“Bir qayda olaraq müharibədən bəhs edən yaxşı filmlər müharibədən xeyli sonralar ərsəyə gəlir. Çünki keçmiş daha yaxşı dərk olunur. İndi daha çox sənədli filmlər çəkilməlidir”.
Bunu Teleqraf.com-a söhbətində Əməkdar artist, kinorejissor Elxan Qasımov deyib.
“Müharibədən, qələbəmizdən filmlər çəkiləcək, görünür, buna vaxt lazımdır. Sifarişlə sənət yaranmaz. Ssenarilər yazılır, onlar süzgəcdən keçəcək. Amma bütün hallarda biz sənətkar kimi o filmləri çəkməyə hazırıq”.
Elxan Qasımov “Biz qayıdacağıq” filminin ardını çəkmək istədiyini deyib:
“Biz qayıdacağıq” filmini çəkəndə hələ torpaqlarımıza qayıtmamışdıq. Amma içimizdə qayıdacağımıza böyük inam var idi. Filmin adından da görünür: “Biz qayıdacağıq”. Bu adın qoyulmasında da az çətinlik çəkməmişik. Məqsədim xalqı birliyə səsləmək, torpaqlarımıza qayıdacağımız günlərə inam yaratmaq idi.
Sevinirəm ki, o filmdə səsləndirdiyimiz fikirlər həyata keçdi. Filmin bir yerində qəhrəmanın anası ilə dialoqu var. Ana deyir, onlara denən bizə ev versinlər. Qəhrəman isə cavab verir ki, ana, bizim evimiz var, evimiz Xocalıdadır.
Bir epizodu da danışım, filmin sonlarında balaca qardaş qəhrəmana deyir: "Sən söz vermişdin ki, mənə Xocalının yolunu göstərəcəksən". Şəhidlər Xiyabanına gəlirlər, oğlan yenə deyir: "Mən burdan da Xocalını görmürəm". Onda böyük qardaş qayıdır ki, eybi yoxdur, duman çəkilər, görərik. “Duman çəkilər, görərik” ifadəsi bəzi məmurların xoşuna gəlmədi. Məcbur elədilər ki, o ifadəni filmdən çıxarım. Həmin ifadəyə siyasi məna verdilər, mənsə ümumi mənada deyirdim. Mən dünyanın bizə olan münasibətini nəzərdə tuturdum.
Bu filmin davamını “Biz qayıtdıq” adı ilə çəkmək istəyirəm. Bu barədə Natiq Rəsulzadə ilə söhbət edirik”.
Qeyd edək ki, 2007-ci ildə lentə alının “Biz qayıdacağıq” filmində Qarabağ müharibəsi bir uşağın dili ilə canlandırılır. Müharibənin bütün dəhşətləri bu balaca oğlanın gözü qarşısında baş verib. Onu öz torpağına qayıtmaq arzusundan heç bir güc döndərə bilməz.
Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsi, ermənilərin törətdiyi qətliamlar, Qarabağ müharibəsinin faciəvi nəticələri, qaçqın-köçkün taleyinin çətin məqamları filmin süjet xəttinin əsasında dayanıb. Erkən yaşlarında doğmalarını itirən Zakir Qasımovun (Pərvaz İbrahimli) payına isə bu müharibədən həyatın boz üzü və xatirələrin acısı düşüb.
Filmin qəhrəmanının atası Xocalı soyqırımı zamanı həlak olub. Gözəl səsi olan bu gənc Musiqi Akademiyasına getməyə hazırlaşsa da, həyat onun yolunu dəyişir.