23 Noyabr 2023 14:56
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur pianoçu Rüya Taner və Türkiyənin tanınmış saksafon ifaçısı, yazıçı Kürşat Başar Türkiyə Cümhuriyyətinin 100-cü və Şimali Kipr Türk Respublikasının 40-cı ildönümü çərçivəsində Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış ediblər.

Teleqraf.com xəbər verir ki, Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç Türkiyə Cümhuriyyətinin 100-cü, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, Şimali Kipr Türk Cümhuriyyətinin 40-cı ildönümündə hər üç dövləti sənət vasitəsilə bir araya gətirdiklərini bildirib. O, Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında əlaqələri gücləndirmək üçün Rüya Taner və Kürşat Başarın konsertini təşkil etdiklərini vurğulayıb: “Sənət yolu ilə üç dövləti bir araya gətirmək, bir-biri ilə həqiqi və real əlaqələr qurmasını təmin etmək Yunus Əmrə İnstitutunun əsas vəzifələrindən biridir. Bir-birimizi həqiqi mənada tanıdıqca fərqliliyimizi və bənzərliyimizi kəşf edərək böyük Türk ailəsinin elm və mədəniyyətini çağdaş dünyaya tanıdacağıq”.

Səlçuk Karakılıç Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk, Ümummilli Lider Heydər Əliyev, Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaş və Kipr Türk xalqının azadlıq mübarizəsinin öndərlərindən olan Fazil Küçükün xatirəsini yad edib.

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca Turganer Rüya Taner və Kürşat Başarın Bakıda sənətsevərlərlə bir araya gəlməsinin önəmli olduğunu vurğulayıb. Tarixi günlər yaşadıqlarını qeyd edən Ufuk Arca Turganer Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatarın ölkəsinin yaranmasının 40-cı ildönümündə Bakıya səfər etdiyini və bunun çox mənalı və dəyərli olduğunu bildirib. Sənətçilərin bir-biri ilə əlaqə yaratmasına dəstək olduqlarını bildirən təmsilçiliyin rəhbəri Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinə təşəkkür edib.

Konsertdə Rüya Taner və Kürşat Başar türk və qərb musiqisini səsləndiriblər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər