Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin rəhbər heyəti, “On iki Həvari Kvorumu”nun üzvü Deyvid Bednarı, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerardı, Stirlinq Fondunun prezidenti Mayls Hanseni və Stirlinq Fondunun baş icraçı direktoru Edvard Rounu qəbul edib.
Teleqraf.com xəbər verir ki, görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə toxunularaq, bu tədbirin beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu. Forumda müxtəlif ölkələrdən çox sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə dünyada göstərilən marağın nümunəsi kimi dəyərləndirildi.
Söhbət zamanı Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfə barədə danışıldı, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin vahid bir ailə kimi dinc və sülh şəraitində yaşadıqları məmnunluqla vurğulandı.