Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın yaradıcılıq işlərinə start verilib. Bu dəfə teatr gənc yazıçı və dramaturq Pərvinin yaradıcılığına müraciət edib.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, dramaturqun teatr ilə növbəti işbirliyi Azərbaycan xalq nağılları əsasında səhnələşdirdiyi “Dəcəl keçi” pyesidir. Tamaşanın bədii rəhbəri, teatrın baş rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rejissoru Ayla Osmanovadır.
Kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası keçinin timsalında xudbəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlər tənqid olunur.
Yeni səhnə əsərində rolları teatrın gənc aktyorları Səbinə Məmmədova, Aydın Dəmirov, Yusif Dadaşov, Ədalət Əbdülsəməd, Eyvaz İbrahimov, İlqarə Tosova, Hüsniyyə Əhmədova, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Anar Seyfullayev və Bəhram Həsənov ifa edəcəklər.
Tamaşanın premyerası mart ayının 7-də baş tutacaq.
Nərmin