30 Aprel 13:57
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında əldə edilən son razılaşma və sərhədlərin müəyyənləşməsi Rusiyanın maraqlarına ziddir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Bakı ilə İrəvan arasındakı son anlaşmalara Moskvanın münasibətinə diqqət çəkib:

“Rusiya mediası, o cümlədən Kremlin nəzarətindəki saytlar və agentliklər Ermənistanın radikal müxalifətinə gen-bol informasiya dəstəyi verir. Bu media radikalların Baş nazir Nikol Paşinyanı devirmək çağırışları və sərhəddəki insidentləri geniş şəkildə işıqlandırır, müxalifət nümayəndələrinin açıqlama və bəyanatlarını yayırlar. Bunu belə başa düşmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında əldə edilən son razılaşma və sərhədlərin müəyyənləşməsi Kremlin maraqlarına ziddir. Çünki Bakı ilə İrəvan arasında razılaşmalar Rusiyanın nəzarətindən kənarda - birbaşa danışıqlarda əldə edilir.

Kremlin narahatlığının səbəbi bəllidir. İki ölkə arasında sərhədlər müəyyənləşdikcə, Azərbaycan və Ermənistan sülh və ya çərçivə sazişinin imzalanmasına yaxınlaşır. Bu isə gələcəkdə Ermənistanda Rusiya hərbçilərinin varlığını sual altına qoyacaq.

Paşinyan rusiyalı hərbçiləri hələlik “Zvartnots” hava limanından çıxarmaq istəyir, ancaq Türkiyə ilə razılaşma əldə edilərsə, bu ölkə ilə sərhəddə də rusiyalı hərbçilərə ehtiyac qalmayacaq. Kreml bu gedişata mane olmaq istəyir”.


Müəllif: Mənsur Rəğbətoğlu