30 Aprel 09:32
8 735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan liderlərinə zəng etdi. Sizcə, telefon zəngi nə ilə bağlı idi, ABŞ yenidən fəallaşır və bu aktivlik nədən irəli gəlir?

- ABŞ dövlət katibi təxminən ilyarımdır davamlı şəkildə Azərbaycan və Ermənistan liderlərinə zəng edir. Bu, onu göstərir ki, ABŞ Güney Qafqazda baş verənlərə biganə deyil və aktiv iştirakçı olduğunu göstərməyə çalışır. Xarici işlər nazirləri ötən il mayda 4, iyulda 3 gün Vaşinqtonda sülh müqaviləsi üzərində işləmişdi. Bu da pozitiv yöndən ABŞ-nin fəaliyyətinə yazıla bilər. Təəssüf ki, bundan sonra – sentyabrdan ABŞ-dən Azərbaycana qarşı ritorikanın sərtləşdiyini gördük. Sentyabr-oktyabr aylarında ABŞ Konqresində keçirilən dinləmələrdə dövlət katibin müavinləri Yuri Kim və Ceyms Obrayn Azərbaycanla bağlı qəbuledilməz bəyanatlar verdi. Xüsusən də Obraynın bəyanatları diplomatik etiketdən kənar idi. Bunlar ABŞ-dən Azərbaycana ciddi təzyiqlərin olduğunu göstərən açıqlamalardı. Əlbəttə, Azərbaycan bu açıqlamaları cavabsız qoymadı, Obrayn da daxil olmaqla bir sıra ABŞ rəsmilərinin ölkəmizə girişlərinə yasaq qoyuldu. Amma noyabrın sonunda Blinken Azərbaycan prezidentinə zəng edərək münasibətlərin yumşaldılması yönündə addım atdığını gördük.

Blinkenin son zənginin üç həftə əvvəlki zəngdən daha fərqli atmosferdə edildiyini düşünürəm. Prezident həmin telefon danışığında ABŞ, Avropa Birliyi və Ermənistan arasında Brüsseldə keçiriləcək görüşlə bağlı Azərbaycanın narahatlığını çatdırmışdı. O zaman Blinken Azərbaycan prezidentini inandırmağa çalışmışdı ki, guya bu görüş sırf Ermənistana iqtisadi dəstəklə bağlıdır. Amma sonradan bunu həqiqəti əks etdirmədiyini gördük. Son telefon danışığına gəlincə, ABŞ və Azərbaycanın açıqlamalarında görüşün pozitiv ruhda keçdiyini müşahidə etdik.

Sülh müqaviləsi və delimitasiya prosesi ilə bağlı qarşılıqlı müsbət mesajlarla yanaşı, prezidentin diqqətçəkən açıqlamalarından biri də, Güney Qafqazda əməkdaşlıq formatı ilə bağlı Azərbaycanın təşəbbüsü ilə əlaqəli oldu. Bu da vacib bir məqamdır. Bəli, ABŞ bir supergüc olaraq bölgədə baş verənlərə biganə qalmır. Həmçinin öz maraqlarını təmin etmək üçün proseslərdən istifadə etmək istəyir. Xüsusən də rəqabətdə olduğu Rusiyanı bölgədə sıxışdırmağa çalışır. Düşünürəm ki, Vaşinqton Azərbaycan-Ermənistan normallaşma prosesinin sürətlənməsində, noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərinə qədər hansısa anlaşmanın əldə edilməsində maraqlıdır. Co Bayden administrasiyası seçkilərə qədər xarici siyasətdə müəyyən uğurlarını seçicilərə təqdim etməlidir ki, hakimiyyətini qoruya bilsin. Bu baxımdan, son telefon danışığını müsbət dəyərləndirirəm. Yayılan məlumatlar da göstərir ki, tərəflər bir çox məsələlərdə mövqelərini yaxınlaşdırıblar.

- Prezident İlham Əliyev Blinkenə onu da bildirdi ki, Qazaxıstanın təklifinə uyğun olaraq xarici işlər nazirləri Almatıda görüşəcək. Qazaxıstan niyə birdən-birə vasitəçi olmaq istədi, bu təşəbbüs özündən gəldi, ya hansısa qüvvələr bunda maraqlıdır?

- Qazaxıstan bu məsələyə biganə olan ölkə deyil. Hələ 1991-ci ildə Qazaxıstanın o vaxtkı prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Boris Yeltsinə müəyyən təşəbbüs göstərmişdi, məsələnin həllinə nail olmağa çalışmışdı. Amma o zaman bu təşəbbüs nəticə verməmişdi.

Düşünürəm ki, Qazaxıstan öz təşəbbüsü ilə prosesə qoşulur və belə bir təkliflə çıxış edir. Çünki Qazaxıstanın hazırkı rəhbəri Kasım-Jomart Tokayev keçmiş diplomatdır. Tokayevin uzunmüddətli diplomatik təcrübəsi var. Digər yandan, Qazaxıstan öz siyasətini şaxələndirir, xüsusən də logistika və nəqliyyat sahələrində şaxələndirməyə gedir. Məhz bu səbəbdən də, Qazaxıstan Güney Qafqazda sülh və sabitlikdə maraqlıdır. Hesab edirəm ki, buna görə belə bir təşəbbüslə çıxış edir.

Bir məqamı da nəzərə almaq lazımdır ki, Qazaxıstan Ermənistanla da bir sıra platformalarda təmsil olunur. Məsələn, KTMT, MDB və Avrasiya İqtisadi Birliyində... Qazaxıstan Azərbaycanla da strateji tərəfdaşdır. Digər formatlarla yanaşı, Türk Dövlətləri Təşkilatında da birgə təmsil olunuruq. Qazaxıstanın təşəbbüsünə müsbət yanaşıram. Əslində, ən uyğun təşəbbüslərdən biri budur. Qazaxıstan bölgədə sülh və sabitlikdə maraqlı olan, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşan ölkədir.

- Ermənistanda sərhədin delimitasiya və demarkasiyasına qarşı etirazlar keçirilir. Bu etirazların arxasında kimlər var, genişlənmə ehtimalı nə qədərdir?

- Bu prosesin genişlənəcəyini düşünmürəm. Çünki etiraz aksiyaları on gündən çoxdur davam edir, amma böyümədiyini görürük. Aksiyalarda iştirak edənlər marginal qruplardır. Ermənistan cəmiyyətindən onlara ciddi dəstək yoxdur. Ermənistan cəmiyyətində susqun olan böyük kəsim proseslərə qarışmır. Yəni bundan sonra bu aksiyaların böyüyəcəyini düşünmürəm. Maraqlıdır ki, prosesdə iştirak edən qüvvələrin əksəriyyəti Rusiyaya bağlıdır. Əslində, onlar delimitasiya və digər məsələlərdən istifadə edərək hakimiyyət uğrunda mübarizə aparırlar, Nikol Paşinyana təzyiq edərək onun dəyişdirilməsinə çalışırlar. Amma buna etiraz aksiyaları ilə nail olacaqlarını düşünmürəm.

Yalnız bir yol qalır: terror və hərbçi çevriliş.

- Bəs bu ehtimal nə qədərdir? Bir qrup hərbçi etirazlara qoşulsa da, sonradan geri çəkildi. Hansısa bir nöqtədə ordu aksiyalara qoşula bilərmi?

- Paşinyan böyük ölçüdə orduya nəzarət edir, amma bunun tam şəkildə olduğunu söyləmək çətindir. Ordu Rusiyaya bağlı keçmiş “Qarabağ klanı” tərəfindən qurulub, bu klan da Rusiyaya bağlıdır. Hazırda ordunun idarə edilməsində onların ciddi təsir imkanları var. İndi onu da nəzərə almaq lazımdır ki, ABŞ-nin Ermənistandakı səfirliyində 1500-dən “diplomatik fəaliyyət” adı altında yerləşən nümayəndəsi var, onların əksəriyyətinin kəşfiyyatçı olduğu şübhə doğurmur. Bundan başqa, ABŞ-nin ötən hərbi təlimlər üçün Ermənistana gətirdiyi hərbçilərinin bir qismi hələ də orada qalır. Həmçinin Fransa hərbçiləri və kəşfiyyatçıları, eləcə də Avropa Birliyinin “mülki missiya”sının Ermənistanda yerləşdirilməsi onu deməyə əsas verir ki, onlar belə halların qarşısının alınmasında Paşinyan hakimiyyətinə yardım edəcəklər. Yəni hərbçi çevriliş ehtimalı da var, amma yüksək deyil.

- Radikal müxalifətin mövqeyi bəllidir: sülh istəmirlər? Bəs son açıqlamları sülhdən yana olduğu təəssüratı yaradan Nikol Paşinyan necə?

- Paşinyan və komandası daha müstəqil qərar verə bilsəydi, proseslər daha sürətlə gedərdi. Amma proseslərə təsir edən kənar qüvvələr də var. Xüsusən də Ermənistanı silahlandıran Fransa və digər dövlətlərin də təsirlərini nəzərə alsaq, birmənalı fikir söyləmək çətindir. Amma ümumi açıqlamalara baxdıqda, Ermənistan hakimiyyəti son zamanlarda daha çox sülh mesajları verdiyini görürük. Atılan addımlar da hələlik müsbət dəyərləndirilməlidir. Əlbəttə, proses bu axarda gedərsə, Paşinyan da konstruktivlik və siyasi iradə nümayiş etdirərsə, o zaman sülhə gedən yol qısala bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər