Nizami Kino Mərkəzində 2014-cü il ərzində kinematoqrafiya sahəsində görülmüş işlər və qarşıda duran məsələlərlə bağlı mətbuat konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, “Salnamə” studiyasının direktoru Nazim Hüseynov, “Azanfilm”in direktoru Fariz Əhmədov, “Yaddaş” studiyasının direktoru Cavid İmamverdiyev iştirak ediblər.
Konfransda studiyaların cari ildə istehsalını başa çatdırdığı, hazırda çəkilişləri davam etdirilən və gələn il istehsal olunacaq filmlər, yeni müsabiqələr və beynəlxalq təlim layihələri, filmlərimizin beynəlxalq kinofestivallarda iştirakı barədə məlumat verilib. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov bildirib ki, 2014-cü il Azərbaycan kinosu üçün əhəmiyyətli il olub. O qeyd edib ki, filmlərimiz beynəlxalq festivallarda Azərbaycanı uğurla təmsil edib. Eləcə də kommersiya sektorunda canlanma müşahidə olunub.
Kinostudiyanın rəhbəri M.Hətəmovun sözlərinə görə, “Azərbaycanfilm”in 91 illik fəaliyyəti dövründə ilk dəfə olaraq istehsal etdiyi filmlər 52-dən çox beynəlxalq film festivallarında iştirak edib, müxtəlif nominasiyalar üzrə mükafatlar qazanıb.
O qeyd edib ki, bu il “Qisas almadan ölmə. Keçmişdən məktublar”, “Nabat”, “Axınla aşağı”, “Axırıncı dayanacaq” filmləri təqdim olunub, “Əsgərin şücaəti”, “Dəyərli adlar”, “İçəri Şəhər”, “Xeyirlə Şərin rəqsi”, “Qara bağ” filmləri isə istehsalata buraxılıb.
“Kino haqqında” qanun layihəsinin hazırlanıb, Milli Məclisə təqdim olunduğunu, kinostudiyanın konseptual layihəsinin başa çatdığını xatırladan direktor 2015-ci ildə də yaradıcı fəaliyyəti uğurla davam etdirəcəkləri bildirib: “Bizim əsas problemlərimizdən biri də piar məsələsidir. Artıq biz öz tamaşaçımızı kinomuza, kinoteatra qaytarmalıyıq. Bunu həm art-hous, həm də kommersiya filmləri çəkməklə etməliyik. Amma onu da bilməliyik ki, tamaşaçını kinoteatra qaytarmaq üçün uzun proses keçməliyik. Çünki vaxtilə tamaşaçı çox aldanıb. Ona görə biz öz tamaşaçımızı müəyyənləşdirib, ona uyğun filmlər çəkməliyik”.
“Azanfilm” in direktoru Fariz Əhmədov isə bildirib ki, studiya bu il üç animasiya filmini: “Gəlin birlikdə öyrənək”, “Köhnə saat”, “Ən güclü kimdir?” filmlərini təhvil verib. Bununla yanaşı dörd sənədli film də istehsal edib.
“Salnamə” studiyası isə “Cırtdan və sehirli xalat” animasiya filmi ilə yanaşı bir neçə sənədli film istehsal edib. “Yaddaş” studiyası bu il milli qəhrəmanlara həsr olunan 15 sənədli film çəkib.
Nərmin