Tanınmış aktrisa Günəş Mehdizadə Qazaxıstanda keçirilən "Biken" Beynəlxalq Teatr Festivalında “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
Teleqraf.com xəbər verir ki, Qazaxıstanın Taldı-Kurqan şəhərində keçirilən “BİKEN” Beynəlxalq Teatr Festivalı Türk Dövlətləri Təşkilatının (TDT) himayəsi ilə baş tutub. Sentyabrın 29-dan oktyabrın 4-dək davam edən festival bu il Qazaxıstanın görkəmli sənətçisi, Xalq artisti Biken Rimovoyun anadan olmasının 100 illik yubileyinə həsr olunub.
Günəş Mehdizadə saytımıza açıqlamasında bildirib ki, “YUĞ” Dövlət Teatrı festivala Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” əsəri əsasında hazırlanan “Toy dəstgahı” tamaşası ilə qatılıb:
“Festival çox gözəl keçdi. Kollektivimizi çox mehriban qarşıladılar. Bilirsiniz ki, “YUĞ" Teatrının öz dəsti-xətti var və bunu beynəlxalq festivallarda bilirlər. Həm teatr xadimləri, həm də tamaşaçılar bizdən tez-tez tamaşamızın göstəriləcəyi günü soruşurdular.
Festivalda “Ən yaxşı aktrisa” mükafatına layiq görüldüyümü biləndə çox təəccübləndim, eyni zamanda sevindim. Kino sahəsindəki işlərimlə əlaqədar olaraq vaxtaşırı film festivallarında iştirak etmişəm. Amma bu, teatrla ilk beynəlxalq festival çıxışım idi. İlk olduğuna görə də mükafata layiq görüləcəyimi heç düşünmürdüm. Çox gözlənilməz oldu. Bunu teatrda ilk uğurum hesab edirəm".
Rolu barədə danışan aktrisa bildirib ki, rejissor Günay Səttarın quruluş verdiyi “Toy dəstgahı”nda Xan və Xanım çaydan zəhərləndiyinə görə hadisənin günahkarları axtarılır.
"Hamı bir-bir özünü təmizə çıxararaq günahsız birini ittiham edir. Sonda günahsız qurban verilir və öldürülür. Mən tamaşada nökəri oynayıram. Səhnə əsərində digər xətt aşiqinə qovuşan gəlinlə bağlı idi. İki hadisənin yanaşı təqdim olunması festival tamaşaçıları, münsifləri tərəfindən çox bəyənildi. Tamaşanın mövzusu günümüzlə səsləşir. Bu gün də hadisə baş verəndə insanlar günahkar axtarmağa başlayırlar. Və bir zəif seçib ona yüklənirlər”.
Aktrisa bildirib ki, mükafatı ona teatrşünas İsrafil İsrafilov çatdırıb: “Biz festivalın bağlanış mərasiminə qala bilmədik. Oktyabrın 4-də teatr kollektivi ilə geri qayıtdıq. Diplomu və pul mükafatını İsrafil İsrafilova təqdim ediblər. O da gələndən sonra mənə verdi. Məni belə bir mükafata layiq bilən hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, “Toy dəstgahı”nda rolları Təranə Ocaqverdiyeva, Vüqar Hacıyev, Oqtay Mehdiyev, Günəş Mehdizadə, Amid Qasımov, Elgün Həmidov, Nigar Mürsəlova ifa edirlər.