30 Aprel 19:00
2 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin uğurlu siyasəti bəzi siyasətçiləri nəinki özlərindən çıxardır, onların iç üzünü gizlətməyə belə imkan vermir. Bu gün Avropa Şurasında, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı fəaliyyətdə olan təxribatçı, almaniyalı deputat Frank Şvabe növbəti dəfə öz iyrənc, qəbulolunmaz fikirlərini şəxsi tvitter səhifəsində paylaşıb.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

“O, özü ilə yanaşı təmsil etdiyi ölkəni və təşkilatı biabırçı vəziyyətə qoymuş şəxsdir. Ona siyasətçi demək düzgün deyil. Çünki Şvabeni sadəcə siyasi terrorist adlandırmaq olar. Bu, siyasi terrorist Avropa Şurasında sanki hakimiyyəti ələ alıb, insanları qorxu içində saxlayaraq Azərbaycana qarşı hücumlar edir”, - deyə o qeyd edib.

Millət vəkili hesab edir ki, Şvabe kimi şəxslər yalnız özlərini deyil, Avropaya inteqrasiya ideyasını məhv edir:

“Onlar kimin sifarişi ilə işlədiyini biz bilirik. Kimə xidmət etdiklərini, hansı mənbələrdən qidalanıb zənginləşdikləri də bizə məlumdur. Nəyə əsasən sinələrini belə yırtdıqlarından da xəbərimiz var. Ona görə ki, başqa yolları yoxdur. Azərbaycanın apardığı siyasət bunların istədiyindən asılı olmayaraq öz yerini tutur. Şvabenin təmsil etdiyi partiyanın (Almaniya Sosial Demokrat Partiyasının - SPD) təmsilçiləri kimi Almaniyada hakimiyyətdə olan şəxslər, başda kansler Olaf Şolz olmaqla bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyevi ən yüksək səviyyədə qəbul edib. Bütün bunlara baxmayaraq Şvabe partiyasını, kansleri, özünün və ölkəsinin mövqeyini qəti nəzərə almadan əxlaqdan uzaq, qəbulolunmaz ifadələr işlədir və əsassız məsələləri gündəmə gətirir”.

Deputat hesab edir ki, bu kimi insanlar Avropa Şurasında mövcudurlursa, təşkilatın aqibəti hamı üçün aydındır: “Təəssüf ki, Avropa belə siyasi terroristlərə dözüm göstərir. Onlara sərt reaksiya vermir. Bu kiçik miqdarda olan islamafob, azərbaycanafob, türkəfob insanlar təəsüf ki, çoxluğu sanki girov saxlayır. Bunun sonu isə onların özləri üçün faciədir. Bu faciəni isə hamımız görürük. Gözümüzün önündə Avropanın öz dəyərlərini hansı səviyyədə qoruduğu hər kəsə məlumdur”.

Səməd Seyidov bildirib ki, Azərbaycanın güclü siyasətinin qarşısında Şvabe kimiləri dayana bilməyəcək: “Azərbaycanın haqq yolundadır. Biz qalib gələcəyik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər