29 Noyabr 2023 12:42
1 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filminin rejissoru Əlisəttar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Əlisəttar bəy, səhv etmirəmsə, bu film "Əlvida, Şmit", "Olimpia"dan sonra sayca üçüncü tammetrajlı filminizdir. Noyabrın 30-dan etibarən film kinoteatrlarda nümayiş olunacaq. Öncə təbrik edir, bol tamaşaçı arzulayırıq. Filmin ideyası kimə məxsusdur?

- Çox sağ olun, doğru qeyd etdiniz, tezliklə film Azərbaycanın bütün kinoteatrlarında yayıma başlayacaq. İdeya və təşəbbüs Gənclər və İdman Nazirliyinə aiddir. Yazın sonlarına doğru belə bir ideyanın olduğunu dedilər və mən Qurban Qurbanovla bağlı araşdırmaya başladım.

90-lar mənim tələbəlik illərimə təsadüf edir. Uşaqlıqdan futbol azərkeşiyəm. Ona görə bu ideya mənə olduqca cəlbedici gəldi. Qurban Qurbanov kinematoqrafik baxımdan mənim üçün çox maraqlı obrazdır.

Nəzərə alsaq ki, uzun illərdir Azərbaycanda bioqrafik dram janrında filmlər çəkilmir, üstəlik, qəhrəman hələ sağkən ondan film çəkilməsi nadir hadisədir, ona görə böyük maraqla işə başladım.

Bu filmdə Qurban Qurbanovun uşaqlıq illərini - Zaqatalanın Aşağı Tala kəndindəki günlərini, “Daşqın” futbol klubunda atdığı ilk addımları, 90-cı illərdə Tovuzun “Turan”, sonra “Neftçi”dəki çempionluğunu, 2000-ci illərin əvvəlində Rusiya klublarında oynamasını, 2006-cı ildə futboldan gedişini, ardınca məşqçiliyə başlaması və 2017-ci il “Qarabağ” futbol klubunun Çempionlar liqasında yüksəlişinə qədərki dövrü əhatə etməyə çalışmışıq.

- Qurban bəylə bağlı araşdırma edəndə güman ki, onunla dəfələrlə görüşüb söhbət etmisiniz.

- Cəmi bir dəfə görüşdük. O çox təvazökar adamdır, özündən danışmağı sevmir. Mənə uşaqlığından, başına gələn hadisələrdən danışdıqca beynimdə onları bədiiləşdirməyin yollarını axtarırdım.

Mənə görə, hər bir insanın həyatı kinodur. Üstəlik belə bir futbolçu-məşqçinin həyatı ola... Bu peşədə sıfırdan başlayıb bu yüksəkliyə qalxmaq çox çətindir.

Qurban müəllim futbola gec başlayıb. 15 yaş futbolçu üçün gecikmiş yaş hesab olunur. Buna baxmayaraq 20 yaşında milli yığmaya götürülmüşdü. Milli komandanın bombardiri idi. Bunları danışıram, amma elə başa düşməyin ki, film ancaq Qurban Qurbanovun uğurlarından bəhs edir, xeyr, paralel məğlubiyyətlərinə, çətinliklərinə də işıq tutur. Çünki məğlubiyyət olmasa qələbə heç vaxt şirin olmaz.

- Sizin üçün bu söhbətlərdə ən təsirli açar nöqtə hansı idi?

- Futbol mütəxəssisi Yunis Hüseynov bizə 90-cı illərin çətinliklərini o qədər gözəl anladırdı ki... Maaş ala bilmədiklərini, çətinliklə oynadıqlarını... Bəlkə bu cür çətinliklər olmasaydı, onlar dünya səviyyəli futbolçular olardı. Sadəcə şəraitsizlik bu vəziyyətə gətirib çıxardı.

Qurban müəllim bizə ilk maaşını necə aldığını danışmışdı. Söhbətlərində onun qardaşına, ailəsinə necə bağlı insan olduğunu duyurdum. Yazı prosesində bunlar mənim üçün önəmli idi. Ssenarini Rüstəm Babazadə, Azər Quliyev və Nicat Muxtarovla birgə işləmişik. Filmin çəkilişləri sentyabr ayında oldu, əsasən Bakı və Zaqatalada çəkdik.

- Aktyor seçimində hansı problemlə üzləşdiniz?

- Aktyor seçimində məsələ bir az başqa cür idi. Mənə aktyorluq bacarığından savayı həm də idman plastikası olan, futbol oynamağı bilən aktyorlar lazım idi. Onlar həm futbol oynamağı bacarmalı, həm də aktyor olmalıydılar. Gərgin seçimdən sonra hər yaş dövrünün öz Qurbanını tapa bildiyimizi düşünürəm.

- Qurban müəllim öncədən filmə baxmışdımı?

- Baxmamışdı. İlk dəfə zalda hamı ilə birlikdə izlədi. Nə Qurban müəllim, nə də komandasında bizə məkanlarla bağlı köməklik göstərən şəxslər baxmışdılar. Onlar mənə etibar etdilər, mən də yazıb çəkdim...

- Özünün filmdə razılaşmadığı məqam oldumu?

- Filmin nümayişindən sonra Qurban Qurbanovla çox qısa söhbətimiz oldu, ümumən xoşuna gəldiyini bildirdi. Ola bilər, nə vaxtsa bu barədə ətraflı söhbət edək. Tamaşaçıların da ümumi təəssüratı yaxşıdı. Ən çəkindiyim məqam bu idi... Filmin, məkanın fərqi yoxdur, ilk təqdimat olanda rejissor həmişə qorxur, ehtiyat edir. Bu mənada təqdimat günü çox həyəcan keçirdim. Zalda oturmağa yer yox idi. Dərk edirdim ki, hazırda hamı mənim əl işimə baxır...

- Filmin büdcəsi barədə nə deyə bilərsiniz?

- Bu barədə heç nə deyə bilmərəm (gülür). Mən sadəcə bu filmdə yaradıcı şəxs kimi çıxır edirəm: ssenari müəllifi və rejissoram.

- Söhbətin əvvəlində dediniz ki, futbol azərkeşisiniz. Maraqlıdır, hazırda hansı kluba azərkeşlik edirsiniz?

- Bütün Azərbaycan klublarına. Hansısa klubumuz Avropada oynayanda qürur hissi keçirirəm.

Onu da deyim ki, uşaq yaşlarından futbola azərkeşlik etməyim İtaliya yığmasına sevgimdən qaynaqlanır. Bağda ağ-qara televizorda İtaliya yığmasının oyununa maraqla baxmağım indiyə kimi yadımdadır.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər