30 Aprel 15:12
3 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında artıq delimitasiya və demarkasiya prosesi başlayıb. Ölkə başçısı da bəyan etdi ki, sərhədlərin dəqiqləşdirilməsinin nəticəsi olaraq ilk sərhəd dirəkləri basdırılıb. Bu, Azərbaycan dövlətinin siyasi iradəsinin nəticəsidir. Ölkəmiz bu prosesin başa çatmasında maraqlıdır. Arzu olunan odur ki, Ermənistan da bu müstəvidə olan mövqeyini davam etdirsin.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, atılan addımlar iki ölkə sərhədlərinin delimitasiya və demarkasiyasının başa çatmasını mümkün edə bilər:

“Beləliklə, iki ölkə arasında sülh müqaviləsinin daha tez əldə olunmasına imkan yaranar. Ermənistan sözdə deyil, əməldə mövqe sərgiləsə, nəzərdə tutulan bütün işlər görüləcək”.

Deputat hesab edir ki, Qərbdə bəzi qüvvələr Ermənistan üzərində müəyyən “planlar” qurur:

“Hazırda Rusiya-Ermənistan arasında olan münasibətlər hər kəsə bəllidir. Bu iki ölkə arasında münasibətlər aşağı səviyyədədir. Ermənistan Rusiyanın moderatorluq etdiyi Avrasiya İqtisadi Birliyində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yer alsa da bu təşkilatların işini boykot edir. Eyni zamanda bu ölkədən Azərbaycana qarşı həmişə risklər var. Çar Rusiyasının yaratdığı, sovet dövlətinin qoruduğu Ermənistan indi Rusiyaya qarşı çıxır”.

Ziyafət Əsgərova görə, ona havadarlıq etmiş ölkəyə qarşı çıxan Ermənistanın Azərbaycana necə davranacağı da bəllidir:

“Uzun on illiklər boyu ermənilər türklərə, azərbaycanlılara qarşı düşmən mövqeyində olub. Son 30 illik işğal faktı bunun əyani təzahürüdür. Azərbaycanlılara qarşı hansı vəhşiliklərin törədildiyi, ekologiyanın, maddi-mənəvi irsin necə barbarcasına məhv edildiyi faktları Ermənistanın xislətinin göstəricisidir. İndi isə reallıq başqadır. Bundan sonra Ermənistan dövlət kimi qalmaq istəyirsə, ilk növbədə qonşularla, Azərbaycan və Türkiyə ilə münasibətləri sahmana salmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı