4 Avqust 2023 14:25
1 713
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atatürk” serialının yayımlanmaması qərarını verən “Disney Plus” rəsmilərinin Türkiyə Böyük Millət Məclisinə (TBMM) çağırılacağı bildirilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri TBMM Rəqəmsal Media Komissiyasının sədri və AK Partiya Hatay millət vəkili Hüseyn Yayman deyib.

"Disney Plus"un qərarına ən sərt sanksiyaların tətbiq ediləcəyini deyən Yaymanın sözlərinə görə, parlament açılanda "Disney Plus Türkiyə" səlahiyyətlilərinə zəng olunacaq, ləğvi səbəbləri soruşulacaq.

Hüseyn Yayman İnformasiya Texnologiyaları Qurumunu hərəkətə keçməyə səsləyib: “Bu qərar "Disney Plus"un lisenziyasının ləğvindən tutmuş reklam qadağasına qədər hər cür təzminat tələb edəcəyik".

Həyəcanla gözlənilən serial

Ötən ildən Türkiyədə yayıma başlayan “Disney Plus” rəqəmsal platformasının ən gözlənilən layihəsi “Atatürk” serialı idi. Mehmet Ada Öztekinin rejissor kürsüsündə oturduğu serialda Mustafa Kamal Atatürkü Aras Bulut İynemli canlandırıb.

İlk tanıtım videosu ilə böyük marağa səbəb olan, “Lanistar Media” imzalı serialda Mustafa Kamal Atatürkün uşaqlıq illərindən Milli Mübarizəyə qədər keçdiyi yolu və onun insani keyfiyyətlərini önə çıxaran hadisələr qabardılıb.

Rəqəmsal yayım platforması “Disney Plus” tərəfindən bütün dünyada nümayiş etdirilmək üçün çəkilən “Atatürk” serialının 2023-cü ilin 29 oktyabrında yayımlayacağını açıqlamışdı. Təəccüblüdür ki, son zamanlar platforma serialın reklamını dayandırıb və ekran işini platformada yayımlamamaq barədə qərar qəbul edib. Ləğv qərarının erməni lobbisinin təzyiqi ilə alındığı iddia edilib.

Sənət adamlarının etirazları

Bu qərarın arxasında ABŞ-dəki erməni lobbisinin dayandığı iddiası Türkiyədə sənət adamlarının etirazlarına səbəb olub.

Müğənni Mustafa Sandal: "Ulu öndərimiz Mustafa Kamal Atatürklə bağlı serialın lobbiçilik fəaliyyəti ilə yayımının qarşısının alınması qəbuledilməz biabırçılıqdır! Atatürk yoxdursa, biz də yoxuq! "Disney Plus", ləğv et, getsin! Mən ləğv etdim. İndi sıra sizdə".

Aktrisa Eda Ece: “Türkiyə Cümhuriyyətinin vətəndaşı olan hər kəsin Atatürk ortaq sevgisi və minnətdarlığıdır".

Müğənni Demet Akalın: "Əgər bu doğrudursa, əlvida, Disney!"

Musiqiçi Sinan Akçıl: "Son aylarda şou dünyasında imtina etdiyim fürsətlərdən dolayı doğru yolda olduğumu bir daha anladım və bazardakı bəzi insanların ikiüzlülüyünə heyrət edirəm. Erməni lobbisi var, amma Türk lobbisi yoxdur? Eləmi? Çox təəssüf. “Disney Plus” Türkiyə dünyadakı sahibinə söz deyə bilmədiyin üçün sənə də yazıqlar olsun!"

Aktyor Berk Oktay: “Hər səhər adını qürurla hayqıran övladların ayaqdadır, sən rahat yat, atam...”

Sosial mediadan da “Disney Plus”a reaksiyalar gəlib. Minlərlə insan son hadisələrə öz münasibətini “Disney, ləğv et” həştəqini paylaşmaqla göstərib.

Digər tərəfdən Radio və Televiziya Üst Şurasının (RTÜK) sədri Ebubekir Şahin "Atatürk" serialının yayımdan çıxarılmasından sonra "Disney Plus" platforması ilə bağlı araşdırma başlanmasına qərar verildiyini sosial media hesabında açıqlayıb. O bildirib ki, mətbuatda əksini tapan erməni lobbisinin müdaxiləsi ilə bağlı iddialar ciddi şəkildə araşdırılır.

Müzakirələrdən sonra “The Walt Disney Company”nin Türkiyə baş direktoru Cenk Soner “Atatürk” serialının bütün dünya əvəzinə Türkiyədə iki film olaraq yalnız bir televiziya kanalında və kinoteatrlarda yayımlanacağını açıqlayıb.

“İlk film 29 oktyabr Respublika Günündə “Fox” televiziya kanalında, noyabrın 3-də kinoteatrda, ikinci film isə dekabrın 22-dən kinoteatrlarda yayımlanacaq. Hər iki film 2024-cü ilin yayında “Fox” kanalının ekranlarında nümayiş olunacaq”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər