26 Dekabr 2022 21:24
1 826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü Cəmil Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cəmil müəllim, ötən həftə mətbuatda belə bir informasiya yayıldı ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının iclası keçirilib və Şəfiqə Məmmədova yenidən sədr seçilib. İdarə heyətinin üzvü və o iclasda iştirak edən biri kimi bu barədə nə deyə bilərsiniz?

- Mən Ayaz Salayevin mətbuata verdiyi açıqlamaya dəstəyəm, orda qurultay keçirilməyib, bu, sadəcə dəstək iclası idi. Görüşdə ümumi məsələlər müzakirə olundu. Daha sonra sədr seçimi məsələsi gündəmə gəldi.

- Qurultayın olması gözlənilirmi?

- İttifaqın nizamnaməsinə görə sədr seçimi qurultayla deyil, ümumi yığıncaqla seçilməlidir. Bu nizamnamə həm İttifaqın hüquq şöbəsində, həm də Ədliyyə Nazirliyində mövcuddur.

İdarə heyəti, katiblər yenidən toplanmalı və ümumi yığıncağın vaxtını müəyyənləşdirməlidirlər.

- Qaydalara görə sədr necə seçilməlidir?

- Ümumi yığıncaqda ittifaqın 80 faiz üzvü iştirak etməlidir. Öncədən üzvlərə bu barədə məlumat verilməlidir. Üzvlərin səsinə əsasən də ittifaqın sədri, katibləri, idarə heyətinin üzvləri seçilməlidir.

- İclasda sədr seçimi ilə bağlı müzakirə olacağı sizə öncədən məlumat verilmişdimi?

- Yox, bununla bağlı mənə heç nə deyilməmişdi. Dedilər ki, katiblik toplanacaq, gəlin. Gedib iştirak etdim. Orda bir çox məsələləri müzakirə etdik, daha sonra dedilər ki, biz istəyirik, sədrimiz Şəfiqə xanım olsun.

İclasda boş olan katib yerləri məsələsi də gündəmə gəldi, amma ora heç kim seçilmədi. Həmin yerlərə arzu edənlər var idi, amma prosedur qaydalarına görə sədr seçimi kimi bu da ümumi yığıncaqda həllini tapmalıdır.

- Oktay Mir Qasım qurultay yaxud ümumi iclasın keçirilməsinə pulun olmadığını deyib. Amma İttifaq hər il dövlətdən maliyyə alır, ondan əlavə də Prezident tərəfindən ittifaqlara 280 min manat ayrılıb.

- Mənim büdcədən xəbərim yoxdur. Bu işi sədr bilir. Mən ordan nə əmək haqqı, nə mükafat alıram. Orada neçə illər ictimai əsaslarla könüllü işləmişəm.

Ümumi yığıncağın keçirilməsi üçün iclas zalı lazımdır. Bülletenlər çap olunmalıdır. Orda qərar qəbul edilməlidir ki, seçki açıq yaxud gizli səsvermə ilə həyata keçirilsin. Köhnə ittifaqda gizli səsvermə olurdu. Onların qaydası belə idi. Üzvlərə poçtla dəvətnamə göndərilirdi.

- Cəmil müəllim, 10 ildir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqındasınız. Bu ittifaq da kino ilə əlaqədar işlər görmədiyinə görə hər zaman tənqid hədəfinə məruz qalır. Bu sizə necə təsir edir və bu halın aradan qaldırılması üçün nə etmək lazımdır?

- İdarə heyətinə fəal adamlar cəlb olunmalıdır. Komissiyalar işləməlidir: gənclər, veteranlar, yaradıcı komissiya. Köhnə İttifaqda bu cür komissiyalar var idi. Onlar ictimai əsaslarla işləyirdilər.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər