15 Noyabr 2023 16:39
1 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşımda bir kitab var. Üz qabığı donmuş qan rəngində. Üzərindəki “Şuşa”, “Tərtər”, “Azərbaycan”, “Qarabağ” sözləri də o qanın donmuş rənginə bulaşıb. Kitabın adı isə “Yerbol- Qarabağ şəhidi”.

İlk baxışda və oxuda deyə bilərsiniz ki, Qarabağ sözü onsuz da dünənə qədər daha çox şəhid sözü ilə müşaiyət olunurdu.

“Yerbol - Qarabağ şəhidi” kitabının müəllifi qazaxıstanlı publisist-jurnalist Nasiha Kumarqızının ikinci kitabıdır.

Azərbaycana və Qarabağ həqiqətlərinə həsr etdiyi birinci kitabı isə “Qarabağ - evə gedən uzun yol” kitabı idi. Bu kitabda da adından göründüyü kimi türk dünyası və Qarabağ, Azərbaycan savaşımızın həqiqətlərini yazıb.

Nasiha xanım Azərbaycanı, doğulduğu vətəni Qazaxıstan qədər sevir. Bu gün həyatımızın sosiallaşması hamımıza aiddir. Sosial şəbəkələrdə onun səhifələrini izləyəndə görürsən ki, bu xanım Azərbaycanla nəfəs alır. Burada baş verən hər bir hadisə, barəmizdə deyilən yaxşı fikiri alqışlayır, bizim haqqımızda bədnam danışanları isə öz iti qələmi və müdrik ağlı ilə cavablandırır. Hətta bizi istəməyənlər tərəfindən təhdid olunub, torpaqlarımızı 30 il işğal altında saxlayan bədnam qonşularımız ona qiyabi “ölüm hökmü” çıxarıblar.

Nasiha isə Azərbaycan həqiqətlərini araşdımaqdan, yazmaqdan yorulmur. Çünki o da bir türk qızı kimi bilir ki, Turanın yolu, Böyük İpək yolu Qarabağın azadlığından, Azərbaycan torpaqlarının bütövlüyündən keçir.
Azərbaycan torpaqlarının bütövlüyü uğrunda Vətənimizi, millətimizi, türk dünyasının birliyini istəyən çox oğullar canından keçdi. 1992-ci ildən bu günə qədər onlar şirin canlarını Azərbaycan uğrunda qurban verməyə hazır oldular. İstər 1992-ci ildə, istər 2016-cı ildə, istərsə də 2020-ci ildə türk torpaqlarında yaşayan nə qədər oğul-qızlarımız başladığımız haqq savaşında Azərbaycana gəlib, haqq yolunda döyüşmək istədilər.

1992-ci ildə də belə idi. Bir əziz qazax dostum deyir ki, 1992-ci ildə Almatının küçələrində qurulan çadırlardan birində Qarabağa könüllü döyüşmək üçün gedənlərin siyahısını tuturdular. Bu o zamanlar idi ki, sabiq sovetlər birliyindən ayrılan türk ölkələrində milli oyanış başlanmışdı.

Nasiha Kumarqızının yazdğı yeni kitabı, həmin illərdə Qazaxıstanda hərbi hissəni tərk edərək, Azərbaycana döyüşmək üçün gələn Yerbol Turexan oğlu Barımbetov haqqındadır. O, Bakıya yetişəndən sonra hərbi hissələrin birinə müraciət edərək, Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün icazə alır. Desant qrupunda yetişən bu oğlan həm istedadlı kəşfiyyatçı idi. Kitabı oxuyanda onun necə mühüm əməliyyatlarda iştirak etdiyinidən xəbərdar olursan.

Yerbol Barımbetovun qəhrəmanlığı haqqında mən də dəfələrlə məqalələr yazmışam. Hər dəfə yolum II Şəhidlər Xiyabanına düşəndə gedib onun da məzarı ilə salamlaşıram. Onu görməyən ata-anası adından Yerbolla söhbət edirəm. Axı, Yerbol burada həm də qərib şəhiddir. Oxucularımıza xatırladım ki, Yerbol 776-cı alayda xidmət edirdi. Onun rəhbəri olduğu kəşfiyyat qrupu ilə 9 nəfərlə 1994-cü ilin aprelin 20-də Ağdərədə son döyüşə girdiyi yerdən bircə nəfər döyüşçü aldığı ciddi yaralara baxmayaraq Mehman Məmmədov sağ qalmışdı. Qalan 8 nəfər sonuncu döyüşdən geri qayıtmamışdı. Düz 28 ildən sonra Yerbolun sağ qalan digər döyüş dostları onun ailəsini Almatının Korağatı kəndində tapdılar. Artıq Yerbolun ata-anası dünyadan nakam köçmüşdü.

Ötən il 20 apreldə Yerbolun ortancıl qardaşı Nurbol Barımbetov gəlib qardaşının məzarını ziyarət etdi. O çox dəhşətli mənzərə idi. II Şəhidlər Xiyabanında uyuyan qardaşının məzarına ata-anasının məzarından götürdüyü torpaq gətirmişdi. Buradan qayıdanda da onların məzarına səpmək üçün torpaq apardı.

