1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra II Dünya müharibəsi illərində Cümhuriyyətin qurucusu Məhəmmədəmin Rəsulzadəni görən insanlar onun haqqında xatirələrini mətbuata göndəriblər. Şübhəsiz ki, bu xatirələrin nə qədər doğru, obyektiv olduğunu ölçmək tam imkanımız daxilində deyildir. Amma müharibədə almanlara əsir düşüb, daha sonra Azərbaycana qayıdan bu insanlar bir müddət həbs həyatı yaşayıblar, gördüklərini, bildiklərini uzun müddət heç kimə danışa bilməyiblər. Müstəqilliklə bərabər gələn azadlıq şəraiti onları ahıl çağlarında xatirələrini bölüşməyə vadar edib. Bu insanlardan biri də Əbdülqədir Məmmədrza oğlu Rzayev olub.
O, 1916-cı ildə Göyçay şəhərində doğulub. 1937-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib. 1939-cu ilə kimi Qəbələ rayonunda müəllim işləyib. Almanların SSRİ-yə hücumundan sonra müharibəyə göndərilib. Müharibədə ağır yaralanıb, 1941-ci ilin avqustunda Riqada hospitalda müalicə alarkən almanların əlinə keçib. 1942-ci ilin aprelindən etibarən əsirlikdən azad edilib, Azərbaycan Milli Komitəsində yazıçı-jurnalist kimi təmsil olunub. Berlində çıxan “Azərbaycan” qəzetində “Qara komissar” başlığı altında silsilə yazılar qələmə alıb. Yazıları Rəsulzadənin diqqətini cəlb edib, bu vəsilə ilə Almaniyada olan Məhəmmədəmin bəylə görüşüb. Əbdülqədir bəy ilk görüşü belə xatırlayırdı: “1942-ci il sentyabrın ilk günlərində axşamdan xeyli keçmiş məni telefona çağırdılar. Zəng edən bildirdi ki, mənimlə görüşmək istəyir və səhər saat 9-da “Edem” mehmanxanasının qəhvəxanasında məni gözləyəcək. Səhər oraya getdim. İçəri daxil olub ətrafa nəzər salarkən orta boylu, dodaqlarında təbəssüm olan bir kişi mənə yaxınlaşaraq “Siz Əbdülqədirsiniz, elə deyilmi?” deyə müraciət etdi. O, mənə əyləşmək üçün yer göstərdi və özünü təqdim etdi: Məhəmmədəmin Rəsulzadə. Mən qulaqlarıma inanmadım, özümdən asılı olmayaraq ayağa qalxdım. O, mənimlə bir daha görüşərək mehribanlıqla söhbətə başladı. Bundan sonra Rəsulzadə ilə 1946-cı ilə kimi müntəzəm görüşür, müxtəlif məsələlərin həllində birgə çalışırdıq”.
19 fevral 1943-cü ildə o, həkim Alazan Baycanla Ənvər Atabəyovun zəmanəti ilə Müsavat firqəsinə də üzv olub.
II Dünya savaşı bitdikdən sonra bəzi müharibə əsirləri kimi o da Vətənə qayıdıb. Əsir düşmək sovet qanunlarında cinayət olduğu üçün 1946-1955-ci illərdə məhbəs həyatı yaşayıb. 1976-cı ilə kimi müxtəlif nəzarət altında saxlanılıb. Xatirələrini yazdığı 1996-cı ildə Qəbələnin Soltan-Nuxa kəndində yaşayıb. Ona müəllimliklə məşğul olmağı qadağan ediblər. Azərbaycan Cümhuriyyəti nazirlərindən Əbdüləli bəyin oğlu Fuad Əmircanın tövsiyəsi ilə “282 nömrəli insan” adlı əsər də yazıb.
Əbdülqədir Rzayev 1996-cı ildə “Yeni Müsavat” qəzetində Rəsulzadə haqqında “Bir ovuc Vətən torpağı” adlı xatirə də qələmə alıb. Həmin xatirədən mühüm hissəni təqdim edirik:
“Əlimə qələm götürüb fikrə getdim. Ağır ruhi və mənəvi əzablarla dolu keçmişim bir qüvvə kimi məni bağrına basdı. O vaxtlardan neçə-neçə sənələr keçsə də, ürəyimi yerindən qoparmağa qadir bir qorxu mənə “sus” deyə əmr etdi. Öz-özümdən soruşdum: “Bədbəxt insan, hansı inam sənə təminat verir, məgər qorxmursan?” Əlbəttə, qorxuram. Axı işgəncə və amansızlığın hüdudsuzluğunu, insanın insana nələr etməyə qadir olduğunu bilirəm. Özümü mühakimələrdən azad edə bilməsəm də, qəti qərara gəldim: Susmamalıyam! Beləliklə, sönüb külə dönməmiş xatirələrimi kağıza köçürdüm. Soruşa bilərsiniz, M.Rəsulzadə haqqında yadımda nə qalıb.
M. Rəsulzadənin mənəvi varlığı onun xarici görünüşündə nəzərə çarpırdı. O, həmişə sadə və təmiz geyinirdi; məclisdə, yığıncaqlarda, adi görüşlərdə uzun-uzadı danışmazdı, heç vaxt hövsələdən çıxmazdı. Əsəbi anlarda deyirdi:
“Hörmətli cənablar, bir-birimizin üzərində hakimiyyəti ələ almağa qüvvə sərf etməyək. Əgər belə istəyiniz varsa, onda yanılırsınız, heç bir amansız qüvvə məni hövsələdən çıxara bilməz”. O, öz müsahibini səbirlə sona kimi dinləyirdi, özünün haqlı olduğunu zorla sübut etməyə çalışmazdı. Müsahiblərini dinləyəndən sonra onları diqqətdən keçirib öz mövqeyini qətiyyətlə müdafiə edirdi.
M. Rəsulzadə məcburiyyətdən şikayətlənib sızıldamazdı. O, Azərbaycanda istiqlalın qələbə çalacağına, millətin azadlığa çıxacağına tam inanan və o günü səbirlə gözləyən bir şəxsiyyət idi. Mühacirətdə insanın təsəvvür edə bilmədiyi tənhalıq, təqiblər, təhqirlər, uzun sürən ehtiyac və mənəvi əzablar onu əsla istiqlal uğrunda apardığı mübarizədən dayandıra və ruhdan sala bilməmişdi. O, nadir fitri qabiliyyətə malikdi. Ancaq Vətən, azadlıq, müstəqil Azərbaycan haqqında düşünürdü. Bir dəfə Vətəndən söhbət gedəndə M. Rəsulzadə dedi: “Mən Yer kürəsinin harasında yaşasam, harasında dəfn edilsəm də, Vətənimdə olacağam. İnanmırsınız, baxın” – deyib pencəyinin qoltuq cibində gəzdirdiyi kiçik bir ağ torbacıq göstərdi. Bu torpacıqda bir ovuc Vətən-Azərbaycan torpağı vardı.
O, kədərli anlarında (belə hallar az olurdu) tez-tez anasını xatırlayırdı. Belə söhbətlərin birində mən onun gözlərindən yaş damlalarının solğun yanaqlarına necə yuvarlandığını gördüm.
Qürbətdə ağrılı-acılı həyat keçirən soydaşlarımıza ürək-dirək verirdi: “Mənim mühacir həmvətənlərim, mən sizinlə yurdumuza-ana qucağına məzlum, hüquqsuz kölə kimi qayıtmaq niyyətində deyiləm. Vətənə qaliblər kimi, onun əsl övladları, sahibləri kimi qayıtmalıyıq. Əzizlərim, bizlərin mühacirəti heç də Vətəndən üz döndərmək deyil. Vətənimizdə cəhənnəm alovu yanır, onu alovlandıran amansız qüvvələr önündə diz çökmək kimi şərəfsizliyin qurbanı olmamaq naminə qürbətə ayaq basmışıq. Qürbətin nə olduğunu vətəni fırtınalardan azad etmək yolunda ölümə hazır olanlar yaxşı başa düşürlər. Vətənin istiqlalı naminə ölməyə hazır deyilsinizsə, Vətən adını çəkməyə vicdanınız izn verirmi? Vətən onun yolunda şəhid olmağa qadir olanların qismətidir. Siz buna inanırsınızsa, nəyə görə hərbçi olmağa qorxursunuz?”. Belə söhbətlərdən sonra hər dəfə soydaşlarımızdan tərəddüd edənlər milli orduya yazılırdılar.
M.Rəsulzadə unudulmuş yaxşı nə vardısa, ona acıyır, onu təzələməyə, yaşatmağa səy göstərirdi.
Yadımdadır, 1943-cü il fevralın ilk günləri idi. Milli Komitədə mətbuat işçiləri toplaşmışdı. M. Rəsulzadə qəzetin səhifələrinə əl gəzdirərək Məcid Qarsalanlıya (“Azərbaycan” qəzetinin redaktoru) dedi: “Bizim ana dilimiz bu gün rəsmi dövlət dilidir. Söz yox ki, dilimizin zənginliyindən bəzi bixəbər ziyalılarımız dilimizin yoxsulluğundan şikayətlənib, onu başqa, yad bir “milli” dilin pəncəsində görmək istəyirlər. Belə ziyalılarla əsla razılaşmaq olmaz. Düzdür, əsrlər boyu dilimizin tərkibində saysız-hesabsız ərəb, fars, rus və qardaş Anadolu türklərinin sözləri işlədilibsə də, onları heç vaxt milli söz və termin hesab etmək olmaz. Ərəb, fars, rus mənşəli terminlər beynəlxalq terminlərdən daha mürəkkəb və qəlizdir. Söz yox ki, bu silsiləyə Anadolu türklərinin sözlərini daxil etmək olmaz. O, milli varlığımızı, türk dünyasında haqlı yerimizi sübut edən bir ortaq dil parçasıdır...”.
P.S. Əbdülqədir Rzayevin sonrakı taleyi və yazdığı əsər haqqında ailə üzvlərinin bizə məlumat vermələrini xahiş edirik.