20 Dekabr 2022 17:54
1 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaliforniyanın Los-Anceles məhkəməsi amerikalı prodüser Harvi Vaynşteyni daha bir zorlama hadisəsində təqsirli bilib.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Vaynşteyn 2013-cü ildə italyan modelə qarşı zorlama və seksual hərəkətlər də daxil yeddi maddədən üçündə təqsirli bilinib.

Bildirilir ki, Vaynşteynə daha 24 il həbs cəzası verilə bilər, lakin prodüserin müdafiəçisi qərardan şikayət etməyi düşünür. O, özünü yeddi maddə üzrə təqsirli bilmir.

Oktyabr ayında 70 yaşlı Vaynşteynin vəkili Mark Verksman hakimdən prodüserin həbsxanadakı şəraitinin yaxşılaşdırılmasını istəyib və iddia edib ki, təqsirləndirilən şəxsin saxlanma şəraiti dəyişdirilməsə, o son hökmü görə bilməyəcək.

Qeyd edək ki, Vaynşteynə qarşı ittihamlar ilk dəfə 2017-ci ildə “The New York Times”ın səhifələrindən eşidilib. Nəşrdə son 30 il ərzində prodüserin tabeliyində olanlar və ondan əziyyət çəkən bir çox gənc aktrisalar haqqında məqalə yayımlanıb.

Daha sonra Ancelina Coli, Qvinet Peltrou və Salma Hayek də daxil olmaqla 80-dən çox qadın prodüserlə olan məcburi münasibətlərdən söz açıblar.


Müəllif: Pərvin Cəfərova