6 Aprel 2023 09:05
57 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyirmi illik həsrətə son qoyub vətənə qayıdan məşhur bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Teleqraf.com-un “Brifinq” layihəsinin qonağıdır.

Onunla müsahibəni təqdim edirik.

“Allah şahiddir ki, mən tək yaşamağı istəməmişəm”

- Cavanşir bəy, əhvalınız necədir? Azərbaycana qayıdandan bəri özünüzü necə hiss edirsiniz?

- Bir yaşdan sonra insanın səhhəti daha sözünə baxmır. Ən çox getdiyi yer də aptek və həkimlər olur. Mənim bir xəstəliyim var: ağır və üzdə görünən xəstəlik deyil, amma onu boş buraxsan, adamı öldürər.

- Necə xəstəlikdir? Klinik əlaməti nədir?

- Autoimmun xəstəliklər silsiləsindəndir. 5 milyon adamdan birində aşkarlanır. Azərbaycanda iki nəfərdə var. Belə xəstələrdə bədəndəki maye qabarcıqlar şəklində müxtəlif yerlərdən çıxır. Müalicə ilə xəstəliyi nəzarətdə saxlamaq mümkündür. Bunun üçün bir dərman var, onu uzun müddət, bəzən isə ömürboyu qəbul etmək lazımdır. Çox güclü dərmandır, əks-təsirləri də olur.

- Allah şəfa versin. Niyə həmişə tək yaşamağı tərcih etdiniz?

- Allah şahiddir ki, mən tək yaşamağı istəməmişəm. Sadəcə, mənimlə yaşamaq istəməyiblər.

- Niyə?

- Mənim həyatım başqa adama çətin görünür.

- Çətinlik nədədir?

- İndi sizinlə söhbət edirəm, bir saatdan sonra nə edəcəyimi heç özüm də bilmirəm. Buna siz gedəndən sonra qərar verəcəm. Görüləsi işlər çoxdur, amma hansını edəcəyimi hələ bilmirəm. Bir əsər üzərində işləmək istəyirəm: ideyası var, planlar tutulub, amma onu nə zaman başlayıb, nə zaman bitirəcəyimi söyləmək çətindir.

Rejissorlardan film, tamaşa sifarişi alıram, işi gecikdirdiyimə görə şikayət edirlər. Onlara da deyirəm, narahat olmayın, elan etdiyiniz tarixə qədər musiqini hazırlayacam, amma onu sizə nə vaxt təhvil verəcəyim məlum deyil. Son anda gecəni yatmaram, söz verdiyim işi yerinə yetirirəm. Ona görə də mənimlə ayaq-ayağa yaşamaq çətindir.

Hələ mən yaradıcılıqdan danışdım. Ev işlərində də beləyəm. Bir də gördün, gecə saat ikidi, üçdü, evdə hər şeyi yerə töküb başlayıram təmizliyə... Buna kim dözər?

“O qadın dözmədi”

- Yəqin ki, ancaq qadın dözərdi...

- Qadın da dözmədi. O qadın dözmədi... Bəlkə başqa biri dözərdi. Mənim istədiyim qadın yox, dözmədi.

- Dözə bilən qadın tapa bilmədiniz?

- "Kapriz"lərimə dözən qadın axtarmamışam. Elə fikrim olsaydı, ucqar kəndlərin birindən savadsız bir qadın gətirərdim, evdə biş-düş edərdi, paltar yuyardı. Bunu da mən istəmədim, çünki o qadın yazıqdır.

- Demisiniz ki, həyatda bir dəfə sevmisiniz.

- Bir dəfə olub. 10 il yaşadıq, sonra getdi.

- Sevgi bitdi, yoxsa?..

- Mən nə deyim? İnşallah, özü Bakıya gələr, soruşarsınız.

- Sizdə bitdimi?

- Onu deməyəcəm. Mən jurnalistlərin arxa qapıya, arxa otağa girməsini həmişə əngəlləmişəm. Mənə görə elə şeylər var ki, onu ictimaiyyətin qarşısında deməməlisən. Hər kəsin gizli deməyək, özünəməxsus həyat hissəsi var və ona hörmət etmək lazımdır. Jurnalistlər deyir ki, tamaşaçılar tanınmışların şəxsi həyatı ilə maraqlanır. Üç-beş oxucu istəyə bilər, amma bu, hələ hamısı demək deyil.

Oxucuların biri də mən. Mən bunu sevmirəm. Əgər bu müğənnidirsə istəyərdim ki, peşə ilə bağlı söhbətlərini eşidim, onun şəxsi həyatı mənə maraqlı deyil.

Amma bir söz demək istəyirəm. Deyəcəksiniz ki, bu sözünüz bayaq dediklərinizi təkzib edir... Bilirsiniz ki, mən uzun illər burada yaşamadım. Qayıdandan sonra bir çox tanıdığım qadınları ilk görüşdə tanımırdım. Estetik əməliyyat etdirmişdilər. İnanın, hələ dodaq şişirtməsinin yaraşdığı qadın görmədim. Kim görübsə desin. Görəsən, onlar güzgüyə baxmırlar?

Bu moda haradan və niyə gəldi, anlaya bilmirəm. Qadın var, nazik dodaqları ilə elə gözəldir ki...Təbii, bu mənim işim deyil, qadınlar özləri bilər, müdaxilə də etmək olmaz.

“Azadlıq hissi xəstəlik kimidir”

- Demisiniz ki, həyatını istədiyi kimi qurmayan adamlara yazığım gəlir. Yaşadığınız həyat istədiyiniz həyatdır?..

- Təbii, mənim istədiyim həyatdır. Həyatıma ömrümboyu heç kəs müdaxilə etmədi. Buna imkan vermədim. Münasibət qurduğum adamlar mənimlə mənim istədiyim kimi rəftar etdilər. Eləməyəndə bir də üzümü görmədilər. Kim olur-olsun...

Bu, mənim azadlıq hissimdən doğub. Məndə azadlıq hissi xəstəlik kimidir: heç kəsə həyatıma, işimə müdaxilə etməyə icazə vermirəm.

- Bunun zərərini çəkmirsiniz?

- Çəkmişəm, çəkirəm... Eybi yoxdur, bir gün mənə zərər verən də, elə mən özüm də öləcəm. Nəticədə hamımız aşağıda bərabər olacağıq. Ona görə də imkan vermirəm.

1990-cı ildə məni Azərbaycan Konsertlər Birliyinə bədii rəhbər təyin etdilər. O vaxtki nazir Polad Bülbüloğlu məni çağırıb dedi, orda-burda çox danışırsan ki, hər şey bərbaddır, indi şansın var, get düzəlt. Üç il işlədim. O üç il mənə işgəncə oldu. Səhər arxamca maşın gəlib məni evdən götürürdü. Birliyin binasına yaxınlaşanda görürdüm ki, kənarda Əlibaba Məmmədov, Yaqub Məmmədov, Habil Əliyev əyləşib. Onlar mənim işçilərim idi. Onların yanında maşınla işə gəldiyimə görə utanırdım.

Sonra kabinetdə oturursan, katibə çay gətirir, kimsə qəbula gəlir, nəsə istəyir, axşama qədər gələn-gedən, hər gələnə də çay təklif edirsən. Budu vəzifə?.. Oturub düşündüm, dedim, bu mənə uyğun deyil. Mən bu masanın ətrafında oturmaq üçün doğulmamışam. Ömür-gün gedir...

- Bəs görməli olduğunuz iş?..

- O işi 10 dəqiqəyə görürdüm, çətin deyildi. Günə üç-beş sənəd imzalayırdım. Sonda getdim nazirin yanına, ərizəmi qoydum stolun üstünə. Dedi, hara gedirsən, dedim, bu iş rejimini qəbul etmirəm. Qışı isti, yayı sərin kabinetdə oturub çay içirəm, amma Əlibaba Məmmədov, eləcə də başqaları gedib rayonlarda konsert verir, günəşin altında oxuyur, yorulur, toz udur, idarəmiz üçün pul qazanır, gətirir, mən ondan çox maaş alıram. Onlar işləyir, biz yeyirik.

- Bəs tənqid etdiyiniz işləri yoluna qoya bildinizmi?

- Bəzi şeyləri düzəltdim. Bəzilərini isə düzəltmək üçün gərək inqilab edəsən. Qalsaydım və işləməyə həvəsim olsaydı, mütləq düzəldərdim. Çünki mən dedimsə, bu düzəlməlidir, demək, düzəlməlidir.

Azərbaycanın xalq musiqiçilərinin demək olar ki, əksəriyyəti Azərbaycan Konsertlər Birliyində işləyirdi. Onlara yüksək maaş vermək fikrim var idi. Bunun üçün yuxarıya müraciət etməliydim. İstəyirdim ki, qastrollara gedəndə avtomobillərin içi qışda isti, yayda sərin olsun, musiqiçilər konsert icazəsi üçün rayon icra hakimiyyətlərinin qapısının qarşısında büzüşüb gözləməsinlər. Çünki sənətkar gələndə qapılar taybatay açılmalıdır.

Sovet vaxtı müəssisə köçərmə üsulu ilə hesabımıza ödəniş edirdi. Ödənişi almaq üçün musiqiçilər bizə kağız gətirməli idilər. Sonrakı illərdə həmin kağızı alana qədər onlar nə əzab çəkirdilər... Əslində bu onların işi də deyildi. Mən bütün bu işləri səhmana salmağı düşünürdüm. Heç çətin də deyildi. Amma dözmədim.

Pauza

Bir də bizim bəzi insanlara heyrət etmişəm. Sən vəzifədə olmayanda səninlə bir cür rəftar edirlər, sən vəzifəyə oturan kimi başqa cür davranırlar. Sən axı rəftarını dəyişməmisən! Məsələn, dostumdur, vəzifəyə gələndən sonra mənə yaltaqlanmağa başlayır. Halbuki 20 ildir bu adamı yaxşı tanıyıram. Axı niyə?..

- Ondan sonra vəzifədə oldunuzmu?

- Heç təklif də gəlmədi... Olsaydı da qəbul etməzdim.

“Vücudun küçələrdə gəzir, amma sən yoxsan”

- Ölkəni tərk edəndə hərənin bir səbəbi, bir motivi olur. Siz niyə getdiniz?

- Mənim səbəblərim real səbəblərdir. Təsəvvür edin, təxminən 50 yaşlarında olan adamı işdən qovurlar, əsərlərini çalmırlar, almırlar, heç bir yerə işə götürmürlər. Bu adam necə yaşasın? İş axtarmalıdır. Demirəm ki, heç iş yox idi, amma mövcud olan işlər mənə uyğun deyildi.

Bir də psixoloji atmosfer deyilən məfhum var. Səni elə bil bu həyatdan silirlər. Vücudun küçələrdə gəzir, amma sən yoxsan, çünki sənin varlığın əsərlərinin ifasıdır, haradasa işləməyindir. Heç kim səni saymır, hamı səndən qaçır. Çoxu da dostlar... Mən 20 il Azərbaycan Televiziyasında işləmişdim. İndiki kanallardakı işçilərin çoxu o vaxt orda işləyirdi. Hamısı dost-tanış... Uzaqdan üzünə gülür, salam verir, amma yaxınlaşmaqdan çəkinir. Adama pis təsir edir.

Bir-iki, on-on beş belə hadisə... Adam bu vəziyyətdən dəli ola bilər. Ona görə başımı götürüb qaçmaq istədim. İnternetlə universitetlərə yazdım. Şimali Kiprdən dəvət gəldi. Bilet pulum da yox idi, dostlardan borc götürüb bileti aldım, getdim. Orda məni elə qarşıladılar... Adam düşünür ki, onda bəs vətən nədir? Vətəndə səni çölə atdılar, vətənin olmayan yerdə isə az qalırlar səni orkestlə qarşılasınlar. Beləcə orda qaldım, işlədim.

- Nə az, nə çox 19 il...

- 20 ilə yaxın... Hesab edirəm ki, mənim 20 ilimi oğurladılar. Dostlar hərdən deyirlər ki, sən cənnətdə yaşamısan. Dedim, gəlin bir dəfə baxın, Kürdəmirə oxşayır... (Gülür).

- Doğurdan oxşayır, yoxsa zarafat edirsiniz?

- Çox istidir. Lefkoşa dənizin qırağında deyil, adanın ortasındadır. O qədər istidir ki, hər şeyi yandırır.

Amma insan doğulub-böyüdüyü yeri silib ata bilməz. İnsanı vətənə çox şey bağlayır. İkili həyat yaşayırsan. Gah hirslənirsən vətənə, gah da onu sevirsən. Mən əminəm ki, xaricdə olan bütün azərbaycanlılar elə yaşayırlar. Bəlkə də bura gələndə özlərini sındırmırlar və deyirlər ki, orda hər şey gözəldir. İnanmayın. Qürbətin gözəl tərəfləri də var, təbii, amma hər şey o qədər də gözəl deyil...

20 ilim uçdu getdi, düzdür, əsərlər yazdım. Amma ifa olunmur. Heç bir instansiyada da yox demirlər, amma ifa da etmirlər.

“Bu tək adamın işi ola bilməz”

- “Kitabi Dədə Qorqud” baletinin taleyi nə yerdədir?

- Yavaş-yavaş gedir. Çünki ortaya başqa işlər girir.

- Hələ bitməyib?

- Yox. 12 baletdir. Səhnəyə qoyulsa, 12 gün hər axşam teatra gedib yeni dastan izləyərsən... Onu bitirməyə bəlkə ömür vəfa etdi, bəlkə etmədi, bilmirəm. Dostlar hərdən şikayətlənirlər ki, bitməmiş əsər haqqında danışırsan. Bunu deməkdə məqsədim var. Ona görə deyirəm ki, dövlət idarələrindən, gücü olan yüksək yerlərdən biri məni tapsın, bu baletlə maraqlansın. Bu, elə bir layihədir ki, tək adamın işi ola bilməz. Bu, milli balet səviyyəsində bir layihədir.

- Neçənci ildən yazmağa başlamısınız? Neçəsi bitib?

- 1990-cı illərdən. Dastanın birinin librettosunu mərhum Vaqif İbrahimoğlu yazmışdı. Vaxtım və kefim olduqca onu işləyirəm.

Amma bilsəm ki, məni gözləyirlər, bir çox işimi buraxıb onu yazaram. Di gəl, heç maraqlanan yoxdur.

Ümumiyyətlə, mən qayıdandan sonra qəribə bir mənzərə ilə qarşılaşdım. Mən gedəndə vəzifədə olan bir qisim insanlar yeni nümunələrlə maraqlanırdılar: yeni əsər, yeni kitab və sair çıxdısa, formal da olsa maraq göstərirdilər. Nəticə olmasa da maraqlanmaq qaydası vardı.

İndi heç kəs maraqlanmır. Gurultulu təqdimatlar edirlər, birdəfəlik insanları ora toplayırlar. Amma sonra o kitab satılmır. Ona görə yox ki, pisdir. Sadəcə kimsə yeni bir şey oxumaq istəmir. Düşünürlər ki, yeni nəsə oxumaq zəhmətdir. Nə yeni kitab istəyər, nə də əsər, rəssamların sərgilərinə də baş çəkən yoxdu. Bax belə bir toplum çıxdı qarşıma.

Xarici görünüşü çox gözəldir, parlaqdır, amma içinə girəndə başa düşürsən ki, heç kim bir-biriylə maraqlanmır.

Stolun üstündəki əsərlərini göstərərək:

Bu əsərlərdən lazimi qurumların xəbəri var. Nazirə qədər ərizə yazmışam. Mənə cavab da yazıblar. Zahirən hər şey gözəldi, qaydaya uyğundur, amma ortada nəticə yoxdur. Hələ kimsə deməyib ki, əsərləri gətir, qulaq asaq.

- Söhbət Mədəniyyət Nazirliyindən gedir?

- Mədəniyyət Nazirliyi, Opera və Balet Teatrı. Heç olmasa qulaq assınlar. Dinləyərlər, deyərlər ki, bizə yaramır, yaxud deyərlər ki, əsər yaxşıdır, amma teatrın bunu qaldırmağa gücü yoxdur. Onu da anlayıram. Amma nə o var, nə bu... Bəzən adamın əli-qolu aşağı düşür, heç nə eləmək istəmir.

“Yeni əsərlər yazılır, amma səhnəyə çıxmır”

- Opera və Balet Teatrına gedirsinizmi, tamaşaları izləyirsinizmi?

- Gedirəm. Amma yeni əsərlər yoxdur. “O olmasın, bu olsun”a, “Traviata”ya baxmışam, bizim baletlər, “Koroğlu”, “Leyli və Məcnun” daimi yayımlanan əsərlərdir. Bildiyim qədər yeni əsərlər yazılıb. İçi mən qarışıq... Amma səhnəyə çıxmır. Yəqin bayaq dediyim səbəblərə görə... Bəlkə əsərlər zəifdir? Amma mənim əsərlərimə heç kəs qulaq asmayıb. Və bu, təbii olaraq məni narahat edir.

Dövlət bizi oxudub, əlimizə diplom verib və deyib ki, sizin peşəniz musiqi yazmaqdır. Siz musiqinizi yazın, bizim də işimiz o musiqini çalmaq, əvəzində sizə yaşamaq üçün pul-para verməkdir. Biz işimizi görürük - əsərimizi yazırıq, amma bu, kimsənin vecinə deyil.

Kimsə maraqlanmır ki, bu adamlar acından ölür, yoxsa yaşayır. Mənim qazancım sənətimdən çıxmalıdır. O olmayanda məcburam başqa idarələrə qaçam. Hazırda iki universitetdə işləyirəm. Halbuki mən əsərlərimlə dolanmalıyam.

- Bu məsələlərdə yəqin bir halqa da Bəstəkarlar İttifaqıdır...

- Bəstəkarlar İttifaqının elə səlahiyyəti yoxdur. Qanunvericilikdə onlar ictimai təşkilatlar siyahısındadır.

- Sovet dönəmində səlahiyyətləri vardı...

- Sadəcə o vaxt yaradıcı ittifaqları dinləyirdilər, onlardan çəkinirdilər. Bunun bir neçə səbəbi vardı. Əsas səbəbi budur ki, yaradıcı ittifaqların başında nüfuzlu adamlar oturmuşdu, onları dinləməmək ayıb olardı. Bir tərəfdən düşünürdülər ki, əgər yaradıcı ittifaq hansısa hadisəyə rəy bildirirsə, ən azından onu müzakirə etməliyik. Məsələn, Bəstəkarlar İttifaqı televiziyanın işini tənqid edirsə səhəri gün toplaşıb o tənqidi analiz etməliydilər. O vaxt bunlar olurdu. İndi olmur. Çünki o vaxt yaradıcı ittifaqlar birbaşa Mərkəzi Komitənin təbliğat şöbəsinə bağlı idi. İndi isə hamısı Mədəniyyət Nazirliyinə baxır. Statusunu aşağı salıblar.

Ona görə hazırda yaradıcı ittifaqların gücü yoxdur. Deməyinə deyirlər, qurultaylarında tənqidi fikirlər də səslənir. Amma onları dinləyən yoxdur.

İndiki mahnı təsərrüfatını görürsünüz: yaxşı mahnıları almırlar, oxumurlar, efirdə səslənmir. Heç kim də bu durumdan narahat deyil. Niyə vəziyyət belədir? Mən səbəbini bilirəm. Amma bu durumla rəsmi adamlar maraqlanmalıdırlar.

Sevmədiyimiz Sovetlər İttifaqında bəstəkarlar çox yaxşı yaşayırdılar. Bəstəkarlar mahnılarını üç idarəyə sata bilərdilər. AzTV-yə, Mədəniyyət Nazirliyinə, bir də Korlar Cəmiyyətinə.

“Qayıtdığım, 9 ayda qapımı döyən olmayıb”

- Üstəlik hələ müğənnilərə də mahnı sata bilirdiniz...

- O şəxsidir. Mən qanuni prosedurlardan danışıram. Dövlət bir mahnıya 150 manat pul verirdi. Və bu bütün qurumlar üçün keçərli idi.

Mədəniyyət Nazirliyi 15-16 ildir ki, bəstəkarlardan əsər almır. Çox əcaib vəziyyətdir. Eynilə AzTV, Korlar Cəmiyyəti də...

İndiki dövrdə artıq mahnı da satılmır. Vaxtilə müğənnilərə ən çox mahnı verən bəstəkarlardan biri mən olmuşam. Qayıtdığım 9 ayda qapımı döyən olmayıb.

- Bu yaxınlarda sosial şəbəkədə Lalə Məmmədova ilə şəklinizi gördük. Bu, yeni işbirliyinin müjdəsi deyildimi?

- Onu mən çağırmışdım. Orda pul yoxdur. (Gülür). Hamlet İsaxanlının əsəridir. İçərisində 11 mahnı var. Hamısını Lalə Məmmədova oxudu.

Müğənnilər niyə mahnı alsınlar? Yanındakı musiqiçilər nələrsə qoşurlar, onlar da oxuyurlar...

“Aygündən, Brilliantdan, Akifdən heç vaxt ...”

- Aygün Kazımova, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva ilə yenidən çalışa bilərsiniz.

- Aygündən, Brilliantdan, Akifdən heç vaxt pul almamışam. Mən oxumasını istədiyim müğənnilərdən pul almıram.

- Cavanşir bəy, ilk addımları üçün sizin onlara dəstək olmağınız başa düşüləndir. Amma davamında...

- Münasibətlərimiz elə deyildi. Əksinə, Brilliant o vaxt “8-ci kilometr”də yaşayırdı, maşını yox idi. Onu evindən götürüb studiyaya gətirirdim. Mahnıları oxudub, aparıb telestudiyaya verirdim, redaktorlara deyirdim ki, bu, yaxşı müğənni olacaq, bunu efirə verin. Müğənnilərin hamısı ilə belə başlamışıq. Niyə?

Bizim işimizin bir tərəfi də müğənni yetişdirməkdir. Bunu borc hesab etmişik. Ona görə də mənim maliyyə münasibətində olduğum müğənnilər az olub. Adını çəkdiklərimlə aramızda maliyyə söhbəti ola bilməzdi.

- Axı sonrakı illərdə onlar populyarlaşdılar...

- Nə olsun ki? Olmaz.

- Bu, həm də sizə dəstək ola bilər...

- Mən göstərici deyiləm, ola bilər, bu məsələdə başqa bəstəkarlar fərqli düşünür. Amma mən həyatımın heç bir hissəsini müğənninin mənə münasibətindən asılı etməmişəm. Gəlir gəlsin, gəlmir gəlməsin. Olub ki, studiyada bir mahnı yazmışıq, müğənni dirəşib ki, mən bu mahnını belə oxumaq istəyirəm. Demişəm, ya mən deyən kimi oxuyacaqsan, ya da oxumayacaqsan. Elə hesab etmə ki, sən dünyanın mərkəzisən. Ondan sonra ağlaya-ağlaya gəlib və oxuyub. Yəni deməyim odur ki, özümü onlardan asılı etməmişəm.

- Mahnını müğənniyə satsaydınız bəlkə də o deyən olardı.

- Birincisi, mənimlə elə dava-dalaş edə bilməzlər. İkincisi, bu məsələdə müğənnilər doğru demirlər. Müğənnilər bəstəkardan mahnını deyil, onun ilk ifa haqqını alırlar.

“Müğənnilərin çoxu bisavaddır”

- Kimsə mahnınızı oxumaq istəsə, sizdən icazə almalıdır?

- Təbii ki... Amma bilirsiniz, mənə görə heç icazə lazım deyil. Niyə olmalıdır? Mən mahnını niyə yazıram? İfa olunsun, insanlar dinləsin. Ona görə də kim oxumaq istəsə, deyirəm, oxu, qızım, oxu, oğlum.

- Mahnılarınız oxunduqca, səsləndikcə siz qonorar almırsınız?

- Dövlət mexanizmi işləsə alaram. Televiziya ifasından qonorar bir halda gələ bilər, əgər kanal Müəllif Hüquqları Agentliyi ilə müqavilə bağlayıbsa. Kanallar bunu etmədilər, ona görə də həmişə deyirəm ki, onlar bizim pullarımızı yedilər.

Bir məsələni də deyim, sovet vaxtı biz mahnıları müğənnilərə deyil, dövlətə satırdıq. Müğənnidən asılı deyildik. İndi məsələ dəyişib: müğənni olub komandir, çünki pul verir. Hökmü o verir, mahnının tərzini də o müəyyənləşdirir. Müğənni hansı tərz mahnının yaxşı olub-olmamasını bilə bilər? Onların çoxu bisavaddı, bəzisi də mədəniyyətsizdir...

Amma o vaxt müğənniləri çağırırdıq, deyirdik ki, belə bir mahnı var, istəyirsən oxu, istəmirsən oxuma.

- “Hər şey gözəldir həyatda” belə yaranıb?

- Onun qonorarını teatrdan almışam...

- “Əsgər marşı”?

- Onun qonorarını almaq günahdır...

- “Əzizim yarımgilə”?..

- Onu dostum Ramiz Həsənoğlunun qızının toyu üçün yazmışdım. Toyda Zülfiyyə Xanbabayeva oxumuşdu. Sonra biz onu yenidən düzəltdik və studiyada oxunuş üçün Brillianta verdim.

“Zülfiyyə dedi, mən hara, oxumaq hara”

- Niyə bu cür addım atdınız?

- Axı Zülfiyyə o zaman oxumurdu, üzə çıxmırdı. Zülfiyyəni ilk dəfə Brilliantın yanında görmüşəm. Bir universitetdə oxuyurdular, rəfiqəydilər. Məşq vaxtı gördüm, baxdım ki, bu qız yerində oynayır. Dedim, qızım, bəlkə sən də mahnı oxuyasan? Dedi, yox, mən hara, oxumaq hara... Brilliant dedi, naz eləmə, yanına çağırdı, ikisi də oxumağa başladılar.

Gördüm, qız əməlli-başlı oxuyur. Soruşdum, niyə oxumursan, dedi, ailəm qoymaz. Nüsrət Kəsəmənlinin sözlərinə bir mahnı yazdım, güc-bəla ilə Zülfiyyəni çağırdım, studiyada oxutdurdum. AzTV-də Gənclər redaksiyası vardı, onlara dedim ki, gənc qız var, onu efirə vermək lazımdır, yaxşı müğənni ola bilər. Cavan oğlan idim, buna baxmayaraq mənim sözümü dinləyirdilər. İndi heç kəs dinləmir. Ondan sonra bir-iki kitab oxumuşam, bir az ağıllanmışam, amma dinləmirlər... (Gülür).

Zülfiyyəni studiyaya apardım, kameranı, işığı görən kimi qızın əl-ayağı əsməyə başladı. Kreslo gətizdirdik, oturdu, uzun qızılı saçlarını açdılar, fonoqramı verdilər, oxudu. Ailəsi gördü, sonra özü mənə zəng elədi, dedi, ailədə yenə də tərəddüd var. Dedim, lazımdırsa gəlim danışım. Cavabı bu oldu ki, özüm həll edərəm. Görünür, yavaş-yavaş evdəkilər də alışdılar.

“Əzizim yarımgilə”nin studiyada yazılma dönəmi o ərəfələrə düşdüyünə görə Zülfiyənin oxuyub- oxumamasını bilmədiyim və əmin olmadığım üçün sınaqdan çıxmış müğənnini çağırdım.

O vaxt beləydi. Bizim müğənnilərlə əlaqəmiz maliyyə motiviylə deyildi. Onlar bilmirdilər, maliyyə hardan gəldi, hara getdi. Studiya üçün ərizə yazıb, növbəyə dururduq, sonra girib studiyada mahnımızı yazırdıq. Konveyr belə qurulmuşdu və yaxşı da nəticə verirdi.

Sonra yenidənqurma prosesi başladı, hər şey dəyişildi, konveyri sındırdılar. Mən hesab edirəm ki, yeni üsullar lazım idi, amma diqqətli yanaşmaq, köhnənin faydalı olan elementlərini saxlamaq şərt idi. Təzəsini qurmaq üçün biz hamısını qırdıq, sındırdıq, sonra nəsə qurdular, amma nəticə yoxdur.

Məni camaat yolda saxlayıb, məzəmmət edir, soruşurlar ki, efirlərdə elə mahnılardır səslənir ki, qulaq asa bilmirik, bəs siz hara baxırsınız? Elə bilirlər, mən müdirəm...

- Aygün Kazımova, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayevanın indiki yaradıcılığını necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, hər üçünün yaradıcılığının bir rəngi var. Mən onların yerinə olsaydım o rəngi davam etdirərdim. Və yaşıma uyğun davranardım. Yaşını cavanlaşdırmağa çalışan aktrisalar, müğənnilər heç nəyə nail ola bilməyiblər. İnsanın bəlli yaşı var və bundan qorxmaq lazım deyil. Məsələn, Aygün heç vaxt yaşını gizlətməyib.

- Amma görünüş etibari ilə mübarizədədir...

- Təbii..Deyir ki, mən artistəmsə, insanlara gözəl görünməliyəm. İnsanlar tək qulağı ilə eşitmirlər, həm də gözləri ilə görürlər.

Yenə deyirəm, onların hər birinin qəbul olunmuş üslubu var və o üslubda davam etmələri, məncə, səmərəli ola bilərdi. Müğənni var ki, üslubunu dəyişdi, amma uğurlu oldumu? Oldusa çox gözəl, amma məncə, olmadı. Ona görə də öz üslublarına dönmələri məsləhətdir.

Bu, bilirsiniz nədən irəli gəlir? İçlərində onları “köhnə hesab edəcəklər” deyə bir qorxu var.

“Röya onlara rəqib deyil”

- Təbii deyilmi? Axı rəqabət var.

- Kimlə? İndi mən onlara rəqib müğənni görmürəm. Əslində olmalıydı.

- Məsələn, Röya...

- Röya onlara rəqib deyil. Bu boyda səs var... (Barmağı ilə göstərir). Lap var, kim rəqib hesab edir-etsin, sən öz yolunla getməlisən. Şövkət Ələkbərova heç vaxt özünü arıqlatmadı, o fikrə də düşmədi. Heç kəs də onun qarşısında dura bilmədi. Üslubu var idi və onu axıra qədər saxladı. Onu indi də dinləyirik və örnək göstəririk. Deyəcəksiniz ki, Şövkət başqa tərzin müğənnisi idi, əyləncə müğənnisi deyildi, dünya dəyişdi, hər şey dəyişdi. Bu ifadəni işlətməyi çox sevirlər.

Qızlar yenidən enli şalvar geyinməyə başladı, mənim cavanlığımda da belə idi, bunun nəyi yenidir? Musiqidə də belədir.

“Bəstəkarlara nə iş verən var, nə aş”

- İndiki bəstəkarların səviyyəsindən, iş prinsipindən, musiqiyə münasibətindən razısınızmı?

- Bəstəkarlıq dediyin peşə Avropa peşəsidir. Bizə gəlmədir. Birinci bəstəkarımız 20-ci əsrdə əsər yazmış Üzeyir bəydir. Ondan qabaq musiqimiz yox idimi? Var idi, amma Avropa anlamında bəstəkarımız yox idi. Birinci bəstəkar Üzeyir bəydir. Peşə gəlmə peşədir. Ona görə də peşəni özbaşına buraxsan, məhv olub gedər.

Bizdə indi özbaşına buraxıblar. Sovet İttifaqı bəstəkarların qayğısına qalırdı. Ona iş vermişdi, aş vermişdi və tələb edirdi. İndiki bəstəkarlara nə iş verən var, nə aş, heç tələb edən də yoxdur.

Ona görə elə bir təsəvvür yaranır ki, bəstəkarlar azdır, səviyyələri də aşağıdır. Amma 30-40 il bundan qabaq necə idisə, indi də elədir, davam edir. Uşaqlar yazırlar da, çalırlar da, sadəcə maraq göstərəsi adamlar maraq göstərmirlər.

Bir də o vaxtkı mühit indi yoxdur. Biz konservatoriyanı bitirəndən sonra ilk işimiz Bəstəkarlar İttifaqına üzv olmaq idi. İttifaqın xətti ilə Rusiyanın müxtəlif yerlərində yaradıcılıq evlərinə getmək şansı olurdu. Orada hərəyə bir kotec ayrılır, gündə üç dəfə yeməyini verirdilər, ətraf meşə, yazmaqdan başqa heç bir işin olmurdu. Yazmağa məcbur idin. Qayıdanda ittifaqa gəlib hesabat verirdin, “niyə az yazdın” deyə sorğu aparmırdılar, amma hər halda hesabat təqdim etməliydin.

İçimizdəki ağıllılarımız bir aya ciddi əsərlər yazırdılar. Əsərləri Mədəniyyət Nazirliyinə satırdıq. Sonra növbəti əsər, növbəti əsər... Bu mühit indi yoxdur. Bir-iki dəfə cəhd etdilər ki, yaratsınlar, amma hələ alınmır.

Bu mühit yaransa sizin bu sualınıza ehtiyac olmayacaq. Gənc bəstəkarlar var, amma görünmürlər.

“Elələri Ramizi heç dəstəkləməsin”

- Cavanşir bəy, Ramiz Rövşənlə keçmiş münasibətlərinizi hamımız bilirdik. Hazırda o münasibətlər qalırmı?

- Təbii ki...

- Onun Xalq şairi adı alması birmənalı qarşılanmadı.

- Bu məsələ ilə bağlı bir söz deyəcəm. Ramiz Rövşən çoxdan xalqın şairi idi. Ona rəsmən bu adı veriblərsə, bundan sonra Ramiz Rövşən pis şair oldu? Eyni şairdir. Və o ada layiqdirmi? Layiqdir. Ona görə mən ağız büzən insanları anlamıram. Qəbul etməməliydi? Bəs nə etməliydi? Bu insanların pozisiyası mənə aydın deyil. Sabah-birigün Prezident ona ömürlük təqaüd verə bilər, yaşı və haqqı çatır. Qəbul etməsin?

Mən belə tərəfdar istəmirəm. Elələri Ramizi heç dəstəkləməsin. Çünki dedikləri cəfəngiyatdır. Hesab edirəm ki, Ramiz Rövşən ondan da böyük titullara layiqdir. Çünki həqiqətən zamanımızın ən böyük şairidir.


Müəllif: Qurban Yaquboğlu, Foto: Elnur Muxtar, Nərmin Muradova

Oxşar xəbərlər