3 Noyabr 2023 09:14
11 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın tanınmış fotoqraflarından olan Reza Deqatinin fotoları aparıcı beynəlxalq jurnallarda dərc olunur. O, dünyaya təkcə əzab və sarsıntıları deyil, həm də bəşəriyyətin bir parçası olan incəsənəti, mədəniyyəti, adət- ənənələri numayiş etdirir.

Qarabağla bağlı böyük miqyaslı layihəsini gerçəkləsdirmək üçün Bakıya gələn məşhur fotoqrafla həmsöhbət olmaq fürsətini əldən vermədik.

- Reza bəy, səhv etmirəmsə, sizin əsliniz Təbrizdəndir.

- Mənim atam-anam ərdəbilli idi. Kökümüz ordan gəlir. Ata tərəfdən şeyx Səfiyəddinlə qohumluğumuz olub. Mən özüm Təbrizdə doğulmuşam. 13 yaşına kimi orda yaşamışam.

- Bəs necə olub ki, ailəniz Ərdəbildən Təbrizə köçüb?

- Atamın işinə görə, ictimai fəaliyyətilə əlaqədar Təbrizə gəliblər. O, nazirlikdə işləyirdi.

- Demək, ziyalı ailəsindənsiniz...

- Bəli, ata tərəfdən olan qohumlarımız əsasən müəllim, savadlı insanlar olublar.

- Siz fotoqraflığa 13 yaşından başlamısız. Peşə seçiminə hələ o vaxtdan qərar vermişdiniz?

- Mənim uşaqlıqdan incəsənətlə bağlı arzularım vardı. Bu arzuların yaranmasina böyüdüyüm mühit səbəb olmuşdu. Atamın dostları arasında şairlər, yazıçılar çox idi. Axşamlar çay içməyə, söhbət etməyə bizim evə yığışardılar. Onlardan biri də Məmmədhüseyn Şəhriyar idi. Tusi adlı bir şair də vardı... İqbal Azər adlı müğənni vardı... Mən də onlara çay aparanda, oturub söhbətlərinə qulaq asardım.

- Böyük şairimiz Şəhriyar necə yadınızda qalıb?

- O zaman siqaret paketləri indiki kimi sadə deyildi, ağ qutudan ibarət idi. O qutunun içində kiçik siqaretlər olardı. Şəhriyar o qutuya elə siqaret boyda bir qələm qoyardı. Söhbət əsnasında bir də görürdün dayandı, üzü dəyişdi. Bilirdim ki, ona ilham gəlib. Onu izləmək mənə maraqlı idi. Diqqətlə baxırdım ki, görüm incəsənət adamları ilhamlı çağlarında necə olurlar?

Həmin anlarda mənə deyərdi ki, Məmi (mənə "Məmi" deyərdi), get qutunu mənə gətir. Qutunun içindən qələmi götürüb kartonun üstündə şeir yazardı, sonra oxuyardı. Çox maraqlı olardı, hamı əl çalardı, "əhsən" deyərdi.

Mən ümumilikdə incəsənəti çox sevirdim. Yadıma gəlir ki, bir dəfə uşaq vaxtı mənə sual vermişdilər ki, böyüyəndə kim olmaq istəyirsən? Demişdim ki, böyüyəndə zənci rokçu olacam (gülür). Bir bacım vardı, Pərivəş adında, o da rəssamlıqla məşğul olurdu.

- İncəsənətlə məşğul olmaq bəlkə də sizdə genetik arzu olub...

- İki cür görüntü uşaqlıqdan, 7-8 yaşlarından məni çox düşündürüb. Onları görəndə mənə başqa bir hal gəlirdi, çox təsirlənirdim. Bu gördüyüm ürəyimdə özünə möhkəmcə yer edirdi. Bunun biri gözəllik idi. Gözəllik insanda da ola bilərdi, təbiətdə də. Fərqi yoxdur, bina olsun, bulud olsun, gül olsun. Onun gözəlliyini görəndə ürəyim çırpınırdı.

Eyni halı ədalətsizlik, haqsızlıq görəndə də yaşayırdım. Bir uşağın ədalətsizlik anlayışı necə ola bilər? Məsələn, baxırdım ki, bir uşağın başmağı yoxdur. Ya da kasıbdır, dilənçidir. Bunları görəndə həmin oxşar hal keçirirdim, ürəyim sürətlə vururdu.

Sarsılırdım, tez ətrafdakı insanların yanına qaçar, onların da mənim gördüklərimi görməsini istəyərdim. Bu insanların arasında tanıdıqlarım da olurdu, tanımadıqlarım da. Fərqi yoxdur, hamının həmin gözəlliyin və ya haqsızlığın şahidi olmasını istəyirdim. "Gəl bax gör orda nə gözəl gül var!", ya da "Bax gör bu uşaq necə yoxsuldu, ayağında başmağı da yoxdu".

- Və bütün bunları tanıdığınız və tanımadığınız insanlara göstərmək üçün siz foto aləmini seçdiniz.

- Görəndə ki, mənim dediklərim adamlara təsir etmir, düşündüm ki, bəlkə şəkil çəkməklə onlara təsir edə biləm. Özüm fotoqrafçılığı öyrənməyə başladım - əvvəl Təbrizdə, sonra Tehranda. Orda nə müəllim vardı, nə sinif otağı. Çox çətinliklə iki-üç ilə öyrəndim ki, lenti aparata necə qoyarlar, necə yuyarlar, çəkilənlər lentdə film kimi necə əks olunar...

- Amma öyrənməyə can atdığınız foto sənəti sizə o illərdə böyük problem yaşatdı. Yoxsulların şəkillərini çəkdiyiniz üçün həbs olundunuz, işgəncələrə məruz qaldınız. Siz inqilab etməyə çalışırdız, fikirlərdə, düşüncələrdə... Şəxsən iştirak etdinizmi İran inqilabında?

- O vaxt İranın əhalisinin yüzdə səksəni şah hökumətini istəmirdi. İndi, 40 ildən sonra adam düşünür ki, niyə istəmirdilər? İndiki vaxtla müqayisə ediləndə, aclıq yox idi, kim nə cür istəyirdi, geyinirdi. Təhsildə irəliləyiş vardı. Hər gün yeni məktəblər, universitetlər açılırdı. Bütün bunlar çox əla idi. Amma bir məsələ yox idi, o da azadlıq idi. İnsanlar öz sözlərini deyəndə həbs edilirdilər.

- Əgər ictimai narazılıq yox idisə, insanlar nədən şikayət edə bilərdilər? Şahı nə qorxudurdu?

- Məsələ çox qarışdı, xaricdən də müdaxilələr oldu. İranın Avropa, ABŞ ilə neft, qaz müqaviləsi vardı, 1979-cu ildə bu müqavilənin vaxtı qurtarırdı. Şah da 1975- çi ildən müsahibə verməyə başlamışdı ki, müqavilə qurtarandan sonra mən xaricə neft, qaz verməyi dayandıracağam.

O vaxt Böyük Britaniyadan jurnalistlər çox gəldilər, müsahibələr aldılar. İndi o dövrə baxanda adam düşünür ki, bəlkə də elə bu məsələ üçün gəlmişdilər.

Şahı sorğu-suala çəkəndə, o deyirdi, bəli, mən istəyirəm ki, neftin, qazın pulundan öz millətim faydalansın. İndi adam düşünür ki, şahın getməyi ilə bu sözlər arasında bəlkə də bir əlaqə vardı.

- Bu da xarici qüvvələrin müdaxiləsinə səbəb oldu...

- İçəridə də problemlər vardı. Maddi təminat olsa da, xüsusilə azərbaycanlıların mənəvi çətinlikləri vardı. Mənim yadımdadır ki, məktəbə gedəndə bizimlə farsca danışmağa başladılar, bu bizə çox çətin idi. Axı evdə, şəhərdə hamı Azərbaycan dilində danışırdı.

Müəllimin cibində xüsusi qələmlər olurdu. Biz Azərbaycan dilində danışanda o həmin qələmləri barmaqlarımızın arasına qoyub sıxırdı.

Bilirsiz, bir insana yemək verin, geyim verin, ev-eşik verin, amma təhqir eləsəz, o bir zaman sizin əleyhinizə çıxacaq.

- İnsan alçaldılmağı bağışlamır.

- Bəli, bağışlamır. İranda da belə oldu. Baxmayaraq ki, ərzaq problemi yox idi, məktəb, universitetlər vardı, qadınlar azad idi, diskotekalar, barlar açıq idi. Din ancaq evdə idi, ictimai işlərə, dövlət işlərinə qarışmırdı.

Başqa səbəblər də vardı: İranda olan solçular, İranın Rusiya ilə əlaqəsi, Avropanın bundan qorxuya düşməsi və sair. Bütün bunlar şahın devrilməsinə səbəb oldu.

- Şah devriləndən sonra da insanlar aydınlığa çıxmadı...

- O vaxt Qvadelupe adasında ABŞ, İngiltərə, Almaniya və Fransanın başçıları yığışıb məşvərət edirlər ki, İrana kimi gətirək? Belə qərara gəlirlər ki, hakimiyyətə Xomeynini gətirsinlər.

Xomeynini Fransaya dəvət edirlər. Onun ixtiyarına ən böyük radiostansiya, ən nüfuzlu televiziya kanalı verirlər. Çıxışlarında, müsahibələrində görün Xomeyni nə deyirdi? Deyirdi ki, əgər mən hakimiyyətə gəlsəm, mollaların hamısı məscidə qayıdacaq. Hökumət ziyalı və ədalətli adamların əlində olacaq.

İkincisi, qadınlar azad olacaq, istədikləri kimi geyinə, istədikləri kimi azad həyat sürə biləcəklər. Üçüncüsü, kommunist partiyası və başqa partiyalar öz azad fikirləri dilə gətirə biləcəklər.

Dördüncüsü, hər vətəndaşa, əgər ehtiyacı olarsa, pulsuz-parasız ev veriləcək. Beşincisi, su, işıq, qaz kimi kommunal xərclər həmişəlik pulsuz olacaq. Hansı millətə bunları desələr, hamısı dördəlli razılıq verər.

Xomeyni hakimiyyətə gələndən sonra hamını aldatdığı məlum oldu. Ona sual verdilər ki, siz Parisdə çoxlu vədlər vermişdiz, bəs niyə heç biri olmadı? Dedi ki, İslamda "xudə" adında bir söz var, əgər lazım gələrsə, yalan deyə bilərsən.

İran dünyanın səkkizinci zəngin dövlətidir, amma əhalisinin 50 faizi yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır. Qadınlara nəinki azadlıq verildi, hətta buna cəhd edənlər amansızcasına öldürüldü.

- Bu günlərdə İranda daha bir qadın əxlaq polisi tərəfindən qətlə yetirildi, hicabsız olduğuna görə...

- Hələ minlərlə belə qətllər ört-basdır edilir. Benzinin qiymətinin artmasına etiraz etmək üçün xiyabanlara çıxan 1500 adam öldürüldü. Bu, hökumətin özünün dediyi rəqəmdir.

Xarici mətbuatın yazdığına görə, 3 gündə qətlə yetirilən insan sayı 4500 nəfərdir. Hamısı da snayperdən vurulur. Snayperləri binaların üstünə yerləşdirirlər... Bununla yanaşı, ovçu gülləsindən də istifadə edirdilər. Bu güllələrlə insanların üzlərini nişan alırdılar. 500 adam beləcə kor oldu. Bundan böyük cinayət bəlkə tarixdə olmayıb.

"İran hökumətinin haqsızlıqlarını cəkib göstərən ilk adamam"

- Reza bəy, siz də İran zülmündən Fransaya pənah apardınız? Yəqin ki, vətəndən ayrılmaq qərarını vermək də asan deyildi.

- Mən İran inqilabından əvvəl memar kimi çalışırdım. Fotonu da, dediyim kimi, 13 yaşından öyrənmişdim, bütün ürəyim fotoda idi. Memarlıq tələbəsi olanda İranı kəndbəkənd, şəhərbəşəhər gəzər, tarixi abidələri çəkərdim.

Əslində marağım insanların yaşayışı idi. Şah vaxtı insanların yaşayışını çəkmək bir az çətin idi. Ona görə memar adıyla gedirdim.

İnqilabdan sonra isə Xomeyninin etdiyi haqsızlıqları, ədalətsizlikləri çəkməyə başladım. O zaman Fransada beynəlxalq foto agentliyi vardı. Sahibi də İstanbuldan gəlmiş bir türk idi. Dünyanın üç böyük fotoagentliyinin biri elə ona aid idi.

Fotolarımı həmin agentliyə göndərdim. Maraqlarına səbəb oldu, dedilər yüksək səviyyəli işlərdi. Bütün dünyadan agentliyə fotoşəkillər göndərilirdi, onlar da ən yaxşılarını seçib iyirmi mindən çox kütləvi informasiya vasitələrinə yollayırdılar. Özü də dünyanın ən nüfuzlu media orqanlarına.

Əvvəllər şəkli ozüm üçün, ətrafdakı insanlar üçün çəkirdim, birdən-birə çəkdiyim fotolar dünyanın ən aparıcı jurnallarının üz qabığında, içində gorünməyə başladı. Dünyada tanınmağa başladım, amma İranda "Reza" imzalı müəllifin kim olduğundan xəbərləri yox idi. İmzam sadəcə "Reza"dan ibarət idi, çünki İranda kişilərin əlli faizinin adında "Reza" vardı: Əlirza, Məmmədrza, Qulamrza...

Həmişə olduğu kimi, ədalətsizlikləri, haqsızlıqları fotolarımla açıb göstərirdim. "İrani İslami Cümhuriyyət" adlı hökumətin vəhşiliklərini ilk dəfə mən dünyaya şəkillərimlə çıxarmışam. Hökumətin günahsiz insanlara tutduqları divanı, onları vəhşicəsinə döydüklərini, dara çəkdiklərini - hamısını çəkib göstərirdim.

Bir gün "Reza" imzası ilə çəkilən şəkillərin əsl müəllifinin kim olduğu bilindi. İlk təzyiq onda başladı ki, məni çağırıb jurnalist vəsiqəmi onlara verməyimi istədilər. Vəsiqəmi verdim. Sonra dedilər ki, bu gündən əlinizdə aparat evdən çıxa bilməzsiz. Bunu sizə qadağan edirik.

Güldüm, dedim belə qadağa dünyada olmayıb. Dedilər, fotoaparatla sizi görsək, həbs ediləcəksiz, başqa böyük problemləriniz də ola bilər. Dedim, yaxşı. Amma onlar məni tanımırdılar. Bilmirdilər ki, mənə bir şeyi qadağan etmək istəsələr, mən hər gün bunu edəcəyəm…

- Zülmə inad olaraq...

- Elə oldu ki, sonra İran-İraq müharibəsi başladı. Çəkiliş etməyə getdim - yenə başqa adla, başqa vəsiqəylə. O zaman internet-filan yox idi, kim biləcəkdi? Ona görə başqa adla, başqa vəsiqə ilə işləmək çox rahat idi.

Dostlarım bir gün mənə dedilər ki, İranda qalmaq sənə ağır başa gələ bilər, ya tutacaqlar, ya da öldürəcəklər. İrandan çıxıb Fransaya getdim.

- Niyə məhz Fransaya?

- Əvvəla, mənim işlədiyim agentlik Fransada idi. İkinci səbəb bu idi ki, peşəkar fotoqrafların yığışdığı iki şəhər vardı: biri Paris idi, biri Nyu-York. Bunların ikisindən birinə gedəcəkdim.

- Sərhəddə sizə problem yaratmadılar?

- Təsadüfən hadisələr məntiqə uyğun oldu. Mən İran-İraq müharibəsində betər yaralandım. Əlimə qəlpə düşdü. O zaman İran sərhədləri bağlı idi. Çıxa bilməyəcəkdim. Viza üçün getdim, dedim, mən tələbəyəm, könüllü müharibəyə gedib yaralanmışam. Fotoqraf olduğumu gizlədim. İndi xaricə müalicəyə getmək istəyirəm.

Beləcə, müharibə yarası hesabına İrandan çıxdım. 1981-ci ilin mart ayı idi, yadımdadı. 20 gündən sonra polislər məni tutmaq üçün evimə tökülüşdülər. Ata-anam demişdi ki, Reza artıq gedib. Quş qəfəsdən uçub.

- Ailənizi incitmədilər ki?

- İncitdilər. Bacımın oğlunu türməyə saldılar. Ata-anam onu çox istəyirdi, rəhmətə gedən bacımdan yadigar elə bircə bu oğlan qalmışdı. O vaxt 16-17 yaşı vardı. Onu tutandan sonra atamın ürəyi dözmədi, partladı...

- Bəs Fransa sizi necə qarşıladı?

- Fransa dünyada bəlkə də birinci ölkədir ki, incəsənət adamlarına ən yüksək qiyməti verir. Düzdür, mən ora gedəndə tanınmış fotoqraf idim, çəkdiyim şəkillər dünyanın bütün jurnallarında dərc olunurdu. Amma məni daha yüksək səviyyədə qarşıladılar.

- Sənətə belə böyük dəyər verirlər...

- Çox dəyər verirlər. Ağ olun, qara olun, müsəlman olun, xristian olun, heç fərqi yoxdur. İncəsənət adamı olanda, sizin dini, milli mənsubiyyətinizə deyil, işinizə baxırlar.

Bir həftə əvvəl böyük bir şəhərdə bir sərgim var idi. İnsanlar küçədə məni görəndə saxlayırlar, duyğularını bölüşürlər, imza alırlar. İnsan faciələrini göstərən fotolarımdan söz açıb göz yaşı tökürlər. Onlar 40 ildir mənim işlərimi görürlər və onu da görürlər ki, mən haqqın tərəfindəyəm. Ona görə ermənilər mənim qarşımda heç nə edə bilmirlər. Baxmayaraq ki, Fransada əlləri hər yerə çatir. Sərgimə gəlirlər, şəkillərimi cırırlar, ya da hədə-qorxu gəlirlər.

Məsələn, hansısa bir qalereya mənim fotolarımı sərgiləmək istəyir, onlara deyirlər ki, əgər onun fotolarını sərgiləsəz, gəlib buranı dağıdacağıq. Qalereya sahibləri də bəzən qorxub imtina edir.

Maliyyə cəhətdən ermənilər mənə çox zərər vurub. Kitablarımın çıxmasına, sərgilərimə mane olmağa çalışırlar. Amma fransızlar mənə inanırlar.

- Siz Fransada olarkən o taylı, bu taylı Azərbaycanı heç unutmadız...

- Vətəni unutmaq olar? Bir şeir var, vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz. Eynən odur da. Amma 43 ildir ki, Təbrizə gedə bilmirəm.

- Getsəz, yəqin ki, sizi həbs cəzası gözləyir.

- Həbsdən də böyük problemlərim ola bilər. Mən İranda olanda da onların cinayət əməllərini açıb göstərirdim, eləcə də 42 ildir dünyanın hər yerində bu fikri vurğulayıram ki, din insanların ya ürəklərində olmalıdır, ya da məbədlərin, məscidlərin içərisində. Din hökumətə qarışmamalıdır.

"Məhərrəm və Siracla hadisədən qabaq görüşmüşdük"

- Siz həm Birinci, həm İkinci Qarabağ müharibəsində çox nadir fotolar çəkmisiz. Yəqin Qarabağ müharibəsi seriyasindan olan fotolar sizin karyeranızda ayrıca bir mərhələdir?

- Mən artıq 44 ildir ki, peşəkar jurnalist, fotoqraf kimi dünyanı gəzirəm. Həmişə elə yerlərə getmək istəmişəm ki, orda insanların səsləri dünyaya çatmır. Harda ki, insanların dərdləri başqa cür göstərilir. Azərbaycanda Qarabağ məsələsi eynən onlardan biriydi mənə.

Qarabağ hadisələrini mən 90-cı illərdən müşahidə edirdim. İki zülm görürdüm. Birinci zülm o idi ki, bir məmləkətin ordusu yoxdur, o biri məmləkətin isə ordusu çoxdur və ona kənardan da kömək edirlər.

İkinci zülm o idi ki, xarici media əksini yazırdı: "Azərbaycanlılar erməniləri öldürürlər".

- Həm də Qarabağ hadisələri xarici mediada xristian-müsəlman müharibəsi kimi qələmə verilirdi.

- Bəli, belə yazırdılar. Ermənilər bu fəndlə amerikalıları, avropalıları öz tərəflərinə çəkmək istəyirdilər.

Mən fotolkameramla bu olayları işıqlandırmaq, insanlara əsl həqiqəti göstərmək istədim. 30 ildir bu işlə məşğulam. Həm Birinci, həm İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Çünki indi dünyada informasiya müharibəsi gedir. İnformasiya müharibəsində də ermənilər saxta faktları dünyaya çıxarmağı yaxşı bacarırlar.

Onların çox-çox əvvəldən planları vardı, hər şeyi əvvəlcədən düşünmüşdülər. Müharibə plansız olmaz. Necə ki, Azərbaycan illərlə plan cızdı və bu plana əsasən rayonları işğaldan azad elədi.

- Siz müharibədən sonra işğaldan azad edilmiş yurdlarımıza, minalanmış ərazilərə yollandınız. Təhlükənin bir addımlığında olmaq nə demək idi?

- Mən 40 ildir təhlükənin bir addımlığında gəzirəm. Qarabağ da digər müharibələr kimi. İnsan dəqiq bilmir harda mina olacaq, harda olmayacaq, amma elə bil içimdən bir səs diktə edirdi ki, ayaq basım, ya basmayım.

Dünyanın müxtəlif yerlərində müharibələrdə olmuşam, yüz dəfədən çox olub, demişəm ki, artıq sonumdur. Dəfələrlə yaralanmışam. Hələ də bu işi davam etdirirəm. Çünki bəşəriyyətin xoşbəxt sonuna inanıram.

- Siz Kəlbəcərdə olanda bizim iki media nümayəndəsi Məhərrəm İbrahimov və Sirac Abışov minaya düşdü. Yəqin ki, onlarla orda görüşmüşdünüz.

- Biz sübh çağı görüşmüşdük. Aramızda söhbət oldu ki, kim hara gedir. Mənim çəkəcəklərim başqaydı, onlarınkı başqa. Dedim, xub, bərabər gedərik. Onlar gedəcəkləri yolu göstərdilər. Mən başqa maşındaydım, onlar da "Kamaz"da idilər.

Mənim iş üslubum bir az fərqlidir. Maşında gedəndə nəsə maraqlı bir şey görürəmsə, saxlayıram, düşürəm, ta onu çəkib qurtarmayana qədər yola davam etmirəm.

Yolla gedəndə bir-iki mənzərə mənim diqqətimi çəkdi. Maşını saxlayıb düşdüm. Yarım saat gecikdim. Yenidən yola düşəndə ANAMA-nın işçiləri qabağıma yüyürdülər ki, ora getməyin. Dedim, orda dostlarımız var. Dedilər, elə həmin dostlarınız minaya düşdülər. Çox böyük sarsıntı oldu...

- Adətən görüşəndə nədən danışırdız?

- Məhərrəm və Siracla daha əvvəl başqa bölgədə də rastlaşmışdıq. Onlar da mənim kimi kəndbəkənd gəzib 30 ildə yurdumuzun başına gətirilənləri kameranın lentinə köçürmək istəyirdilər. Hətta bir dəfə demişdim, mən ki bunları çəkirəm, siz daha niyə başqa adam yollayırsız? Mən əslində memaram, həm də memar gözüylə baxıb çəkirəm. Tale işidir...

- Biz bir xəbərə də rast gəldik: "Reza Dehqati təhlükədən son anda döndü". Şəkildə siz minaaxtaranın arxasınca gedirdiz. Şəkildən bəlli idi ki, siz necə bir təhlükənin içindəsiz. Hər an bir mina partlaya bilərdi.

- İki-üç ildir Qarabağı qarış-qarış gəzirəm, ilk dəfə idi ki, minaaxtaran mənim qarşımda gedirdi. Mən heç vaxt minaaxtaranlarla bir yerə getməmişəm. Elə vaxt olub ki, mən ANAMA-nın müdirinə, ya başqa minaaxtaranlara demişəm ki, filan kəndə gedirəm. Deyiblər, biz oranı təmizləmişik, amma yenə də yüz faiz demək olmaz ki, mina var, ya yox.

Məsələn, mən məzarlıqlara gedirəm, oraları çəkirəm. Heç kim bilmir ki, oralarda mina qalıb, ya yox. İndinin özündə də Avropanın ərazilərində İkinci Dünya Müharibəsində basdırılan minalar tapılır. Halbuki müharibədən 70 il keçib. Ona görə də demək olmaz Qarabağ tam minasızdır.

- Siz dediz ki, içimdən bir səs hara gedəcəyimi diktə edirdi. Onda bu illər ərzində sizdə təhlükəni hiss etmək kimi bir intuisiya formalaşıb.

- Bu vaxta kimi sağ qalmağıma səbəb elə o intuisiyadı. Mən elə hər gün, hər an, hər küçənin döngəsində belə halla qarşılaşıram.

Yadımdadır, Beyrut bir zamanlar mühasirədə idi. Mən də ordaydım. Beyrut minalı, qəzalı vəziyyətdə idi. Minalı ərazilərdə yol tapmağa çalışırdım. Görürdüm ki, fotoqraflar öz aralarında danışırlar ki, Reza hardan gedir, gəl biz də ordan gedək (gülür).

Düzünə qalsa, doğrudan da bəzən elə bil təhlükəni hiss edirdim. Tutaq ki, hardasa otururduq, mən deyirdim ki, cəld burdan gedək! Qalxıb gedirdik və bir dəqiqədən sonra ora bomba düşürdü. Ona görə jurnalistlərin çoxu arxamca gəlirdi.

-Reza bəy, sizin azad edilmiş yurdlarda son mərhələ şəkilləriniz Xankəndi ilə bağlı olacaq. Bu fotoları siz kitab şəklində dünyaya təqdim etməyi düşünürsüz. Sizcə, bu kitab dünya ictimaiyyətinin fikirlərinə necə təsir edəcək?

- Mən üç il ərzində azad olunmuş yurdları həm foto, həm də videokameranın yaddaşına köçürmüşəm. Ekoloji təxribatla bağlı məqamlar, tarixi binalar, məzarlıqlar, çaylar - hər birini çəkmişəm.

Yüz il ərzində ermənilərlə azərbaycanlılar arasında bu cür gərginlik olub. Bu konfliktdə zülm gorən tərəf azərbaycanlılar olub. Amma yüz il ərzində Azərbaycanın əlində elə bir material olmayıb ki, dünyaya təqdim edib özünün haqlı olduğunu tam sübut eləsin.

İndi əlimizdə belə bir material var. Bu, mənim materialımdır. Qarşımızda duran məsələ bunları dünyaya necə çatdırmaqdır. Bu, sadəcə kitab deyil. Bu, əsərdi, sənətdir, tarixi sənəddir. Azərbaycanın əlində yüz ildir ki, bu cür material olmayıb.

Əgər dünyanın siyasət adamları, ziyalı şəxsləri, media mənsubları bunları görsələr, mən yüz faiz əminəm ki, baxışları dəyişəcək.

"İngilis də, afrikalı da eyni hissləri keçirir"

- Reza bəy, sizcə, insanlıq foto sənətinin bütün sirlərini çözübmü? Gələcəkdə bu sənətlə bağlı daha hansı kəşflər ola bilər?

- Texnologiya durmadan inkişaf edir. Amma kamera da qələm kimidir. Necə ki, hamının əlində qələm var, amma hamı Bəxtiyar Vahabzadə ola bilmir, bu da elə. Texnoloji vasitələr bizə kömək edə bilər, amma əsas onu işlətmək məsələsidir.

- Mən sizin bəzi əsərlərinizdə impressionist rəssamların tablolarının effektini görürəm. Mənə elə gəlir, siz rəssam da olmaq istəmisiz.

- Uşaq vaxtı rəssam olmaq istəyirdim, ola bilmədim. Amma impressionistlərin üslubunu çox xoşlayıram. Van Qoq, Pol Sezan, Monenin yaradıcılığıyla çox maraqlanmışam, Parisdə evlərini tapıb ziyarət etmişəm.

- Reza bəy, sizin fotoları "danışan fotolar" adlandırırlar, siz buna necə nail olursuz?

- Bu ay üç ölkədə - Fransa, İspaniya və Rumıniyada həm sərgim oldu, həm də fotolarımı təqdim edərək konfrans keçirdim. İndiyədək dünyada 360 sərgim olub. Maraqlıdır ki, istər Çində olsun, istər Yaponiyada, istər Amerikada, istər İngiltərədə, istərsə də Afrikada - insanlar eyni hisslər keçirir. Mən bilirəm ki, bir fotoya ingilis də, çinli də, azərbaycanlı da, afrikalı da baxsa eyni duyğuları yaşayacaq və göz yaşı tökəcəklər. Və elə bir foto olur ki, kim baxsa, - fərqi yoxdur, çinli, yaxud afrikalı, - ruh yüksəkliyi yaşayır, sevinir, üzü gülür. "Danışan fotolar" dediniz. Mən onları fotoyaddaşa köçürəndə, onlar mənimlə danışırlar.

İnsanların baxanda keçirdikləri hissi eynən mən də yaşamışam. O fotolar ki, insanlar baxanda ağlayırlar, mən özüm də onları lentə alanda ağlamışam. O fotolar ki, insanlara sevinc gətirir, mən ozüm də çəkəndə sevinmişəm.

Yaşadığım ruh halını fotolarıma köçürürəm. İnsanlara da o cür təsir edir...

- İnsanların faciələrin göstərəndə, onların dini, milli mənsubiyyəti sizin üçün önəm daşıyırmı?

- Qətiyyən yox. Mən insanı insan kimi görürəm. Ağ oldu, qara oldu, yaşıl oldu, dinsiz oldu, heç fərq eləmir mənə. Bəşəriyyətə bu cür baxmışam və baxıram.

- Xanımınızin sizin riskli, təhlükələrlə dolu işinizə münasibəti necədir?

- Xanımım yazıçıdır. Bizim fikrimiz birdi. Mən 40 ildir bu işi görürəm, 30 ildir ailə qurmuşam. Bu 30 ildə mən ildə 9 ay səfərdə olmuşam. Amma insanların arasında anlayış olsa, uzaqdır, yaxındır, heç fərq etməz.

Bir dəfə xanımıma sual verdilər ki, Reza bəy daim müharibə gedən ərazilərdə olur, siz buna necə tab gətirirsiz? Dedi ki, mən onu tanıyanda o, belə adam idi. Bu cür adam olduğu üçün ona aşiq oldum. Əgər mən onu dəyişsəm, həmin adam olmayacaq.

- Övladlarınız ailənin genetik incəsənət məhəbbətini davam etdirirmi?

- Davam etdirir. Bir oğlum, bir qızım var. Qızım incəsənət tarixi üzrə ən yüksək təhsil alıb. Maraqlıdır ki, ilk tələbədir həmin universiteti bitirəndən sonra dərhal onu dərs deməyə dəvət ediblər. Oğlum da yazıçıdır, kinossenarilər yazır.

- Azərbaycana gəliblərmi?

- Uşaqlıqdan bəri Bakıya çox gəliblər. Çox sevirlər buranı.

- Ən çox Bakının hansı səmtini sevirlər?

- İçərişəhəri. Mən özüm də gələndə İçərişəhərdə qalıram. Mənim bacım var, Pəriçöhrə adında. İlin 6 ayını demək olar ki, burda qalır. Modelyerdir. Azərbaycanda ilk moda evini ("Banu") o yaradıb. Həyat yoldaşım da Bakıya çox gəlib.

Keçən il 70 illik yubileyim oldu. İstəyirdim ki, 70-ci doğum günümü Bakıda keçirim. Heydər Əliyev sarayında böyük bir tədbir oldu. O zaman ailəm də gəlmişdi bura.

- 40 ildən artıqdır ki, müharibələri və müharibələri yaradan insanları fotolarınızla ifşa edirsiz. Bu fəaliyyətinizi nə zamana kimi davam etdirmək fikrindəsiz?

- Sülh müharibəyə qalib gələnə kimi. Mən əminəm ki, bəşəriyyətin sonu yaxşı olacaq. Bilirəm ki, müharibələr nə vaxtsa qurtaracaq. O bəşəriyyəti ki, arzulayırıq - insanın insana zərər verməyəcəyi bəşəriyyəti - biz ona varacağıq. Bəlkə min il vaxt lazım olacaq, bəlkə 500 il. Bəlkə iki min il. Amma bu olacaq…

Düzdür, biz o günləri görməyəcəyik. Amma bu o demək deyil ki, o günləri görməyəcəyiksə, mübarizə aparmamalıyıq...


Müəllif: Günel Natiq

Oxşar xəbərlər