Ötən gün doğum gününü qeyd edən xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamalın 66 yaşı tamam oldu.
Deyir, doğum gününü günün birinci yarısı universitetdə, ikinci yarısı isə evdə, ailəsi ilə birgə qeyd edib: “Bu gün (dünən - red.) universitetdə imtahanım var. Günün ikinci yarısı evdə olacam, ad günümü ailəmlə bərabər qeyd edəcəm. Yaş üstünə yaş gəlsə də, önəmli olan insanın can sağlığıdır. Bundan dəyərli heç nə yoxdur. Bir də ki, hər insan yaşlana bilmir. Bunu yaşamaq özü gözəl hissdir. Yaşımız artsa da, bu, yaradıcılığa təsir etmir. Çünki aktyor daima öz üzərində işləməlidir. Aktyor saçından tutmuş ayağına qədər özü alətdir. Hər kəs yaşından asılı olmayaraq o aləti həmişə saf saxlamalıdır. Aktyorda bu keyfiyyətlər varsa, ona qarşı da hər zaman hörmət, diqqət olar”. Bu illər ərzində teatrda aktyor ştatında işləməklə bərabər pedaqoji fəaliyyətini davam etdirən xalq artisti işindən xüsusi zövq alır: “Artıq neçə illərdir ki, Mədəniyyət və İncəsənət Universitetində ”Estrada və musiqili teatr aktyoru" kafedrasının professoruyam. Müəllim olmaq, gənclərə bu sənətin sirlərini öyrətmək böyük zövqdür. Müəllim yalnız öyrətmir, o həm də gənclərlə ünsiyyətdə olmaqla onlardan nələrsə öyrənir. Tələbələrimdən razıyam, onlar mənim balalarım kimidir. Tələbələrim bu il dördüncü kursu bitirirlər və onlarla bərabər diplom tamaşası hazırlayacağıq. Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini səhnələşdirəcəyik. Çalışdığım Musiqili Teatrda işləyən aktyor və aktrisalar arasında vaxtilə mənim tələbələrim olan gənclər var. Onlar, mənimlə bərabər bir səhnədə oynamaları çox gözəl hissdir".
Xalq artisti teatrdakı işlərindən də danışıb: “Teatrda yeni mövsümdə Emin Sabitoğlu, Cahangir Məmmədovun qələmə aldığı ”www.fərzəlikef.com" musiqi komediyasında, Üzeyir Hacıbəyovlinin “Ər və arvad”, “Qısqanc ürəklər”, “Mən dəyərəm min cavana”, Ramiz Mirişli, Marat Haqverdiyevin “Amerikalı kürəkən” tamaşasında oynayıram. O tamaşada həm oynayıram, həm də quruluş verirəm".
“Bəxtim gətirib”
Özünü bəxti gətirən aktyor hesab edən İlham Namiq Kamal deyir ki, rejissorlar heç vaxt ondan rol əsirgəməyiblər: “Mənim bəxtim onda gətirib ki, istər teatrda, istərsə də televiziyada rejissorlar məni həmişə rolla təmin ediblər. Ona görə də hansı rolu ifa etmək istədiyimi müəyyənləşdirməyə vaxtım olmayıb. Bunu dəfələrlə demişəm və deyəcəm, başqa aktyorlar söyləyirlər ki, mən filan rolun həsrətindəyəm. Mən isə deyirəm ki, həmin rol həsrətdə qalsın ki, nə vaxtsa İlham Namiq Kamal gəlib onu oynayacaq. Hər zaman rollarımı məsuliyyətlə ifa etməyə, rejissorların məndən istədikləri obrazları onlara verməyə çalışmışam. Bu illər ərzində oynadığım rollarımı böyük şövqlə ifa etmişəm və oynadığım istənilən obraz mənim içimdə qalır. Aktyorun çalışqanlığı olmasa, heç nə edə bilməz”.
İndiyə kimi serial təklifi almadığını deyən aktyor bu barədə tənqidi fikir bildirmədi: “Məncə, Azərbaycanda çəkilən serialları tənqid etməyək, sadəcə, bir az səbirli olaq. İnanıram ki, bu sahədə vəziyyət düzələcək və yüksək keyfiyyətli seriallar çəkiləcək”.
Qeyd edək ki, İlham Namiq Kamal 9 yanvar 1949-cu ildə Bakıda doğulub. 1966-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1989-cu ildə gənc rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi Gənclər Teatrında aktyorluğa başlayıb. Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989-1991-ci illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib. Qısa müddətdə Akademik Milli Dram Teatrında çalışan aktyor 2005-ci ildə yenidən Musiqili Teatrına qayıdır. Hazırda sözügedən teatrın aktyoru olmaqla yanaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Estrada və musiqili teatr aktyoru” kafedrasının professorudur. Məlumat üçün bildirək ki, ötən il 65 yaşını qeyd edən xalq artistinin yubiley tədbir keçirilməli idi. Amma bu tədbiri müxtəlif bəhanələrlə təxirə salındı.
Nərmin Muradova