Ayaz Salayev: “Ssenaridə dəyişiklik olub”
Ötən ilin payız aylarında təqdimatı gözlənilən kinorejissor Ayaz Salayevin “Ağ qara gecələr” filmindən xəbər var. Ayaz Salayev qəzetimizə açıqlamasında deyib ki, filmin istehsalat prosesi tamamilə bitib: “Film çoxdan ”Azərbaycanfilm"ə təhvil verilib. İnşallah, yaxın vaxtlarda təqdim olunacaq". İndiyə qədər heç bir festivala filmi göndərmədiyini deyən rejissor bunun səbəblərini belə izah edib: “Filmi hələ ki, heç bir festivala göndərməmişik. Bunun da xüsusi səbəbi yoxdur. Sadəcə, hissiyyatıma güvənərək ”Ağ qara gecələr" filmini festivallara göndərməmişəm. Yəqin ki, gələcək üçün bu barədə konkret addımlar atılacaq. Amma hazırkı mərhələdə filmin yayımı, satışı ilə bağlı heç bir xarici distribyutor şirkətləri ilə danışıqlar aparılmayıb".
Məlumat üçün bildirək ki, “Yarasa”dan uzun illər sonra 2008-ci ildə kinorejissor Ayaz Salayev ikinci bədii filminin çəkilişlərinə başladı. “Azərbaycanfilm”in istehsalı olaraq ortaya çıxması planlaşdırılan “Üçbucaq TV” elə həmin ilin sonlarında da təqdim olunmalı idi. 2009-cu ildə “Ehram TV” adı ilə ekrana çıxması gözlənilən filmin ətrafında böyük qalmaqal yarandı, dedi-qodular günü-gündən böyüdü. Qeyd edək ki, filmin ilkin variantında üç baş rol ifaçı var idi: ikisi Azərbaycan aktyorları - Rasim Balayev və Fuad Poladov, üçüncüsü isə İran aktyoru - Şəhab Hüseyni.
O vaxt Mədəniyyət və Turizm Nazirliyinin kino istehsalatı sektorunun rəsmisi Cəmil Fərəcov mətbuata açıqlamasında filmdə bəzi məqamların nazirliyin xoşuna gəlmədiyini və film üzərində redaktə işlərinin aparıldığını bildirdi. Amma sonrakı proseslər göstərdi ki, filmin ssenarisində dəyişikliklər edilib və böyük hissəsi yenidən çəkilib.
Filmin yenidən çəkilməsinə gəlincə, rejissor bildirib ki, ssenarisində çox az dəyişiklik olub: “Filmi yeni və başqa cür çəkdim. Demək olar ki, ssenaridə çox az dəyişiklik olub. ”Ağ-qara gecələr" adlandırdığımız filmdə rollara Fəxrəddin Manafov, Solmaz Süleymanlı, Rasim Balayev və başqaları çəkilib".
Nərmin