18 Dekabr 2023 10:21
2 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə II Dünya müharibəsi dövründə çıxan “Çınaraltı” jurnalında Azərbaycanla bağlı bir sıra məqalələr dərc olunub. Eləcə də Məhəmmədsadıq Aran, Əhməd Cəfəroğlu, Almas İldırım kimi mühacirlərimizin bu dərgidə məqalə və şeirləri işıq üzü görüb. İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarı ilə çıxan bu jurnalın qısa fasilələrlə 9 avqust 1941-9 iyun 1948 tarixləri arasında 161 sayı nəşr edilib. Dərgini zamanın tanınmış ədəbiyyatçıları və fikir adamları Orhan Seyfi Orhon və Yusuf Ziya Ortaç çap ediblər.

Jurnalın 1942-ci ildə çıxan 23-cü sayında F. Saltkan imzası ilə “Göyçəli Ələsgər” adlı məqalə dərc olunub. Azərbaycan Cümhuriyyəti Parlamentinin Zəngəzurdan olan üzvü Məhəmmədsadıq Arana ithaf edilən məqalə Aşıq Ələsgər haqqında Türkiyədə çıxan ilk yazılardandır. Müəllif məqalədəki materialları Qarsda yaşayan azərbaycanlılardan toplayıb, xüsusi olaraq irəvanlı Abbas Odoğluna təşəkkürünü bildirib.

Aşıq ədəbiyyatımızın tədqiqatçılarına faydalı olacağını nəzərə alıb həmin məqaləni dilimizə uyğunlaşdıraraq təqdim edirik:

***

F. Saltkan

Göyçəli Ələsgər

Məhəmmədsadıq Arana

“Çınaraltı”nın 16-cı sayında “İranda türk şairləri” başlığı altındakı yazısında hörmətli Məhəmmədsadıq Aran “böyük türk millətinin şeir və ədəbiyyatı mövzusu açılarkən təkcə bugünkü Türkiyədə yaşayanların, yaxud keçmiş Osmanlı imperatorluğu camiəsi arasından yetişənlərin yaratdıqları şeir, ədəbiyyat və sənət nəzərə alınır” deyərək Türkiyə xaricindəki geniş Türk dünyasının müxtəlif şöbələrində danışan xalis türklərin yaratdıqları və yaşatdıqları şeir, ədəbiyyat və sənətin məchul və unudulmuş qalmasını ürəyi yanaraq, çox haqlı olaraq anlatmışdı. Biz də bu başlıq altında sevimli “Çınaraltı”nın 8-10 sayında “Məchul və unudulmuş”, sərhədin o biri tərəfində yetişmiş xalq şairlərinin (aşıqların) ən tanınmışlarından bir neçəsinin həyatını və şeirlərindən nümunələri aydınlarımıza tanıtmağa çalışacağıq.

Burada təqdim edəcəyimiz məlumat və şeir nümunələri Şərq sərhədimizdə yaşayan və keçmişdən bəri Azərbaycanın hər bölgəsindən ailələri ilə köçərək və ya qaçaraq gələn azərbaycanlıların yerləşdiyi Qars şəhərindəki qaçqınlar arasından öyrənilərək əldə edilmişdir. Yaşayış dövrünü nəzərə almadan ayrı-ayrı tanıdacağımız bu aşıqların bir qrupu Axəlkələkdən Təbriz və Tufarqanadək olan bölgələrdə yetişən azərbaycanlı aşıqlardırlar. Bir qrupu da Axəlkələkdən Batumadək olan və indi Gürcüstana qalmış bölgələrdən (yəni Axısqa, Acarıstan və Batum) yetişənlərdirlər ki, əskidən (Səlcuqlar və bütün Osmanlı idarəçiliyi çağında) buralara Çaldır və Çıldır əyaləti deyildiyi üçün biz də bu ikinciləri çıldırlı aşıqlar deyə anacağıq. İndi ilk olaraq azərbaycanlı aşıqlardan Göyçəli Ələsgəri tanıdırıq.

Aşıq Ələsgər İrəvan şəhərinin Göyçə gölünün cənub bölgəsi olan Göyçə mahalının Ağkilsə kəndindən və Əliməmmədli oymağındandır Təxminən 1837-ci ildə bu kənddə doğulmuşdur. Atası arabaçılıqla məşğul olan və Gürcüstanın Kelbecir meşələrindən (müəllif səhvə yol verib, doğrusu: Azərbaycanın Kəlbəcər meşələrindən – D.Ə) odun daşıyan və kürəkçilik edərək dolanan Əliməmməddir. Bu adam ümmi (savadsız – D.Ə), saz çalmadan aşıq sayılan (əhli-dil olan) biri imiş. Ələsgərin saza və sözə həvəsi atasından gəlibmiş, ondan öyrənibmiş. 15 yaşlarında ikən daha yaxşı saz çalmaq üçün Göyçənin Qızılvəng kəndindəki Aşıq Alının yanına getmiş və onun yanında saz ustası olmuşdur.

Az bir zamanda gözəl saz çalması və dəyərli deyişləri ilə məşhur olan Aşıq Ələsgəri hər tərəfdən aşıqlar görməyə və qarşılıqlı deyişməyə gəlmişlər. Onlar arasında göyçəli aşıqlardan Musa, Əli, Məhəmməd və Dərələyəzdən Qəhrəman, Məhərrəm, Aydın, şair Məhəmməd, Hüseyn, şair Nağı ilə qarşı-qarşıya gəlmiş, hamısını da deyişmələrdə mat etmişdir. Öz eldaşları arasından da Çarıqlı kəndindən Hüseyn, Qızılvəngdən Mustafa, Daşkənddən Nəcəfi və bu gün Azərbaycan Aşıqlar Qurultayında birincilik qazanan Qaraqoyunlu Aşıq Əsəd kimi aşıqları yetişdirmişdir. Son dövrlərin ən məşhur aşıqlarından olan Ələsgər 1926-cı ilin yazında İrəvanın Yanşaq kəndində 90 yaşına varmışkən ölmüşdür. Dəyərli deyişlərindən bir neçəsini nümunə olaraq təqdim edirik.

Qoşma

Ucalardan uçub gedən durnalar,

Bir kiçik havada qalsaz nolardı

Ürəyim darıxır, könlüm səyrəşir

Dərdimə bir çara qılsaz nolardı.

Qan-yaş tökər gecə-gündüz gözlərim

Od tutuşub yar yolunu gözlərim

Qol-qanadım yoxdur tutmaz dizlərim

Yar halından salıq salsaz nolardı.

Uça-uça gəldiz Gökçə dənizdən

Çuxursəddən enərsiniz tezdən

Ələsgərəm, ricam bir budur sizdən

Məni də aranıza salsaz nolardı.

***
Şeki

Sevdicəyim, hanı gözəllər xanı

Dün güzarım sizin otağa düşdü.

Buyursan fərmanı alarlar canı

Püşk atdın can sana sadağa düşdü.

Sallan qələm qaşdı, yanı yoldaşdı

Qalmışam ataşda mən başı daşdı

Huş başımdan çaşdı, dilim dolaşdı

Gözlərim sataşdı buxağa düşdü.

Atlasdan qıbalı belində şalı

Gövhərdən bahalı üzündə xalı

Geydi yaşıl alı, yığdı mahalı

Əyri tellər ayna qabağa düşdü.

Yeriyirdi manqa yaşılbaş sona

Yaraşır canana ağ nazik cuna

Tellərində şana, əlində xına

Yəmən yaqut əhmər dodağa düşdü.

Çox çəkmişəm cəfa gəlsən insafa

And olsun mushafa olmam beyvəfa

Gəlmişəm təvafa versən bir şəfa

Ələsgər xəstədir, ocağa düşdü.

Gözəlləmə

Ay nazənin, ay qabağın altından

Nə göyçək çəkilib qara qaşların

Süzücək gözlərin canım üzüldü

Vurubdur sinəmə yara qaşların.

Əslin mələkzadə, cismin qılmandı

Eşqin firqətindən ciyərim yandı

Ədalət sultandır, haqqı divandı

Mürvət eylər günahkara qaşların.

Bülbül təki qaldım gül fərağında

Leyli Məcnun kimi tərsa dağında

Yazıq Ələsgəri qoca çağında

Çəkdirdi zülm ilə dara qaşların.

Öyüdləmə

Arif olan, gəlin, sizə söyləyim

İgid sözü mərd mərdanə yaxşıdır

İgid gərək dediyindən dönməsin

Beyilqardan bir zənənə yaxşıdır.

Qəlbi düz olanın evi hac olur

Qonşuya gəc baxan özü ac olur

İki arvadlıq zəhərdən ac olur

Bez geydirsən bir canana yaxşıdır.

Toy

Yaraşdırıb əndamına

Geyinibdir sarı gözəl

Yaradan veribdir sana

Böylə ixtiyarı, gözəl.

Dolubdur əttar sinənə

Bağçaların barı gözəl

Lütf eylə mən xəstədən

Əsirgəmə narı gözəl

Tək matahı xırıd eylə

Aç indi bazarı gözəl.

Mən səni görəndən bəri

Olmuşam dəli divana

Az qalıb ki Kərəm kimi

Od tutub cismim yana.

Arif görsə, rəhm eylər

Mənim kimi xəstə cana

Bir də üzün bəri döndər

And verirəm əhd peymana

Məcnun tək sənin dalına

Gəzərəm dağları gözəl.

Ey beymürvət azca qaldı

Canımı ala gözlərin

Nahaq yerdən məni saldı

Nə qalmaqala gözlərin

Mən qiymət qoya bilmərəm

Dəyər mahala gözlərin

Yüz ilin xəstəsini də

Gətirər hala gözlərin.

Bir də görsəm gözlərini

Çəkmərəm azarı gözəl.

Əlim uzaq, qəlbim yaxın

Bələdəm hər bir halına

Görəcək valehi oldum

Həbəşü-həddü xalına

Arı təki sızıllaram.

Dodaqlarında balına

Yaylaqların ceylanısan

Əhsəni gül camalına

O mərmərdən bəyaz sinən

Savalanın qarı gözəl.

Ağlımı aldı əlimdən

Baxdım gözün alasına

Canımı qurban eylərəm

Böylə gözəllər xasına.

Libas əndamına uyur

Əndam uyur libasına.

Bu Ələsgər məcnun oldu

Düşdü Leyli sevdasına

Sayılım mən bir saya sal

Üz döndərmə barı gözəl.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər