Musiqili Teatrda Ə.Səmədlinin “Toya bir gün qalmış” tamaşasının premyerası keçiriləcək.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, Əli Səmədlinin “Ölüm hökmü” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.
Rejissorun sözlərinə görə, əsər, ötən əsrin 60-cı illərində yazılmasına baxmayaraq müasir günümüzdə də kifayət qədər aktualdır: “Dünya teatrları bu mövzuya bu gün müraciət etdikləri halda, Azərbaycan teatrları hələ illər öncə dəfələrlə bu əsəri tamaşaya qoyub. Əsərin motivində bir ailənin vəzifə, pul, maddi rifah naminə ailə başçısının ölüsündən belə öz mənfur məqsədləri üçün istifadə etmələri dayanır. Yalnız sonda bütün qara oyunlar gün işığına çıxır və qəhrəmanın dilindən tamaşaçıya “Mən doğru həyat yaşayırammı?” mesajı verilir”.
Əsas rollarda respublikanın xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, aktyorlardan Gülcahan Salamova, Əliməmməd Novruzov, Gültac Əliyeva, Hüseyn Əlili, Ziyadxan Cəbrayılov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova və Möylə Mirzəyev iştirak edirlər.
Qeyd edək ki, teatrda yanvarın 23-də O.Kazımi və R.Heydərin “Qızıl toy” tamaşası, yanvarın 30-da R.Hacıyev, E.Ocaqov, F.Zöhrabovun “Talelər qovuşanda”, 31-də isə E.Sabitoğlu və C.Məmmədovun “www.ferzeli-kef.com” əsərlərinə baxa bilərlər.
Nərmin