Türkiyənin İraqla birgə əməliyyatının sərhədi və miqyasını gizli saxlayır, gözlənilən əməliyyat bölgənin gələcəyini dəyişəcək.
Teleqraf.com xəbər verir ki, bunu İraq ordusunun ehtiyatda olan generalı Məcid əl-Qeys deyib.
Əl-Qeys İraq ordusunun bu prosesdə müsbət rol oynayacağını bildirib:
“Sərhəddə qurulan hərbi məntəqələr Türkiyə ilə koordinasiyalı səylərin məhsuludur. Bağdadda iki ölkə arasında kəşfiyyat və hərbi əməkdaşlıq müqavilələri imzalanıb. Terror və qaçaqmalçılığın qarşısını almaq üçün İraq ordusunun 30 ildən sonra sərhəddə qurduğu bazalar ciddiyə alınmalıdır. Bu, Türkiyə və gələcək əməliyyat üçün müsbət mesajdır”.
İraqlı general qlobal aktorların yaratdığı PKK terror təşkilatının sonunun yaxınlaşdığını, terrorçuların yuva saldığı İraqın şimalının strateji nöqtə olduğunu vurğulayıb:
“Hərbi, iqtisadi, siyasi və enerji ehtiyatlarını nəzərə alsaq, bura strateji önəmə malik ərazidir. Bu səbəbdən PKK orada yerləşdirildi. Həmin qüvvələr indiyədək Bağdadı kənarda saxlayırdılar. Nəticədə terrorizm İraqın özü üçün böyük təhlükə yaratdı. İndi rollar dəyişib. Türkiyə həm Körfəz, həm ABŞ, həm də İran üzərində ciddi təsir gücünə malikdir. Tehran və Qərb qanadı buna görə səssizdir. Əlbəttə, Türkiyə ordusu həm Zaxo-Ərbil, həm də Qamışlı-Səməlqa dəhlizlərində hərbi varlığını saxlayan ABŞ, həm də İraqda “Həşd əş-Şaabi” ilə hərbi təsir gücünə malik İrana qarşı lazımi tədbirləri görəcək. Türkiyə ciddi tənlik qurub. Bu prosesin mütləq hərbi nəticələri olacaq”.
Əl-Qeys artıq İraq Sərhəd Mühafizə Alayının Türkiyə ilə anlaşma çərçivəsində sərhəddə yerləşməyə başladığını da qeyd edib.
General İraq və Türkiyə orduları və kəşfiyyat qurumları arasında ciddi məlumat mübadiləsi və koordinasiyanın olduğunu bildirib:
“Münasibətlərin səviyyəsi bəlkə də tarixin ən yaxşı nöqtəsindədir. Sərhədləri və miqyası gizli saxlanılan əməliyyatla bölgənin gələcəyi dəyişəcək”.