22 Dekabr 2022 14:23
3 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Əməkdar incəsənət xadimi, görkəmli kino və televiziya rejissoru Arif Babayevin şəxsi arxivi Azərbaycan Dövlət Film Fonduna təhvil verilib.

Mövzu ilə əlaqədar Teleqraf.com-un suallarını Arif Babayevin qardaşı, Xalq artisti Vasif Babayev cavablandırıb.

- Vasif müəllim, qardaşınızın şəxsi arxivini Fonda təqdim etməyiniz öz təşəbbüsünüzdü?

- Dövlət Film Fondunun direktoru Cəmil Quliyev çox istəyir ki, Fondda bir otağı Arif Babayevə həsr etsin. Arifin də arxivi məndə idi. Əslində Film Fondda Arifə aid materiallar vardı, amma Cəmil müəllim xahiş etdi ki, məndə olan arxivi də onlara təqdim edim. Böyük məmnuniyyətlə Arifin əşyalarını Cəmil müəllimə verdim. Tezliklə Fondda Arif Babayev güşəsi yaradılacaq, təntənəli açılışı da olacaq.

- Şəxsi arxivə nələr daxildir?

- Məndə Arifin mükafatları, medalları, şəkilləri, onun haqqında qəzet və jurnallarda çap olunan məqalələr, əlyazma halda olan ssenariləri vardı.

Bilirsiniz ki, Arif vaxtilə Əməkdar incəsənət xadimi fəxri adına, Dövlət Mükafat, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin mükafatına layiq görülüb. Onda heç kimdə olmayan medallar vardı.

Arif televiziyada iş fəaliyyətinə başlamışdı, inkişaf edib, püxtələşib, baş rejissor vəzifəsinə qədər yüksəlmişdi, daha sonra kinonu seçmişdi. Onun seçimi televiziya üçün böyük itki oldu.

- Arif müəllimin ən dəyərli əşyası nə idi?

- Çantası…Ondan heç ayrılmazdı. Başqa ölkələrə, şəhərlərə, rayonlara, hətta hamama gedəndə də çantasını özüylə aparardı.

Biz İçərişəhərdə doğulub, boya-başa çatmışıq. Evimiz Şirvanşahlar sarayının yaxınlığında yerləşirdi. İçərişəhərə çox bağlıyıq.

O vaxtlar İçərişəhərdəki evlərdə istilik yox idi. Ona görə camaat hamama gedərdi. Arif də hamama əksər vaxt Xəyyam Mirzəzadə ilə gedərdi. Orda belə çanta həmişə yanında olurdu.

- Bəs Arif Babayevdən özünüzə xatirə olaraq nə saxlamısınız?

- Həmin o çantanı. Yəqin bundan sonra da mən o çanta ilə gedərəm. Arifi yanımda hiss edərəm.

- Vasif bəy, Arif Babayevin şəxsi əşyaları içərisində məktubları da vardımı?

- Məktubları var, Pribaltikadan göndərilən üç-dörd məktub hələ də qalır. Arif təhna yaşayıb, həyat yoldaşı, övlad sahibi olmayıb. Anamız 1953-cü ildə, atamız 1956-cı ildə rəhmətə gedib.

Bir məhəbbəti var idi: Nina adlı yəhudi bir xanımla çox səmimi münasibət saxlatyırdı. Yaxşı dost olublar, bir-birilərinə hörmət bəsləyiblər.

- Arif Babayevin həmin xanıma sevgisi barədə çox danışılır...

- Bəli, amma o barədə Nadejda İsmayılovadan soruşun, o sizə daha ətraflı məlumat verər. Çünki Nina Nadejda ilə birlikdə televiziyada işləyirdi. Onların məhəbbətindən o daha çox yazıb.

- Arif müəllimlə dost olmusunuzmu, yoxsa yaş fərqi buna imkan verməyib?

- Arif məndən 12 yaş böyük idi. Onunla bağlı çox xatirələrim var. Biz beş qardaş idik, Arif ən böyüyümüzdü. Həyatımda atdığım hər bir addımla ona layiq olmağa, ona oxşamağa çalışmışam. Ona həmişə heyran idim, çox hörmət edirdim.

Təmiz qəlbi vardı, uşaq kimi saf idi. Bu keyfiyyət onun filmlərində də öz əksini tapıb. İçərişəhərdəki evimizi buldozerlə sökəndə bir tərəfdən o anı lentə aldırır, digər tərəfdən ağlayırdı. İçərişəhəri əksər filmlərində vəsf edib. O qədər gözəl vəsf edib ki...

Bir hadisəni danışacam, İçərişəhərdə Mir Mövsüm ağanın evi var. Müharibə illəriydi, gözlərim bərk ağrıyırdı, nə qədər həkimə göstərmişdik, əlac olmamışdı. Qohumlar məsləhət gördülər ki, anam məni Mir Mövsüm ağaya aparsın. Anam dindar idi, amma atam icazə vermədi. Çünki xüsusi xidmət orqamları daim o evi nəzarət altında saxlayırdılar. Anam Mir Mövsüm ağanın bacısı ilə danışıb, o da deyib ki, hava qaralanda uşağı götür gəl.

Beləcə məni axşam yorğan-döşəkdən götürürlər, Arif məni qucağına alır, iki gecə məni ora aparırlar. Bir ay sonra gözlərim düzəldi. Soruşublar ki, bu necə oldu? Anam da dedi ki, sağ olsun Ağa, ona can sağlığı, uzun ömür arzulayıram. Sonralar qohumlar həmişə anamın bu sözünü xatırlayırdılar.

- Ən yaxın dostu kim idi?

- Xəyyam Mirzəzadə, Həsən Məmmədov. Xəyyam həm də onun bir çox filmlərinin bəstəkarı idi. Dostları çox olub.

İnturistdə qalırdı. Dostları ora yığışırdı, axşam da bulvarda çayxanaya gedirdilər. Yeyib-içirdilər, arada da bərk mübahisələri düşürdü.

Mən həmişə düşünürəm ki, Arif bu dünyadan çox tez köçdü. Yaşasaydı, neçə-neçə gözəl filmlər çəkərdi. “İnsan məskən salır”, “Gün keçdi”, “Uşaqlığın son gecəsi”, “Alma almaya bənzər”, “Bizi bağışlayın”, “Birisigün gecəyarısı”, “Arxadan vurulan zərbə” - bu cür gözəl filmlərin mütləq ardı gələrdi.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər