2 Fevral 2023 09:23
2 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com xalq yazıçısı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimovla söhbəti təqdim edir.

Onunla Əzizə Cəfərzadənin əşyaları, kitabları, əlyazmaları, foto və rəsmləri yığılmış, bir sözlə faktiki ev muzeyinə çevrilmiş bir ünvanda söhbətləşdik. Bura əslində Əzizə Cəfərzadənin vaxtilə yaşadığı ev deyil. Turan İbrahimov öz evinin bir otağını Əzizə Cəfərzadə irsi üçün ayırıb...

Pilləkanla ikinci mərtəbəyə qalxanda müsahibimiz divardakı rəsmləri göstərib, Əzizə xanımın onları müxtəlif ölkələrdən gətirdiyini deyir. Sonra qarşımıza çərçivəyə salınıb divara vurulan əl işləri çıxır.

- Deyirlər, Əzizə xanımın yaxşı əl işləri olub.

- Bu tikmələr ananın öz əl işləridir. Ana deyirdi ki, əsərdə ilişdiyim zaman gərək qarşımda çoxlu rəngli saplar olsun. O saplarla nəsə tikəndə sanki əsərdəki düyünlər də açılır.

Turan bəy hər detala xüsusi önəm verib. Yelpazələrin diqqətimizi çəkdiyini görüb sözə başlayır.

- Bu yelpazələri ana düzəldib dostlarına hədiyyə verirdi. Bizə yalnız üçü qalıb.

Divardakı bu alət Balakən rayonunun Gülüzən kəndində yaşayan Aşıq Sənəmin alətidir. Bir gün anam Aşıqlar Qurultayında əlində tanbur olan qadının şəklini görüb və “Qobustan” jurnalında onun haqqında material yazıb, qadının kimliyi ilə maraqlanıb. Yazını oxuyan bir nəfər məlumat verib ki, bu qadın Aşıq Sənəmdir. Belə bir bayatı da yazmışdı:

Eləmi Gülüzənə,

Gün düşüb Gülüzənə.

Sənəmi görmək istəsən,

Gəlginən Gülüzənə.

Anam çəkiliş heyəti ilə birlikdə Balakənə gedir. Ora çatanda məlum olur ki, Sənəm meşəyə odun yığmağa gedib. Kənd adamları onu axtarmağa kömək edirlər. Bir də görürlər ki, Sənəm arabanın üstündə gəlir. Kinooperator çəkmək istəyir. Amma üzünü bağlayıb qoymur. Deyir ki, qoy əl-üzümü yuyum, dingəmi düzəldim, sonra çəkin. Dediyinə görə, o vaxt Aşıq Sənəmin 104 yaşı olub. Oturub Əzizə ana ilə söhbət ediblər.

Ana onun 216 bayatısını “Aşıq və şair qadınlar” kitabına daxil etmişdi. Düzdür, bu kitab 2005-ci ildə yenidən çap olundu, amma nədənsə ora dörd bayatısını salıblar. Görünür, bu kitabı yenidən çap etdirməli olacağam.

Aşıq Sənəmin tanburunun altında məzun vinetkası asılıb.

- Turan bəy, Əzizə xanım universitetdən neçə dəfə qovulub? Bununla bağlı müxtəlif versiyalar var. Sizinlə dəqiqləşdirmək istəyərdik.

- Əzizə ana Bakı Dövlət Universitetinin filologiya fakültəsində altı, ya yeddi ay oxuyub. Üç dəfə qovulub. Birinci dəfə 1945-ci ildə ananın əlində ərəb əlifbası ilə yazılmış türk şairi Tofiq Fikrətin kitabını görüb qovublar. Mirzə İbrahimov təhsil naziri imiş, o, Əzizə ananı universitetə bərpa etdirib.

Növbəti dəfə professorun biri ananın başını sığallamaq istəyib, ona sarı dönərək “Mən bura başımı sığallatdırmağa gəlməmişəm” deyib, mürəkkəb qabını onun üzərinə atıb.

Universitetə yenidən bərpa prosesində Məhəmməd Hadinin bacısı oğlu dekan müavini imiş, anaya deyib ki, iki pedaqoji texnikum və teatr texnikomunu bitirmisiniz, 4 il müəllim işləmisiniz, yazıçısınız, tanınırsınız, ekstern yolu ilə oxumaq şansını dəyərləndirin. Yəni ancaq imtahan verib, məzun olun. Ana 57 imtahanı dörd-beş ayın içində verib və o biri ilin buraxılışı ilə - Bəxtiyar Vahabzadəylə bir ildə universiteti bitirib.

Həmin qrupda yazıçı Fəridə Əliyarbəyli, Rəhim Nağıyev, Püstəxanım Paşayeva, Gülhüseyn Hüseynov da təhsil alıb. Təsəvvür edin, bir qrupdan iki Xalq şairi, bir Xalq yazıçısı çıxıb.

- Deyirlər, Əzizə xanım əski əlifba ilə olan kitabları qorumaq adına torpağa basdırırmış.

- O və qardaşları belə edirlərmiş. Həmin dövrdə evlərə girib kitabları yoxlayırdılar. Qarşılarına ərəb əlifbası ilə Füzulinin, Sabirinin kitabı çıxırdı, "Bu “Quran"dır” deyib yandırırdılar. Onlarla-yüzlərlə belə kitablar yandı, kül oldu.

- Əzizə xanımın ilk kitabı da yandırılıb. O, sonra çap olunubmu?

- İlk kitab satışa çıxmadan 1948-ci ildə yandırılıb. Onun içərisində hansı əsərlərin olduğunu bilmirdim. Ananın cildlərini çap etməmişdən bir az əvvəl kəndə getmişdim. Orda dayımoğlu Aydın Cəfərzadə mənə bir qovluq göstərdi. İçini açdım, məlum oldu ki, ananın ilk dövrlərinin əsərləridir.

Orda ilk çap olunan hekayəsi “Əzrayıl”in qaralama əlyazması da var idi. 2021-22-ci ildə çap etdirdiyim “Seçilmiş əsərləri”nə bu və digər əsərlərini salmışam. Mənim anlayışımda o qovluqdakı əsərlər yandırılmış kitaba daxil olan əsərlərdir. Əslində yandırılmalı bir şey yox idi. Amma o dövrdə Anna Axmatovaya olan hücumlar bura da təsir etməliydi. Ananın da yazdıqlarını burjua lirikasını – salon lirikasını tərənnüm etməklə ittiham etdilər.

Mən ananın 100 illiyində 12 cildlik çap etdirdim. O zaman çap olunmamış “Qobustan çökəkliklərində” adlı bir romanı, səkkiz povesti, 40 hekayəsi ilk dəfə çap edildi.

- Turan bəy, bu muzeyi nə zaman tərtib etmisiniz? Əzizə xanım da bu evdə yaşayıb?

- Tərtib elə o vaxtkı tərtibdir, ananın öz otağı belə idi. Sadəcə bəzi əlavələr olunub. Amma ana bu evdə yaşamayıb. Biz bura 2011-ci ildə köçəndə ananın otağı o biri evdə qalmışdı. Ta 2013-cü ilə qədər otağı saxladıq. Akademiyadan dostlarım və professor Vaqif Sultanlı dedi ki, o otağı bura köçür, köhnə evin girişi və darısqallığı muzey yaratmağa imkan verməz.

Turan bəy bizi muzeydəki kitablarla tanış edir. “Eşq sultanı” kitabını göstərərək deyir:

- Ananın son yazdığı kitabdır. Ömrünün son illərində daha makinada yaza bilmirdi. Biz makinaçı tutduq, amma ana deyirdi ki, o yazanda mənim ilhamım gəlmir. Ona görə diktafona nəql edirdi. Biz vərəqə köçürürdük.

Bu romanı vəfatından sonra yığdırıb bir neçə nəfərə göstərdim, mətndə qırıqlıqların olduğunu dedilər. Səs yazısı olduğu üçün montaja ehtiyacı var idi. Alyaskada işləyən dövrdə mətnə düzəlişlər edib, redaktə etdim və 2006-ci ildə ayrıca kitab kimi çap etdirdim. Cildliklərə də o romanı daxil etmişəm.

“Vətənə qayıt” romanı senzuradan keçə bilməmişdi. Həmin əsərdə Salyanda hərbi ordugah tikdirən general Zimbulatovun Salyan xanı Həsən xanın həyat yoldaşı Qəbulə xanım tərəfindən öldürülməsi qeyd edilmişdi. Ana həmin informasiyanı Sankt-Peterburqda olanda hərbi arxivdən əldə etmişdi.

I Pyotr general Matyuşkinə yazır ki, o qadından özünüzü qoruyun. O da fikirləşir ki, görəsən bu xanım onlara nə edəcək? Qəbulə xanım onlarla çox çarpışır, sonda 22 zabiti evə dəvət edir və yerindəcə öldürtdürür, yalnız biri yaralı halda qaça bilir.

1723-cü ildə Pyotrın vəfatı ərəfəsində ruslar burdan gedir. Əsər senzuradan keçmədi, dedilər ki, rusu heç vaxt öldürmək olmaz. Bu bölməni sovet dövründə çap etmədilər. “Seçilmiş əsərləri”nin 2-ci cildində əsəri çap edəndə bu bölməni əlavə etmişəm.

- Əzizə xanımın sağlığında neçə kitabı çap olunub?

- İndi çap olunan kitablar onun sağlığında çap olunan kitablarından daha çoxdur. Ananın 40-a yaxın kitabı var idi, biz artıq o sayı keçmişik.

- Muzeyi rəsmiləşdirmək fikriniz var?

- Bəlkə nə vaxtsa rəsmiləşdirdim. Ana deyirdi ki, mən öz sağlığımda nəyi məsləhət bilmişəmsə onu da Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə vermişəm. Qalanlarını da mənə əmanət etdi. Deyirdi, mən inanıram ki, sən onlardan çox iş görəcəksən.

- Bura nələri yığmısınız?

- Öz vəfatı günündə otağında nə vardısa onlar hamısı buradadır. Əlavə olunan bircə büstüdür. Büst Kembriçdə bibisi nəvəsinin evindəydi. Onu Kəmalə Cəfərzadənin yoldaşı Mübariz Əmiraslanov hazırlamışdı. Mən ordan gətirdim, surətini çıxarıb yenidən geri qaytardım.

- Yuxarıda kimlərin şəkilləridir?

-Nənəsi Seyid Rübabə və onun qardaşı, sonra ananın atası Məhəmməd, anası Böyükxanım, özü, böyük qardaşı Məmməd, kiçik qardaşı Əhməd, qardaşının qızı Kəmalə.

Əhməd xalq düşməni olub. Stalinə qarşı şeirlər yazdığına görə 1953-cü ildə saxlanılıb və “xalq düşməni” kimi həbs edilib, Sibirə göndərilib. Mən Əhməd dayının bir çox şeirlərini də çap etmişəm. Baxın, bu dəftərlər Əhməd dayı azadlığa çıxandan sonra da KQB-də 40 ilə yaxın yatıb.

- Ümumən Cəfərzadələr neçə uşaq olublar?

- Yeddi uşaq olublar, amma üçü sağ qalıb - iki qardaş, bir bacı. Əzizə ana (1921) ən böyüyüdür. Ardınca Məmməd (1926), sonra Əhməd (1929) doğulub. Hamısı da yazıb, elmi dərəcələri olub. Məmməd dilçi idi, onun da şeirləri, kitabları, folklordan topluları və məqalələri var. Bunları da 2020-ci ildə çap etdirmişəm.

1996-cı ildə üçü də sağ olarkən onlardan xahiş etdim ki, “sandıq ədəbiyyatı” üçün bir əsər yazın. Hərəsi 25 səhifə material göndərdi. Beləcə “Cəfərzadələr” adlı bir kitabın əsası yarandı. Bu kitabın müəllif siyahısında üçünün də adı var. O kitaba mən və Kəmalə Cəfərzadə ön və son söz yazmışdıq. Onları oxuyan Əzizə ana deyirdi ki, mən öz rekviyemimi sağlığımda oxudum. Fəxr edirdi ki, iki qardaş bir bacının birlikdə bir kitabı oldu. Bu kitabda Əhmədin gənclik vaxtlarında yazdığı “Adsız”ı, Məmmədin də maraqlı və Sabiranə satirik şeirləri var.

1998-ci ildə Kembricdə olanda yüz gün Əzizə anadan aralı qalmışdım. Ona məktub yazdım. O məktubu ömrünün sonuna kimi siyirməsində saxlayırdı. Deyirdi ki, hər dəfə o məktubunu oxuyanda böyük enerji alıram. Çünki orda oğlumun mənim haqqımda fikirləri var. Mən həmin məktubda yazmışdım ki, sən bir Füzuli, bir də “Nənəm, anam və mən” haqqında yazmamısan. Hər ikisini yazdı. Əsərin ilk variantı “Nənəm, anam və mən”lə başlayırdı. Sonra çevirib “Rübabə Sultanım” edib. Nənəsindən başqa ulu nənəsindən də yazıb. Bu romanı “Cəfərzadələr” kitabına daxil edib, Əzizə ananın 80 illiyinə sürpriz etmişdim.

Ana 21 ölkəyə səfər edib. Onların 15-də səfərnamə yazıb. Bu yazılardan kiçik bir hissəsi çap olunmuşdu. Onlardan da biri “Qızıl sahilə səyahət” kitabıdır. Xruşşov o vaxt Qananın prezidentinə təyyarə bağışlamışdı. Ata – Məmməd İbrahimov da uzun müddət prezidentin şef pilotu olub. Ona görə ana da bir müddət Qanada yaşadı.

Qəribə hadisə danışım. 2006-cı ildə İngiltərədə işlədiyim dövrdə bir nəfərlə tanış oldum. Söhbət əsnasında soruşdum ki, haradansan, dedi Qanadan. Dedim Qananı yaxşı tanıyıram, Atam Kvame Nkrumanın şef pilotu olub, hətta atamın onun gəmisində çəkilmiş şəkilləri var. Heyrətləndi və dedi ki, o şəkilləri mütləq görmək istəyirəm, çünki mən həmin gəmidə işləmişəm. Uzun sözün qısası, məndən əl çəkmədi, axırı şəkilləri qızım internetlə mənə göndərdi və ona göstərdim, baxan kimi əlini bir nəfərin üzərinə qoyub dedi: “Bu mənəm”. Həyatın qəribəliyinə baxın, hardan hara...

- İndi nəyin üzərində işləyirsiniz?

- “Aləmdə səsim var”a bəzi düzəlişlər edib, çap etdirəcəm. Əzizə ananın radio-televiziya pyesləri və “Natəvan” haqqında kinossenarini bir kitabda nəşr etdirmək istəyirəm. Həmçinin Əhməd dayının folklor nümunələri bir yerə cəm edib, çapa verəcəyik. Bu folklor materiallarının çapa hazırlanmasında folklorçu Tacir Səmimi və Əhməd dayının nəvəsi Aygül Cəfərzadə də iştirak edir.

- Turan bəy, Şamaxıya bağlılığınız haqda danışaq.

- Nənəm Sarıtorpaqlıdır, bir tərəfi Garısdandır. Ananın atası Məhəmməd şamaxılıdır, amma görünür ki, Mustafa xanın yanında çalışan sərkərdələrindən olan udululardandır. Udulu qəbilədir, bir qismi İranda, bir qismi Biləsuvarda, bir qismi Dəvəçidə məskunlaşıb.

Uduluda olan nəsil bizim babamızın nəslidir. Tağı adlı birisi Mustafa xanın yanında sərkərdə olub. Bir gün araları deyib, Mustafa xan deyib ki, aralı otur. Bu da Tağının xoşuna gəlməyib, Uduluya köçüb və orada Tağılı kəndinin əsasını qoyub. Ora gedəndə xana xəbər göndərib ki, bu qədər yaxşıdır, yoxsa bir az da aralı gedim. Tağı Uduluya səkkiz ailə ilə gedib.

Sarıtorpaqda zəlzələ olanda Böyükxanım nənəm 17 günlük olub və Bakıya köçüb. O dövrdən də hamısı burda olub və bütün övladları da Bakıda doğulublar.

1918-ci ildə türk qoşunu gələndə Bakıda Şaumyangil mobilizasiya edəndə babam Məhəmməd deyib ki, mən türklərlə vuruşmayacam və Uduluya köçüb. Nənəm Uduluya getməyib, ona görə babam orda özündən yaşlı biri ilə evlənib. Udulu ilə ikinci əlaqəmiz buradan yaranıb. Babam, nənəm, atam, dayılarım və Əzizə ana Udulunun Tağılı qəbirstanında dəfn ediliblər.

Bir dönəm 1926-cı ildən iki ilə yaxın babamgil İranda da yaşayıb. 1928-ci ildə geri qayıdıblar.

Ona görə ananın İrandan yazdığı hissələr çox təbiidir. Deyirdi, dükanda işləyən adam iş saatı bitəndən sonra başını bağlayıb, evinə gedənə qədər nəzir yığır. Ananın İrana qarşı münasibəti, İranın içini yaxşı bilməyi burdan qaynaqlanır. Amma biblioqrafiyasında iki illik zaman kəsimi sovet dövründə öz əksini tapmayıb.

- Turan bəy, Əzizə xanım pilot olmaq istəyib, amma arzusunu həyata keçirə bilməyib. Yoldaşına görə?

- Yox. Boyu minimal normadan 2 santi kiçik olduğuna görə onu götürməyiblər. Amma arzularını qardaşı uşaqlarıyla və bir xeyli azərbaycanlını pilot sahəsinə göndərməklə həyata keçirdi. Düzü, mən də pilot olmaq istəyirdim. Amma gözdə olan kiçik problemə görə alınmadı.

Bilirsiniz, o vaxt səhiyyədə, aviasiyada ermənilər hakim mövqedə idilər. Ana Nuri Məcidovla danışdı və çox gənclərə yol açdı.

Qardaşı Məmmədin böyük oğlu Rauf Cəfərzadə pilot olub. Bu il 70 illiyi tamam olurdu, onu həvəsləndirib, xatirələrini yazmağı xahiş etmişdim. O da yazdı, artıq “Həyat bir an imiş” (2022) kitabı çap olunub. Orada Əzizə ana haqqında da xeyli xatirələr var.

- Yoldaşı ilə harda tanış olublar?

- Papayla pilot təlim kurslarında tanış olublar. 1956-cı ildə ailə qurublar.

- Səhv etmirəmsə, Əzizə xanımın bir qız övladı olub, amma onu faciəvi şəkildə itirib.

- Bu faciəni anam ömür-boyu yaşadı.

- O ağrını-acını qələmə alıbmı?

- Bir qisim məktublarda var. Amma ümumilikdə yazmayıb.

Söhbətimiz yenə muzeylə tanışlığa keçir.

- Anam təsbeh, pul yığmağı sevərdi. Xeyli mis qabları vardı. Kəlağıyıları sevərdi.

Bir dəfə sosial şəbəkədə Güllü Tomarlı adlı bir xanım kəlağayıları paylaşanda yazdım ki, Əzizə anamın arzuları cücərir. Sonra məndən xahiş etdi, bu barədə bir yazı yazım. Mən də ananın 24 kitabını araşdırdım və məlum oldu ki, 22 kitabında 141 dəfə kəlağayıdan yazıb. Bu haqda böyük yazı yazdım. Kitabda və jurnal da da çap edilib.

Baxın, bu onun çutkusudur. O vaxtlar xanımlar hörüklərini bu çutkusunun içərisinə salarmışlar. Bu isə ananın donlarıdır.

- Turan bəy, bayaq bir az ötəri toxunduq. Əzizə xanım bu makinada yazarmış, iş prinsipi necə idi? Səhər, yoxsa gecə yazmağı sevərdi? Və neçə il əsərlərini diktafona yazdı?

- 1946-cı ildə bu makinada yazıb. Bu makinaya “sevgilim” deyirdi. Təxminən 1999-2003-cü illər arası yazılarını diktafona yazıb. Qəribədir ki, ana makinaya dörd nüsxə qoyurdu və birdəfəlik çap edirdi. Günə 25 səhifə. Əsasən səhərlər və çox sürətlə yazırdı. Bir problemi vardı, sürətlə yazanda sətrdən-sətirə keçirəndə hərdən tire qoymaq yerini düz seçmirdi, o biri sətirə keçəndə sözü bütöv yazırdı. 13-14 yaşından mən onun bütün yazdıqlarını oxuyurdum və yazı ilə bağlı hər hansı düzəlişlər lazım olurdusa edirdim.

20 yaşında Əzizə ana mənə dedi ki, çox hörmətli müəllimlərimin bir qismi yaşlı dövrlərində adlarına, mövqelərinə uyğun olmayan əsərlər, məqalələr çap ediblər. Ona görə bundan sonra sən oxumayan heç nəyi çap etməyəcəm.

Bəzi dönəmlər işimlə əlaqədar xaricdə yaşayırdım, Bakıya gələn kimi əsərlərini yığıb, verirdi mənə. Üç dəfə mənə verdiyi hüquqdan istifadə etmişəm. İngiltərədən gecə gəlmişdim, səhərə yaxın mənə bir yazı verdi, dedi, oxu. Tez oxudum, dedim bu Əzizə Cəfərzadə qələminin 1967-68-ci illər dövrüdür. Dedi, ola bilməz, təzə yazmışam. Dedim, ana, bu yazı “Aləmdə səsim var mənim”dən daha əvvəlki illərin qələmidir. Bir-iki dəqiqə üzümə baxdı, sonra boynumu qucaqlayıb, dedi, sağ ol ki, ilinə qədər düz tapmısan. Arxivimdə çap edilməmiş yazıya rast gəldim, şirnikləndim ki, bəlkə çap etdirim.

Mahatma Qandi haqda1948-49-cu illərədə “Manar sahillərində” povestini yazmışdı, amma çap etdirməmişdi, 1999-cu ildə əlinə keçib, çapa verməmişdən mənə göstərdi. Dedim bunu indi çap etsən deyəcəklər ki, Əzizə Cəfərzadə bunu köhnə sandıqdan çıxarıb. Eləmədi, amma özüm sonra “Seçilmiş əsərləri”ndə çap etdirmişəm.

- Belə görünür ki, çox mehriban münasibətiniz olub.

- Əlbəttə. Münasibətimiz çox şirin olub. Evlənəndən sonra da bir evdə yaşamışıq. Sonra uşaqlar oldu, ev daraldı. 5 ilə yaxın "Gənclik"də bir binada Xəlil Rzagilin evinin yuxarısındakı mənzildə yaşadı. Sonra bizim evə bitişik bir otaq aldıq, ana ora köçdü.

- Əzizə xanım rəhmətə gedəndə siz Bakıdaydınız?

- O zaman mən Alyaskada işləyirdim. Biz onunla tez-tez telefonla danışırdıq.

- Doğrudur ki, xəstəliyini uzun müddət sizdən gizlədib?

- Doğrudur, demirdi. Anada böyrək çatışmazlığı idi, bədəninə su yığılırdı. Yəni çətin vəziyyət idi. Ananın xəstəliyini biləndə yoldaşımla böyük qızım Bakıya qayıtdı. Bir həftədən sonra qərara gəldim ki, mən də kiçik qızımla qayıdım. Sonuncu dəfə Əzizə ana ilə telefonla danışdıq, dedik, gəlirik. Deyirdi, niyə gəlirsən, mən yaxşıyam. Alyaskadan çıxdıq, 30 saatlıq yol idi, Londondan zəng edəndə məlum oldu ki, rəhmət gedib. Altı dəfə əməliyyat keçirmiş, həyatın ağrı-acısını görmüş adam üçün 82 il böyük yaş idi...

Allah rəhmət eləsin.


Müəllif: Foto: Elnur Muxtar, Nərmin Muradova

Oxşar xəbərlər