29 Dekabr 2023 10:17
2 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nofəl Vəliyevlə görüşümüz rejissoru olduğu “Antiqona” tamaşasının premyerasından bir gün əvvəl - son məşq prosesinə təsadüf etdi. Gənc Tamaşaçılar Teatrının qrim otağında görüşdük. Bu, Nofəl müəllimin klassik əsərə ilk müraciəti deyil, daha öncə “Romeo və Cülyetta”, “Müsyo Jordan və Dərviş Məstəli Şah”, “Hamlet” kimi əsərlərə quruluş verib. İndi də “Antiqona”... O Antiqona ki, mübarizdir, öz həqiqətləri uğrunda hər kəsə meydan oxuyacaq cəsarətdədir.

Jan Anuy “Antiqona” dramını antik dövrün ən qüdrətli dramaturqlarından sayılan Sofoklun “Antiqona” faciəsinin motivləri əsasında yazıb.

Bu əsərə niyə müraciət etməsinin səbəbinə Nofəl müəllim belə aydınlıq gətirir:

- Mənə təklif edilən əsərlər içərisində “Antiqona” faciəsinin üzərində dayandım. Vaxtilə bu tamaşanı Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə hazırlamışam. Ümumi götürəndə bu, “Antiqona” yox, Şekspirin, Dostoyevskinin, Hüseyn Cavidin, Çexovun, Steynberkin də əsəri ola bilərdi. Amma böyük səhnədə ilk işim üçün böyük əsərdən yapışmalıydım ki, ya məni üzə çıxarsın, ya da batırsın...

- Böyük səhnədə ilk işiniz deyəndə duruxdum... Daha öncəki tamaşaları hara aid edək?

- “Bir səbət təhnalıq”, “Sonluğun sonu” Gənc Tamaşaçılar Teatrının, “Qaçaq qocalar” Teatr Xadimləri İttifaqının kiçik səhnəsində oynanılıb. Mədəniyyət və İncəsənət Universitetində ona yaxın tamaşaya quruluş vermişəm. Bir də Türkiyədə böyük səhnə üçün hazırladığım “Gec qalanlar” tamaşası var. Yəni işlərim çox olub, amma Azərbaycan peşəkar teatrının böyük səhnəsində quruluşçu rejissor kimi ilk işimdir.

Buranın səhnəsi mənim qəlbimdə birinci, ümumən götürsək, Azərbaycan dramatik teatrları içərisində ikinci böyük səhnədir. Burda olan quruluşçu rejissorlarla eyni hüquqda tamaşa təhvil vermək, onu qəbul etdirmək mənim üçün böyük imtahan idi. Ona görə böyük əsər seçməliydim. Bu işdə mənə dəstək olan teatrın direktoru Naidə İsmayılzadəyə, əsər təsdiqlənən ərəfədə teatrın baş rejissoru olan Mehriban Ələkbərzadəyə təşəkkür edirəm.

- Yazıçının yazı ilə ötürmək istədiyi mesaj, demək istədiyi söz başqa, rejissorun tamaşa ilə çatdırmaq istədikləri tamam fərqli ola bilər. Siz bu mənada Anuyla necə dil tapa bildiniz?

- Mən gözəl dramaturgiya ilə işləyəndə... Ki, indi söhbət “Antiqona”, “Medeya”, “Torağay” və digər gözəl əsərlərin müəllifi Anuydan gedir. Əgər ona müraciət ediriksə onda mütləq müəllifdən çıxış etməyə cəhd göstərmək lazımdır. Məhz onun nə demək istədiyini düzgün tapmaq önəmlidir. Mən onun yazdığı mətndəki faktlar və hadisələrdən çıxış edərək müəyyən bir nəticəyə gəldim.

Anuyun “Antiqona” pyesinin finalı Sofoklun “Antiqona”sının finalından fərqlənir. Sofoklda Antiqonanı mağaraya yerləşdirib ağzını bağlayırlar və demək olar ki, pyes bununla bitir. Amma Anuyda Antiqonanın edamına fərman veriləndən sonra üç böyük səhnə var. Sanki Anuy bizə xülasə verir. Və o üç böyük səhnəni qətiyyən çıxarmaq, ləğv etmək olmur. Çünki fərqi və başqalığı məhz ondadır.

Anuy Sofoklun Antiqonasını götürüb olduğu kimi yazmayıb, burda söhbət ideoloji mübarizədən gedir. İlahi, həqiqi qanunlarla yanaşı bir də fərdin özünün yaratdığı qanunlar var. Antiqona həmin qanunlara yox deyir. Bir də əlbəttə ki, borc anlayışı... Borc anlayışı həm Sofoklda, həm də Anuyda var.

Mənim hər zaman belə bir prinsipim olub. Əgər səhnədə Aydını oynayıramsa və həmin gün Mikayıl Müşfiqin doğum, yaxud anım günüdürsə öz şəxsimdə kulis arxasında həmin tamaşanı Müşfiqə ithaf edirəm. Eləcə də Cəfər Cabbarlı, Hüseyn Cavid və digərləri... Bu mənada “Antiqona”nı borc anlayışı üçün vətən uğrunda canlarından keçən nakam şəhidlərimizə ithaf edirəm.

Antiqona öz qardaşının meyidini dəfn etmək üçün ölümü seçən gənc qız idi... Nişanlı, sevən bir qız... O ölmək deyil, çox yaşamaq istəyirdi. Bu, pyesdə də var. Amma o, bütün hallarda fikirləşir ki, mənim qardaşımın meyiti orda qalıbsa, mən ya onu basdırmalıyam, ya da ərə gedə bilmərəm.

- Nofəl müəllim, bu dəfəki tamaşanızda da Leyli Vəliyeva yoxdur...

- (Gülür) Olacaq, bir gün olacaq... Amma bu tamaşada istəmədim. Bir çox səbəblərdən dolayı... Həm də mənə “Antiqona”da Aygün Fətullayeva lazım idi.

- Belə çıxır ki, əvvəldən Aygün xanımı düşünmüsünüz...

- Bir neçə variantlar olub. Bizim teatrımızın çox gözəl gənc aktrisaları var. Bu o demək deyil ki, “Antiqona”da oynamayıblarsa, məni qane etmirlər. Sadəcə mənim düşündüyüm Antiqonada önəmli olan nə idisə, o Aygündə var idi. Aygünlə çox gərgin məşqlərimiz, mübahisələrimiz oldu.

Bu anda aktyor Kərəm Hadızadə otağın qapısını açdı və açmağı ilə bağlamağı bir olacaqdı ki, Nofəl müəllim təkidlə dedi:

- Kərəm, xahiş edirəm, gəl.

Kərəm Hadızadə:

- Sizə mane olmaq istəmirəm.

- Yox, yox, gəl içəri. Bir azdan çıxacağıq. Sən hazırlaşmalısan, - Nofəl müəllim bunu deyib, üzünü mənə çevirdi, - Nərmin xanım, Kərəm bəy tamaşada Kreon obrazını canlandırır. Bir azdan görəcəksiniz. Çox peşəkar aktyordur. Bayaq Aygünlə bağlı dedim, amma tək onunla yox, elə Kərəm müəllimlə də, digərləri ilə də obraz üzərində mübahisələrimiz çox olub. Mən diktator deyiləm, amma rejissor bir az diktator olmalıdır. Çünki elə şey var ki, ondan vaz keçə bilməzsən.

- Nofəl müəllim, açığı, nədənsə mənə həmişə elə gəlir ki, siz qurduğunuz tamaşada diktatorluq edirsiniz.

- Eləməliyik. Həm də özüm aktyor olduğum üçün bilirəm ki, aktyor rahat olana qaçır.

- Yəni?

- Biz aktyorların cibində bir neçə ştampımız olur. Və onlardan istifadə etməyə çalışırıq. Mən isə rejissor olaraq istəyirəm ki, yeni nəsə ortaya çıxarım. Demirəm ki, Kərəm müəllim mənimlə işlədi deyə yeni tapıntılar üzə çıxdı, yox, Kərəm müəllim onsuz da böyük aktyordur. Peşəkar aktyor olduğu üçün onunla mübahisə etmək daha çox lazımdır, çünki onun qərara gəldiyi, əmin olduğu bir çox həqiqətlər var. Və həmin o həqiqətlərə mənim öz həqiqət baxışım var. Biz ortaq nöqtəyə gəlməliyik. Necə ki mən müəllifi kənara qoyub, ürəyim nə istəyir qura bilmərəm. Yenə deyirəm, söhbət yaxşı müəllifdən gedir. Pis müəllifi rahatlıqla dəyişdirmək olur.

Mən necə müəlliflə ortaq məxrəcə gəlirəmsə aktyor da mənimlə o cür ortaq məxrəcə gəlməlidir. Və mən xüsusilə aktyor oyununa böyük önəm verirəm. Hesab edirəm ki, sadəcə quruluş heç bir şeyi həll etmir, əgər bu aktyordan keçmirsə... Hətta öz quruluşumdan belə vaz keçirəm, əgər bu aktyorda alınmırsa...

- Aktyoru deyil, quruluşu dəyişirsiniz?

- Bəli, bəzi nüansları dəyişirəm, bəzi fikirlərimdən vaz keçirəm. Bununla belə, düşünürəm ki, Kreon Kərəm müəllimin öz xəyalında yaratdığı Kreon ola bilməz, yaxud Antiqona... Necə ki mən yazıçını axtarıram, o da məni axtarmalıdır və özünə sual verməlidir: bu, məndən nə istəyir?

Məşq zamanı heç vaxt aktyorlara kobudluq etmirəm, artıq söz demirəm. Onlara “cənab aktyorlar”, “hörmətli aktyorlar” deyə müraciət edirəm. Amma mən deyəni də etməlidirlər...

Adam var deyir ki, Antiqona oğlan kimidir. Mənim Antiqonam oğlan kimi deyil. Eləsi var deyə bilər ki, Antiqona cırıq cinsdə səhnəyə çıxsın. Amma mənim üçün çox önəmlidir. Çünki Anuy bizə mesaj verir.

Pyesdə Antiqona və Hemonun sevgi səhnəsi var. Orda Antiqonanın qadın olmaq arzusu açıq-aşkar hiss olunur. O, Hemona deyir ki, mən sənin arvadın olmaqdan zövq alardım. Mən sənə əsl arvad olardım. Elə arvad olardım ki, kresloya söykənib dincəldiyin kimi mənə söykənib dincələrdin. Mən sənin sənə məxsus olan əşyan olardım...

Normal və klassik qadın psixologiyası... Bütün qızlar qadın çərçivəsi içərisində ərə getmək istəyir, o çərçivəyə düşmək və orada xoşbəxt olmaq istəyirlər. Sonra başlarına nə gələcək, haqlarını necə tələb edəcəklər və sair - bunlar sonrakı məsələlərdir.

Antiqona dünya ədəbiyyatında ilk şəxsiyyət qadın qəhrəmandır. Ona qədər olan qəhrəmanları vəziyyət müəyyənləşdirib, amma Antiqona bilərəkdən bu yolu seçir.

Qrim otağındakı səs ötürücüdən məlumat verildi ki, aktyor və aktrisalar qrimlənib, səhnə geyimində zala enməlidirlər... Otaqdan çıxıb zala gedirik.

Az sonra aktyorlar zala gəlir və rejissor qeydlərini deyir, məsləhətlərini verir, lazım gələndə səhnədə göstərir də...

Tamaşanın rəssamı Telman Şıxıyev, bəstəkarı Röya Hüseynovadır. Plastik həll isə Ceyhun Dadaşova aiddir.

Səhnə əsərində Əməkdar artist Güşvər Şərifova, aktyorlar Kərəm Hadızadə, Aygün Fətullayeva, Anar Seyfullayev, Rəşad Səfərov, Əbdül Rzayev, Hilal Dəmirov, Şəbnəm Hüseynova, Könül Əbilova, Fəridə Qurbanova, Ramiq Nəsirov, İlhan Sadıqov, Nurlan Süleymanov, Ümman Budaqov iştirak edirlər.

Əsərin iki güclü və bir-birinə zidd qütbü Kreon və Antiqonadır.

Çar Edipin ölümündən sonra oğlanları Etokl və Polinik növbə ilə ölkəni idarə etməlidirlər. Etokl hökmranlıq müddətini başa vurur, amma hakimiyyəti qardaşı Polinika verməkdən imtina edir. Polinik öz tərəfdarlarını yığıb qiyam qaldırır. Hər iki qardaş döyüşdə həlak olur.

Dayıları Kreon çar elan olunur. O, ölkəni özünün yaratdığı qanunlarla idarə edir. Kreon Etoklı təntənə ilə dəfn etdirsə də, qiyamçı Polinikin cəsədini qurd-quşa yem olması üçün şəhər meydanının ortasına atır.

Onu dəfn etməyə cəhd edənsə ölümə məhkum olunacaq. Antiqona yeganə adamdır ki, Kreona qarşı çıxır və “yox” deməyi bacarır...

Həqiqi qalib kimdir?

Nofəl müəllim söhbətimizə son nöqtəni vurur: “Kreon Antiqonaya seçim verir, bununla yanaşı onu fikrindən döndərmək üçün hər vasitəyə əl atır: şiddət göstərir, işgəncə verir, onu başqa silahlarla vurur. Anuyun Antiqonasında Kreon üçün əsas olan Antiqonanın sınmasıdır. Nəhayətdə çox qəribə də olsa... bu, tamaşada da, pyesdə də belədir: Kreon deyil, Antiqona qalib gəlir”.

Foto: Elnur Muxtar


Müəllif: Nərmin Muradova