26 Yanvar 2023 09:05
1 956
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu məsələlər kollektiv çərçivəsində baş verib. Bu barədə ətraflı məlumata sahib deyiləm. Həmin səbəbdən heç bir münasibət göstərə bilmirəm. Onlar başqa qurumdur, biz başqa qurumuq”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri (AKİ), Xalq artisti Rasim Balayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında (ARKİ) baş verən prosesləri şərh edərkən deyib.

Xatırladaq ki, ARKİ-də iddia edilən sədr seçkisinə etiraz fonunda yenidən ittifaqların birləşməsi məsələsi gündəmə gəlib.

Rasim Balayev bildirib ki, bu məsələdə mövqeyi olduğu kimi qalır: “Hər sənət sahəsinin bir təşkilatı fəaliyyət göstərir - Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı və digərləri. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqını vaxtilə yaradanlar artıq səhnədə deyillər. Təbii ki, bir ittifaq olmalıdır. Bunu da səlahiyyətli adamlar həll etməlidirlər. Bu, hansı formada baş tutacaq, yenidən seçki keçiriləcəkmi? Bu sualların cavabını mən bilmirəm. Mən onu bilirəm ki, ölkədə bir kinematoqrafçılar ittifaqı olmalıdır. Balaca bir ölkədə iki ittifaqın olması ağlasığmaz məsələdir".

Qeyd edək ki, ötən ilin dekabrında ARKİ-də nizamnaməyə uyğun olaraq növbəti ümumi yığıncaq keçirildiyi barədə qurumdan mediaya məlumat daxil olmuşdu. Bildirilirdi ki, Şəfiqə Məmmədova iclas iştirakçılarının yekdil razılığına əsasən yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri seçilib, İttifaqın idarə heyətinin yenilənmiş tərkibi yığıncaq iştirakçıları tərəfindən təsdiq olunub. Sonra idarə heyəti üzvləri arasından 9 nəfərdən ibarət katiblik seçilib.

Bu həm kino ictimaiyyətinin, həm də ittifaqın üzvləri arasında ciddi narazılığa səbəb oldu. Üzvlər kiçik tərkiblə keçirilən iclası qanunu hesab etmədilər.

İclasda iştirak edən Əməkdar incəsənət xadimləri Cəmil Quliyev və Ayaz Salayev saytımıza müsahibəsində ARKİ-nin sədr seçkisinin keçirilmədiyini, həmin görüşün dəstək iclası olduğunu vurğulamışdılar.


Müəllif: Nərmin Muradova