyir doğan günəş üzünə!

Şu qarşıki duman çıxan bacadan

Sən gəlmədən iniltilər çıxardı.

Geciksəydin, məzlumların fəryadı

Yeri, göyü, kainatı yıxardı.

Yürü, yürü, batan günün izinə,

Gülümsəyir doğan günəş üzünə!

Bu şeirin yazılmasından beş ay əvvəl Bakı və ətrafında müsəlmanlara qarşı soyqırımı edilmişdi. Əhməd Cavad da Türk ordusunun gəlişi ilə buna son qoyulduğuna işarə edib.

“Azərbaycan” qəzetinin 24 oktyabr 1918-ci il tarixli sayında qələmə aldığı “Ruşən Əşrəf bəy” adlı məqaləsində Cavad Tanrıya dua edərək yazırdı:

“Əsrlərdən bəri biri-birindən uzaq düşmüş bir nənənin övladı olan Osmanlı türkləri ilə Azəri türkləri, həmd olsun, bu gün pək uzun sürən bir ayrılığın pəncəsindən yaxanı qurtardılar. İki qardaşın sevincini görən və duyan al bayraq, bunların başları üzərində dalğalanıb, çırpınmasıyla bu bayrama yoldaş olduğunu söyləməkdədir. Bu gün minarələrin səsi qulaqlara daha açıq gəlməkdə, toplarının üstündə parçalanıb da sevdiyi yurdunu öyləcə düşmənə təslim eyləyən mərd xanların mərd ruhu, buludların arasından bizdən pək məmnun qaldığını bizə sevinǝrǝk anlatmaqdadır.

Allahın sevgili qulları bulunan babalarımızın ruhunu şad etdikdən sonra, tutacağımız bir yolda yavaş-yavaş da olsa yürüyürüz və bu yürüşümüzlə sevgili Turana, mövud [vǝd edilmiş] cənnətə yaxlaşdığımızı hiss etdiyimiz üçün köksümüz daha da qabarır. Gələcək məsud günləri bir an əvvəl yaxlaşdırmaq üçün lazım olan imani qüvvəni cənabi-Allahdan niyaz eyləriz. - Ey, böyük Tanrı! Türklər sənin himayənə sığındılar. Lütfünü görüb, mərhəmətini təcrübə etdilər. Göndərdiyin dinin uğrunda tökülən şəhidlərimizin qanı hörmətinə olsun, bizləri məyus etmə!”

Müstəqil dövlət təşkil edən azərbaycanlıların yeganə hamisinin Osmanlı olduğunu qeyd edən şair ardınca iki bölgənin bir-birini daha yaxşı tanıması üçün yollar göstərib. Təsadüfi deyil ki, Ruşən Əşrəf bəyin şərəfində yay klubunda verilmiş ziyafətdə çıxış edən Ə.Cavad Türk ordusunun ardınca Osmanlının irfan ordusunun gələcəyini gözlədiyini bildirib.

1919-cu ilin aprel ayında Ə.Cavad “Azərbaycan bayrağına” şeirini yazıb. Bu şeirin başlığında belə bir qeyd verib: “İngilislərin Bakıya gəlişindən sonra birinci dəfə Bakıya getdiyim vaxt - 10 aprel 1919-da parlament binası üzərində dalğalanan milli bayrağa söylənilmişdir”.

Cümhuriyyət illərində Ə.Cavad “Elin bayrağı” (Azərbaycan Milli Şurasına ithaf), “Bən kiməm?”, “Al bayrağa” (Cümhuriyyətin ilk bayrağına), “İstanbul” (İngilislərin İstanbulu işğal etmələrinə), “Bismillah” (Qafqaz İslam Ordusu üçün), “Türk ordusuna”, “Şəhidlərə” (Osmanlı şəhidlərinə ithaf) və digər şeirlər yazıb. Bu əsərlər onun ikinci kitabı olan “Dalğa”da çap edilib.

Bu dövrdə Azərbaycan himni üçün Əhməd Cavadın yazdığı şeir qəbul olunub. Doğrudur, ara-sıra mübahisələrə səbəb olsa da, hələ ki şeirin ona məxsusluğu inkar edilməyib.

Cümhuriyyətin işğalından sonra Ə.Cavadın “Maarif və mədəniyyət” jurnalında müxtəlif səpkili şeirləri çap edilib. Lakin “Bismillah”ı, “Ey əsgər”i” yazan Əhməd Cavadın ruhu ilə bu şeirlərin ruhsuzluğu açıq şəkildə hiss olunur. Görünür, özü də bunun fərqində olduğu üçün 1925-ci ildə keçmiş şeirlərinin ruhunda olan “Göygöl” əsərini qələmə alıb. Bu şeir əvvəlcə geniş rəğbət oyadıb, hətta bolşevik Ağamalıoğlu bu şeirə görə onu “Azərbaycanın Puşkini” adlandırıb. Lakin daha sonra bədxahları bu şeirdə Cümhuriyyət hökumətinin rəmzlərinin gizləndiyini iddia edərək ona qarşı hücuma keçiblər. Nəticədə Cavad ittihamlara qarşı çıxaraq Müsavat hökuməti ilə əlaqələrini kəsdiyini, o dövrdə yazdığı şeirlərindən imtina etdiyini bildirib. Əlbəttə ki, Cavad bunları məcburiyyət qarşısında edib. Amma həqiqətən də, bu şeirdə Cavad rəmzlərlə keçmiş duyğularını dilə gətirmişdi. “Göygöl” şeirinə sonralar Kərim Yaycılı, Alazan Baycan kimi şairlər nəzirələr də yazıblar.

Cavadın Cümhuriyyət illərində yazdığlı şeirlərin Məhəmmədəmin Rəsulzadənin İstanbulda nəşr etdiyi “Yeni Kafkasya” jurnalında yenidən işıq üzü görməsi də ona problemlər yaradıb. “Yeni Kafkasya” jurnalı Əhməd Cavadın 1923-cü ildəki həbsi ilə bağlı “Əhməd Cavad məhbus...” adlı məqalə də dərc edib. Məqalədə bolşeviklərin bu qədər qəddar olacaqlarını düşünmədiklərini yazan redaksiya heyəti Cavadın xaricdəki mühacirlərlə əlaqəsi olmadığını bildirib: “Əgər şair “Yeni Kafkasya” ilə münasibətdar olduğundan dolayı cəza görürsə, əlimizi vicdanımızın üzərinə qoyaraq bütün cahan qarşısında söyləyirik ki, onun bizimlə heç bir münasibəti yoxdur! Yox, əgər nəşr eylədiyimiz şeirlərində bolşevik hökumət və diktaturasına qarşı bir qəsd görülürsə, dərc etdiyimiz parçalar şairin bolşevizmdən daha əvvəl yazmış olduğu şeylərdir”.

Jurnal Əhməd Cavada zülm etməsinlər deyə dərc etdiyi şeirlərin tək-tək qaynaqlarını da göstərib. Yəni ki, bu şeirlərin hamısı aprel işğalından sonra qələmə alıb.

Təbii ki, bu açıqlama Əhməd Cavadı müəyyən qədər xilas etsə də, bolşeviklərin dövründə yazdığı “Göygöl” şeiri ona qarşı hücumları gücləndirib. Nəticədə o, 1929-cu il noyabrın 16-da “Kommunist” qəzetində “İzah” adlı məqalə yazıb və 1924-cü ildə verdiyi bəyanatdan bu yana müsavatçılarla heç bir əlaqəsi olmadığını bildirib. Bu izahlar 1920-ci illərdə azadlıq ruhlu insanları müəyyən qədər qorusa da, repressiya dövrünə aparan 1930-cu illərdə artıq qorumaq gücünə sahib deyildi. Nəticədə Cavad 1937-ci il iyunun 4-də həbs edilib, oktyabrın 12-dən 13-nə keçən gecə qətlə yetirilib...


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər