20 Dekabr 2014 16:58
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir çox şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, "xalq artisti"fəxri adına Rafiq Hüseynov (Rəmiş), Könül Xasıyeva, Gülyanaq, Gülyaz Məmmədova bacıları, Ənvər Sadıqov layiq görülüb. Bundan başqa, 10 incəsənət xadiminə "əməkdar artist", üç nəfərə "əməkdar incəsənət xadimi", yeddi nəfərə "əməkdar incəsənət işçisi", Ramiz Əzizbəylinin də daxil olduğu üç nəfərə isə Prezidentin fərdi təqaüdü verilib. Ad alan bəzi sənətçilər təəssüratlarını Teleqraf.com-la bölüşüb.

"Xəbəri gözləyirdik"

Xalq artisti adına layiq görülən Rafiq Hüseynov (Rəmiş): "Allah Prezidentimizə ömür versin. Xəbəri eşidib çox sevindik. Zəng edib təbrik etdilər, əvvəl xəbərə inanmaqda bir az tərəddüd etdim. Çünki bir ay bundan öncə zəng edib demişdilər ki, mənə xalq artisti adını veriblər. Amma o, səhv məlumat idi. Bu dəfə telefonu Gülü (həyat yoldaşı - red.) götürdü, danışandan sonra gördüm ki, kövrəlib, soruşdum və mənə fəxri ad verildiyini bildirdi. Sonra sayta baxdım, adımı siyahıda birinci gördüm, inandım".

Rəmişin həyat yoldaşı Gülünün sözlərinə görə, hər ikisi bu xəbəri neçə illərdir ki, gözləyirmiş: "Öncə Xəzər TV-də Zaur Kamal, daha sonra Mətanət xanım ATV-dəki verilişində bu xəbəri diqqətə çatdıraraq efir vasitəsilə Rəmişə təbrik göndəriblər. Əlbəttə, neçə illərdir ki, bu xəbəri gözləyirdik. Allah Prezidentimizə, ailəsinə can sağlığı versin. Onlar hər zaman Rəmişə yüksək dəyər veriblər".

"Çalışacam ki, həmişə təriflənən Gülyaz olum"

"Bizə bu xoşbəxtliyi bəxş edən, dəyər verən dövlətimizin başçısı cənab Prezident İlham Əliyeva, ailəsinə, xanımına can sağlığı arzulayırıq. Bu adı almaqla məsuliyyətimiz bir daha artdı". Bunu qəzetimizə açıqlamasında Gülyaz Məmmədova deyib. Onun sözlərinə görə, xəbəri ilk dəfə Şəkidə eşidib: "Yadımdadır ki, "əməkdar artist" adını alanda evdə divanda yatmışdım. Ustadım Nəriman Əliyevin xanımı məni yuxadan oyatdı ki, Gülyaz, dur, televizoru aç, sənə fəxri ad veriblər. O vaxt çox təəccüblənmişdim. O sevinci mən ikinci dəfə yaşadım. Bu il isə yeni il çəkilişləri ilə əlaqədar Şəkidə idik. Çəkilişlə əlaqədar olaraq telefonları kənarda saxlamışdıq. Xəbəri Şəkidə ilk dəfə səhnəyə qədəm basdığımız mədəniyyət evində eşitdik. Xəbər yayılandan telefonumuza gələn zənglərin sayı-hesabı yoxdur. Bizi təbrik edən, sevincimizi bölüşən hər kəsə təşəkkür edirik. Bu adı almaq böyük məsuliyyətdir. Amma sizə bir şey deyim, mən necəyəmsə, hər zaman da elə olmağı özümə tövsiyə edirəm. Dəyişmək istəmirəm. Əksinə, yaxşılığa can atıram, o mənada ki, məsuliyyətim artır. Sabah bir söz danışanda deyəcəklər ki, xalq artistinə baxın. Demirəm ki, indiyə kimi səhvlər etməmişəm, xeyr. Yenə də çalışacam ki, həmişə təriflənən Gülyaz olum. Bir müəllimim deyir ki, siz kübar ailədə doğulmuş qıza bənzəyirsiniz. Bu sözün mənə deyilməsi böyük xoşbəxtlikdir. Hər bir insanın hərəkətləri, özünü idarə etməyi canında, qanında olmalıdır".

"İlk təbriki həyat yoldaşımdan aldım"

Gülyanaq Məmmədova deyir ki, xəbəri və ilk təbriki həyat yoldaşından eşidib: "Düzünü desəm, gözləmirdik. Xəbərsiz olduğumuza görə çox təəccüblənmişdik. Bu xəbəri çəkilişdə, ilk səhnəyə çıxdığımız an eşitdiyimizə görə həm kövrəldik, həm də sevindik. Onsuz da illər sonra o səhnəni təkrar görəndə bacımla çox duyğulanmışdıq. Xəbər də gəlincə, dedik "İlahi, bu nə möcüzədir". Həmin səhnədə ilk dəfə çıxış edəndə mənim 7, Gülyazın 11 yaşı var idi. Oradan başlanan yol bizi böyük səhnələrə gətirib çıxardı. Bu şad xəbərə görə sənət yoldaşlarımdan, millət vəkillərindən, elm xadimlərindən, Londonda və Almaniyada yaşayan həmyerlilərimizdən çox zənglər gəldi. Hamı bizim qədər bu adı gözləyirmiş. "Xalq artisti"adını almaq bizim üzərimizə çox böyük məsuliyyət qoyur. Gələcəkdə bu adı, etimadı doğrultmaq üçün daha çox çalışmaq lazımdır. Bütün ailəmiz adından hörmətli Prezidentimizə təşəkkür edirəm".

"Qürur duyuram"

Əməkdar artist adına layiq görülən Murad Dadaşov belə deyib: "İmzalanan sərəncama görə ölkəmizin başçısı, möhtərəm, Cənab Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Bu fəxri ada məni layiq gördüyünə görə əziz Prezidentimizə çox minnətdaram. Azərbaycanımızın əməkdar artistləri sırasında olmağımla qürur duyuram".

"Mənə ikiqat sevinc bəxş etdi"

Ramiz Əzizbəyli isə təəssüratlarını belə bölüşüb: "Bilirsiniz ki, səhhətim ürəkaçan deyil. Həkimlərin nəzarətindəyəm, müalicə alıram. Ona görə sənətimdən, kinodan uzaq düşmüşəm. Amma hər zaman cənab Prezidentimizin qayğısını hiss etmişəm. O, mənə çox kömək olub, hər zaman qayğı göstərib. İndi də bu təqaüdə layiq görməsi ilə mənə ikiqat sevinc bəxş etdi. Ona çox minnətdaram. Fəxri ad alan bütün sənət dostlarımı təbrik edirəm”.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər