11 Mart 2023 20:19
2 992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün milli kino və teatrımızın səhnəsində yaratdığı obrazlarla tamaşaçıların qəlbində taxt quran Xalq artisti Bəşir Səfəroğlunun doğum günüdür.

Teleqraf.com xəbər verir ki, yaşasaydı görkəmli sənətkarın bu gün- martın 11-də 98 yaşı tamam olacaqdı.

44 il ömür yaşamış Bəşir Səfəroğlu əbədi yaddaşlarda qalmağı bacarıb.

Bu gün atasının məzarını ziyarət edən Xalq artisti Afaq Bəşirqızı sosial şəbəkədə paylaşım edib.

"Bu gün sənin 98 yaşın tamam oldu. Ad günün mübarək, atam. Bu 98 ilin 44 ilini Azərbaycan mədəniyyəti üçün hər şey etdin. Yaşadın, yaratdın. Bu günə qədər qalan ömrünü isə mənə etibar etdin. Çox sağ ol, ata. Bilmirəm mən sənin ömrünü necə yaşadım. Mən bu illər ərzində Səni yaşatmağa, sənin yoxluğunu hiss etdirməməyə, yarımçıq qalmış yolunu davam etdirməyə çox çalışdım..."

Bəşir Səfəroğlu martın 11-i, 1925-ci ildə Bakıda doğulub. Yeddi illik təhsilini Bakıda alıb və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. On dörd yaşlarından sürücülər klubunun dram dərnəyinə gedib.

1941-ci ilin axırlarında faşistlərlə müharibəyə yollanan Bəşir 1942-ci ildə hərbdən kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. O, tamaşalara baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər.

Bəşir Səfəroğlu Üzeyir və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib.
Aktyor yaradıcılığında xüsusi yer tutan əsas rolları: Möhsün ("Beş manatlıq gəlin", dramaturq Məmməd Səid Ordubadi və bəstəkar Səid Rüstəmov), Qaradavoy və Çiko ("Keto və Kote", Vladimir Dolidze), Usta Məhərrəm, Qoçu Əsgər və Məşədi İbad ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Uzun və Nəcəf ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov) və başqaları.

Bəşir Səfəroğlu "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?" və "Ulduz" filmlərində Sərxoş və Gülümsərov, "Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində Xacə Nəsrəddin rollarını ifa edib.
Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında "Gəlməli, görməli, gülməli" miniatür teatrı təşkil olunub. Onun üzvləri xalq artisti Əliağa Ağayev, əməkdar artist Müxlis Cənizadə, aktrisa Ofeliya Abbasova (Məmmədzadə) və Bəşir Səfəroğlu idilər. Bu kollektivdə Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.

Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyni adlı bədii-sənədli televiziya filmi çəkib.
Sənət uğurlarına görə 29 iyun 1964-cü ildə Bəşir Səfəroğluna Azərbaycanın əməkdar artisti, 25 iyun 1968-ci ildə xalq artisti fəxri adları verilib.

Bəşir Səfəroğlu Bakıda, 44 yaşına yenicə qədəm basanda, 23 mart 1969-cu ildə vəfat edib. Məzarı Bakıdakı Fəxri Xiyabandadır.


Müəllif: Nərmin

Oxşar xəbərlər