Həmin vaxt qazaxıstanlı jurnalist həmkarımız Nasiha Kumarqızı da gəlmişdi. Dedi ki, Yerbol haqqında kitab yazacaq. Həmin gündən etibarən Azərbaycanı kənd-kənd, şəhər-şəhər gəzib Yerbolu tanıyan bütün dostlarının evinə getdi. Onun haqqında olan sənədləri, materialları topladı.

İndi o kitabı Azərbaycanda təqdim etdi. Nəfis və gözəl bir albom kitab yaratdı. Özünün dediyi kimi “sadə bir qazax balasının qəhrəmanlıq dolu həyatını” yazdı. Heç biir təmənna güdmədən, öz halal zəhməti ilə bu kitabı çap etdirdi.

Bizim çoxumuzun əvəzinə işlədi. Bəlkə də heç 776-cı alayın Yerbol Barımbetovun rəhbətlik etdiyi kəşfiyyat qrupunun şəhid olan üzvləri haqqında Azərbaycanda heç kim yazmayıb. Nasiha xanım o şəhid ailələrini arayıb tapdı. 20 aprel 1994-cü ildə Ağdərədə şəhid olan Səfərov Vüqar Eldar oğlu, Məmmədov Nail Aslan oğlı, Nəsirov Fuad Məhərrəm oğlu, Yunusov Seyfəddin Ağasəf oğlu, Nağıyev Zaur Misir oğlu, Əliyev Xeyrəddin Ələddin oğlu, Qasımov Rüstəm Qənimət oğlu haqqında az və çox məlumatlar toplayıb, bu kitabda onların adını bir də əbədiləşdirdi.

Kitabda həm də Yerbol Barımbetovun döyüş dostlarının xatirələri yer alıb.

Bizim tanımadığımız Yerbolun doğulduğu Almatı vilayətinin Karağatı kəndində gedib, sadə kəndçi ailəsində Yerbolun bütün qohumları, sinif yoldaşları ilə görüşüb. Möhtəşəm bir iş, möhtəşəm bir əmək!!!
Bu Azərbaycanın döyüş salnaməsini özündə əks etdirən Müqəddəs kitabda Həm də Yerbol Barımbetova həsr olunan şerlər vardır.

“Yerbol –Qarabağ şəhidi” kitabının ilk təqdimatını Almatı şəhərində Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli Azərbaycan səfilriyimiz yüksək təmtəraqla qeyd edib. Daha sonra bu kitab Astanada “Xəzər” Azərbaycan Diasporunun nümayəndələrinə təqdim olunub.

İndi Azərbaycanın Zəfər bayramlarında Yerbolu tanıyan azərbaycanlılarımız onun doğulduğu evi ziyarət edirlər.
Dünən AMEA-nın elmi kitabxanasında “Yerbol –Qarabağ şəhidi” kitabının təqdimatı keçirildi. Kitabın təqdimatına Yerbol Barımbetovun qardaşı Nurbol Barımbetov və 14 yaşlı oğlu Erbolat Barımbetov da gəlmişdilər. Diqqətimi bir məqam çəkdi. Balaca Erbolat Azərbaycanda şəhid olan əmisinə çox bənzəyirdi. Və mən ona baxanda fikirləşdim ki, şəhidlər həqiqətən də ölmürlər. Məqam gözləyirlər ki, yenidən dünyaya gəlsinlər. Yerbol isə hələ ata-anasının sağlığında Erbolatın cismində dünyaya gəlib. Elə buna görə də ana öz nəvəsinə Yerbolun (qazaxlar onun adını Erbol yazırlar. Red.) adına uyğun ad seçib. Adını Erbolat qoyub. Yəni kə ƏR POLAD! Bu balaca Ər Polad dedi ki, Azərbaycanda zabitlər məktəbində oxumaq arzusu vardır.
Azərbaycanla nəfəs alan Nasiha xanım bizim qəhrəmanlıq tariximizə bir gözəl MÜQƏDDƏS KİTAB hədiyyə etdi. Bu kitabı əlinə alan hər kəs öpüb gözü üstünə qaldırmalı, oxumalı və evinin ən gözəl yerində yadigar saxlamalıdır. Bir trük qızının yazdığı Azərbaycan ZƏFƏRİ səlnaməsidir! Alnından və gözlərindən öpüləsi xanım Nasiha Kumarqızı dünən çıxışını belə bitirid:

“Mən türk qızı kimi çox bəxtliyəm ki, bir ana kimi, jurnalist kimi, Qazaxıstan vətəndaşı kimi türk dünyasının qəhrəman oğlu Yerbol Barımbetovun həyatını qələmə aldım. Hər sətirində göz yaşım var o kitabın. Nə gözəl ki, bu kitab da Azərbaycanın Zəfər günlərində işıq üzü gördü”.


Müəllif: Aida Eyvazlı

Oxşar xəbərlər