23 Mart 2023 16:04
2 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

23 avqust 1949-cu ildə Türkiyənin “Akşam” qəzetində “Talat paşanın iki mətbuat konfransı” başlıqlı məqalə dərc edilib.

Jurnalist Enis Tahsin Til iki hissəli bu yazısında 1918-ci ildə Bakı uğrundakı döyüşlərdən yazıb, ardınca almanların Bakını işğal etməsi, Talat paşanın da bu istila üzərinə Almaniya ilə münasibətlərindən danışdığını bildirib. Şübhəsiz ki, keçmişin hadisələrindən bəhs edən bu məqalədə ciddi yanlışlıq vardı: Almanlar heç bir zaman Bakını işğal etməmişdilər.

Elə buna görə də qəzetin 12 sentyabr 1949-cu il tarixli sayında yenə həmin jurnalistin məqaləsində bir məktuba yer verilib. “Bakı haqqındakı Türk-Alman ixtilafı” adlı yazıda qeyd olunub:

“Birinci Dünya hərbinin sonlarına doğru sədrəzəm Talat paşanın tərtib etdiyi iki mətbuat konfransından 23 və 24 avqust tarixli nüsxələrimizdə bəhs etmişdik. Bu yazılar münasibətilə Ankaradan Bayındırlıq Nazirliyi Malzəmə müdiri Səlahəddin Yurdoğlu imzası ilə məktub aldıq. Məktubda almanların Bakıya girdikləri haqqındakı xəbərin doğru olmadığından bəhs etdi:

  1. Bakı 14 sentyabr 1918-ci ilin sabahı Azərbaycan İslam Ordusunu təşkil edən beşinci və on beşinci Türk firqələri tərəfindən zəbt edilmişdir. Bu ordunun komandanı Nuri paşa idi. Ümumi sövq və idarədə Şərq orduları qrupu komandanı da Xəlil paşa idi. Bu müxabirətdə mən Şərq orduları qrupu yavəri idim və qoşunlarla Bakıya girdim.
  2. Bakı Mudros müqaviləsi hökmlərinə tabe olunaraq 12 dekabr 1918-ci ilin sabahı saat üçdə Türk ordusu tərəfindən təxliyyə edildi və ingilis qoşunları o gün saat 10-da Bakıya girdi. Bu tarixdə mən Bakı-Batum xətti əsgəri komissarı idim, qoşunların Bakıdan Batuma qədər ən son pilləsi olaraq və ingilis komissiyası ilə bərabər çalışaraq təxliyyəsini idarə etdik.
  3. Bu zaman zərfində tək bir alman nəfəri Bakıya gəlmiş və almanlar Bakıya girmiş deyildi.

Beləliklə, Səlahəddin Yurdoğlu almanların Bakıya girmədiyini şahid olaraq bildirmiş olub. Jurnalist Tahsin bəy bu məktub üzərinə məqaləsində Bakı məsələsini daha da geniş şəkildə yazıb, Almaniyanın Osmanlı ordusunun Bakıdan çıxmasını istədiyini bildirib. Bununla bağlı Azərbaycan heyətinin sədrinin də nota verdiyini qeyd edib: “Almaniya Türk-İslam qüvvətlərinin Bakıdan çəkilməsində israr edirdi. Azərbaycan heyəti-mürəxxəsəsi rəisi Rəsulzadə Əmin bəy 22 sentyabr 1918-ci ildə alman hökumətinə və bitərəflərə nota verərək Azərbaycanın Bakı üzərindəki hüququndan bəhs etdikdən sonra “Azərbaycanlılar zeyl müahədə xatiri üçün qolayca Bakını tərk etmək fikrində deyildirlər” deyirdi”.

Bəs qəzetə məktub göndərən Səlahəddin bəy kim idi?

Qafqaz İslam Ordusu ilə bağlı sənədlər arasında maraqlı bir bəlgə var. Belə ki, 10 dekabr 1918-ci ildə Gəncə stansiyasından komissar vəkili Səlahəddin bəy Osmanlı qüvvətləri komandanlığına raport göndərib. Raportda Azərbaycanı tərk edən Qafqaz İslam Ordusundan bəhs edilib. Səlahəddin bəy bildirib ki, Nuri paşanı daşıyan səhiyyə qatarı 21 zabit, 215 nəfər, 21 heyvan, iki avtomobil, iki arabadan ibarət olaraq hərəkət edib.

Bu sənədlə yuxarıda bəhs etdiyimiz məktubu qarşılaşdırdığımızda eyni Səlahəddin bəy olduğunu görürük. Çünki həm məktubda, həm də sənəddə Qafqaz İslam Ordusunun təxliyyəsinin bu şəxsin etməsi göstərilib.

Səlahəddin bəy 1894-cü ildə Ədirnədə doğulub. İlk və orta təhsilini Ədirnə Əsgəri Rüşdiyyə və İdadisində alıb. 1910-cu ildə İstanbul Hərbiyyəsində təhsilə başlayıb, buranı piyada teyməni olaraq bitirib. 1915-ci ildə üstteymən, 1918-ci ildə yüzbaşı olub. 1926-cı ildə Hərbiyyə Müvəzzəf Bölükləri komandanı ikən öz arzusu ilə təqaüdə çıxıb. İtaliya, Balkan, Birinci Dünya hərbi və Milli Mücadilədə iştirak edib. Hərb medalı, Qılınclı Gümüş Ləyaqət Medalı, Qılınclı Beşinci Dərəcədən Məcidiyyə, İkinci Dərəcədən Alman Dəmir Xaç Nişanı və İstiqlal Medalına layiq görülüb.

Təqaüdə çıxdıqdan sonra müxtəlif vəzifələrdə çalışıb, ən son Nafiə Vəkaləti (Bayındırlıq Nazirliyi) Səfərbərlik və Malzəmə müdirliyində vəzifədə olub.

Səlahəddin bəy Xəlil paşanın, Türkiyənin ilk xarici işlər naziri olan Bəkir Sami bəyin yavəri kimi Türk hərb tarixində yerini tutub.

10 may 1956-cı ildə vəfat edən Səlahəddin Yurdoğlu haqqında Milli Mücadilə qəhrəmanları xoş sözlər söyləyiblər. General, millət vəkili Əli Fuad Cebesoy onun haqqında deyib: “Böyük Millət Məclisinin Ankarada açılmasından əvvəl və sonra, Bursada komandanı Bəkir Sami bəy ilə birlikdə göstərdiyi xidmətlər həm Atatürkün, həm də mənim təqdirlərimə layiq olmuşdu”.

General Xəlil Qut isə onun haqqında belə deyib: “Öz övladım kimi sevdiyim, bənzərsiz vəsfləri olan mərd bir qəhrəmandı. Taleyim çox yavər imiş ki, onun kimi ali səciyyəli bir yavərə malik ola bildim. Mövcudu minləri aşan zabit yoldaşları arasında nümunə təşkil edəcək dərəcədə dürüstlüyü, zəkası və xüsusən də şücaəti ilə tanınmışdı.

Səlahəddin bəyin Cengiz adında oğlu olub. Cengiz bəy 1921-ci ildə doğulub. 1932-ci ildə İstanbulda İtaliya məktəbində ibtidai sinfi bitirib. 1941-ci ildə Haydarpaşa liseyindən, 1951-ci ildə İstanbul Tibb Fakültəsindən məzun olub. 1952-ci ilin sonuna qədər Ankara Tibb Fakültəsi Uşaq Xəstəlikləri bölümündə assistent olub. 1953-1970-ci illərdə müxtəlif yerlərdə çalışan Cengiz bəy 1970-ci ildə qurduğu dərman şirkətində fəaliyyət göstərib. 25 iyun 1996-cı ildə vəfat edib.

Tibb sahəsindəki xidmətləri ilə yanaşı Cengiz bəyin gördüyü mühüm bir iş də olub. O, atasından qalma 15 cildlik arxivi yazıçı, jurnalist İlhan Selçuk (1925-2010) bəyə verib. İlhan bəy isə bu xatirələr əsasında 1973-1975-ci illərdə iki cildlik “Yüzbaşı Səlahəddinin romanı” adlı sənədli roman yazıb.

Beləliklə, Türk ordusunun müxtəlif cəbhələrində savaşan Səlahəddin bəyin taleyinə Bakını azad edən orduda təmsil olunmaq da yazılmışdı. Paytaxtımızı ingilis, rus, erməni işğalından azad edən Səlahəddin bəy kimi qəhrəmanların ruhu şad olsun.


Müəllif: Dilqəm Əhməd