Bu gün əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlunun 70 yaşı tamam olur. Gənclik enerjili şeirlərin müəllifinin 70 yaşa çatdığına inanmaq mümkün olmasa da, reallıqla hesablaşmalı olduq.
Şairlə müsahibəni təqdim edirik.
- Baba müəllim, insanın uşaqlıq, gənclik illərində 70 yaş məchul, minilliklər kimi uzaq bir dövr kimi görünür. Siz 70 yaşın zirvəsini necə təsəvvür edirdiz və indi ordan baxanda həyat necə görünür?
- Mən uşaq vaxtı nəinki 70, heç 50 yaşın zirvəsini də təsəvvür eləmirdim. Sadəcə, elə bilirdim ki, bir yol gedirəm və bu yolun heç vaxt sonu olmayacaq. Çünki uşaq yaşlarından məndə belə bir qənaət hasil olmuşdu ki, sənətin ömrü əbədidi.
Həyat təbii ki, öz diktəsini edir. Artıq yaşı da fikirləşirsən, dünyanın faniliyini də dərk edirsən. Bilirsən ki, əbədiyyət deyilən bir şey yoxdur. Düzdür, tanrı dünyanı əbədi yaradıb, çevrə şəklində xəlq eləyib. Heç nə itmir, heç nə yox olmur. Amma bir anlıq o pəncərə ömrünü ki, tale insana qismət edir, o, fanidir. Və bunu illər keçdikcə daha çox dərk edirsən.
Amma nə yaxşı olardı ki, insan bunu gənc yaşlarında dərk etsin və həyatda olan mütləq həqiqətlərə gəlib çıxsın. Onda yaşamaq həm asan olur, həm də cəmiyyət üçün, dünya üçün, çevrə üçün daha faydalı olmağa çalışırsan.
Mən insanlara həmişə bu fikri aşılayıram ki (bu, eqoizm kimi də görünə bilər), yüksək şüarlara söykənən ideallar üçün yaşamayın, ancaq özünüz üçün yaşayın. Nə mənada özünüz üçün?.. Bu qısa ömür müddətində sizin kiməsə paxıllıq etməyə, kimisə yıxmağa, kiməsə quyu qazmağa vaxtınız olmasın. Biləsiz ki, dünya cəmi beşcə gündür. Heç olmasa bunu dərk edib bu beş günü özünüzə, doğmalarınıza həsr edəsiniz.
Vətənpərvərlik yalnız şüarlarda olur. Vətənpərvərlik bilirsiz nədir? İnsanın özü-özünü tərbiyə etməsi, özü-özünü faydalı etməsidir. Məşhur frazada deyildiyi kimi, kimisi vətən üçün şüar dedi, kimisi canını fəda etdi.
Hələ cavan yaşlarımdan əsas təməl prinsiplərimdən biri bu olub ki, mən bütün gücümü, qabiliyyətimi, bacarığımı, Allahın mənə verdiyi o bir damcı istedadı toparlayıb cəmiyyət üçün faydalı bir insan olum.
- 70 illiyinizi keçirmək fikriniz varmı?
- Mən həmişə özümdən böyük (həm yaşda, həm başda) insanlarla oturub durmuşam. Çünki dinləməyi, bəhrələnməyi sevən adamam. Mənim böyük dostlarımdan biri də ölməz şairimiz Bəxtiyar Vahabzadə idi.
Bir zamanlar o məni həbs təhlükəsindən xilas etmişdi. Çünki nəşriyyata təqdim olunmuş kitabıma nəşriyyat redaktoru və bir akademik antisovet rəy yazmışdılar. Yazmışdılar ki, bu cavan oğlanı cəmiyyət içinə buraxmaq olmaz, təcrid etmək lazımdır, o, sovet quruluşunun düşmənidir.
- Kitabdakı hansı epizod onların qəzəbinə tuş gəlmişdi?
- Ümumiyyətlə, mənim nəsrim zəmanəyə bir üsyan idi. Baxmayın ki, poeziyam məhəbbətin tərənnümüdür. Nəsrim ciddi nəsrdir.
Məktubun biri Dövlət Təhlükəsizlik Komitəsinə, biri də Mərkəzi Komitəyə göndərilmişdi.
Onda Bəxtiyar müəllimlə heç tanış da deyildik. Həm yaş, həm də status fərqimiz böyük idi. O, Ali Sovetin deputatı, xalq şairi, nüfuzlu insan idi. Hardansa xəbər tutmuşdu. Onda deyib ki, bir mən də o qovluqla tanış olum, görüm bu cavan oğlan nə yazıb axı.
Bir də gördüm, Bəxtiyar Vahabzadə "Ədəbiyyat qəzeti"ndə mənim haqqımda iki səhifəlik bir "tost" yazıb. Qəsdən elə yazmışdı. Məni layiq olduğumdan da qat-qat yüksək qiymətləndirmişdi ki, düşmənləri susdursun. Həmin kitabıma ön sözü də özü yazdı. Ondan sonra Bəxtiyar müəllimlə dostlaşdıq. Hər il ailə üzvləriylə birlikdə Yurmalaya, yaradıcılıq evinə istirahətə gedirdik.
Onun qədər ad günlərinə, yubileylərə nifrət edən ikinci insan yox idi. Hamı onun xasiyyətini bilirdi. Kimsə təsadüfən təbrik edəndə "Nə ad günü?" deyərdi. "Heç olmasa il boyu rahat yaşayırdım, birdən ad günü gəldi, gördüm ki, bir yaş da getdi ömürdən". O qədər həssas adam idi. Mən də onun tələbəsiyəm və o cür düşünürəm.
- Heç vaxt təmtəraqlı yubiley arzusunda olmamısız?
- Heç vaxt. İnanın ki, dostlar güclə məcbur ediblər. Yadımdadır ki, mənim böyük dostum Rüstəm İbrahimbəyov (mən onda Kino İttifaqında baş redaktor idim) 45 yaşımı güclə keçirtdi. Özü yubiley təşkil elədi, məni də qonaq çağırdı. Sonra hökumət səviyyəsində rəsmi qeyd olundu. Ümumiyyətlə, təmtəraqlı məclisləri sevmirəm.
- AYB-dən yubileylə bağlı təklif gəlibmi?
- Əlbəttə. AYB 10 il çalışdığım kollektivdir. Anar müəllim böyük dostumuzdur. Çingiz müəllim, Rəşad müəllim - hamısı dostlarımızdır. Onlardan çox təkliflər gəlir. Mən deyirəm ki, istəmirəm.
- Gəlin razılaşaq ki, 70 yaş qeyd edilməyə layiq bir mərhələdir.
- Onsuz da layiq olduğum qiyməti almışam, narazı ola bilmərəm. Məni həm çoxmilyonlu xalq, həm də dövlət qiymətləndirir. Aldığım medalları, ordenləri yığıb təzədən qeyd edim? Ali hakimiyyətin lideri kimdir? İlham Əliyev. O, dövlətin qiymətini verir, xalq da öz qiymətini verir. "Baba müəllim, orda oturmayın, burda oturun, yuxarı başa keçin".
Bazardan nəsə alıram, deyirlər ki, sizdən pul götürə bilmərik. Amma əksinə olur - mən pulu artıqlamasilə verirəm.
- Baba müəllim, iş otağınızda müxtəlif ot çayları paketləri görürəm. Əgər iş otağınızda saxlayırsınızsa, demək, müntəzəm istifadə edirsiz.
- Dünyada elə bir çay, elə bir ot yoxdur ki, burda olmasın. İsveçrədən tutmuş İsmayıllı dağlarında bitən otlara qədər... Heç vaxt adi çay içmərəm. Evdə məndən başqa ot çayı içən yoxdur.
Mən hələ marketdən heç nə almamışam. Süni şeylər yemirəm. Ürəyim istəmir.
- Həmişə formadasız, demək olar ki, dəyişilmirsiz. Bu, təbii qidalanma ilə bağlıdır?
- Ümumi bir gerçəklik var, tək mənimlə bağlı deyil. Birinci fakt ürəyin təmizliyidir. Ürəkdə ki xılt, paxıllıq oldu, insanı qocaldacaq. Məşhur bir fraza var: "Pas dəmiri içəridən yeyir, paxıllıq da insanı".
"Unutmaq istədiyiniz sevdanı yeni bir sevda əvəzləyə bilməz"
- Baba müəllim, siz dediniz ki, hekayələrinizlə bağlı başınız çox ağrıyıb. Bu problemlərdən qaçmaq üçün poeziyada lirikanı seçdiniz?
- Yox, sadəcə poeziyada yolum başqadır.
- Adətən ədəbiyyata şeirlə gəlib nəsrə keçirlər, sizdə isə əksinə olub.
- Elə mən də şeirlə gəlmişəm. Amma buna "gəlmək" demək olmazdı, ilk qələm təcrübələrim idi. Sonradan məlum oldu ki, elə onlar da yaxşı şeirlərmiş.
Beşinci sinifdə oxuyanda şeirlərimi Musa Yaqub rayon qəzetində çap elədi - "Zəhmətkəş" qəzetinin redaktoru idi. İlk qonorarı da mənə o yazdı - 3 manat. Şeirlərin adı hələ də yadımdadır: "Qocalar" və "Çinarlar".
Bizim kənd rayon mərkəzindən 35 km aralıdır. Qonorarı aldım, bir kisə - un kisəsi dolu kitab aldım. O vaxt kitabların qiyməti qəpik-quruş idi. Onda maşın nə gəzirdi? Söz vaxtına çəkər, çiskinli bir dekabr günü idi. 35 kilometrlik yolda kitabları çiynimdə gətirdim. Orta məktəb yoldaşım vardı, rəhmətlik Aydın, onunla bir yerdə daşıdıq o kitabları. Kitab mənim üçün o dərəcədə qiymətli idi.
Bir ənənə də vardı ki, nəinki dərdimizi, sevincimizi, hətta kitablarımızı da paylaşardıq. İndi nə dərd paylaşmaq var, nə də sevinc. Kitab paylaşmaq da adama qəribə gəlir.
- Poeziya da sehrini itirib...
- Amma şükür Allaha, şeirə sevgi yenidən qayıdır. Sosial şəbəkələrdə mənim 127 min izləyicim var. 127 min böyük auditoriyadır. Düzdür, səhifəni mən özüm aparmıram.
Canlı görüşlərdə oxucular şeirə ayaq üstə qulaq asır. Mən məlum və məşum keçid dövrünü də görmüşəm, ona görə bu gün çox sevinirəm. Sevinirəm ki, insanlar yavaş-yavaş kitaba qayıdır.
- Söz adamları zaman-zaman bir-birinin bostanına daş atır. Siz, deyəsən, bütün intriqalardan uzaq durmağa çalışırsız.
- Dünyada mütləq həqiqətlər var. Mən o həqiqətə gəlib çıxmışam ki, dünya çox genişdir. Heç kim heç kimin yerini dar eləmir. Ona görə hətta sənin arzu etmədiyin bir şəxs, ya bir nəsnə dünyadan yox olsa belə, sənə heç bir fayda verməz. Sən öz yerindəsən. Onun yerini əvəz edə bilməyəcəksən.
Bir vaxtlar, hələ sovet dövründə görkəmli musiqiçilər bir-biriləri ilə necə mübarizə aparırdılar? Sonra onları barışdırdılar, amma bu, yalançı barışıq idi. Gördünüz ki, nə yaşadıqları dövrdə, nə də sonra heç kim bir-birini əvəz etmədi.
Ümumiyyətlə, sənətdə müqayisə çox ziyanlı şeydi. Sən məni Markeslə müqayisə elə, de ki, Baba pis yazıçıdır, Markes dünya şöhrətlidir. Markesin yazdıqlarını mən yaza bilmərəm, mənim yazdıqlarımı da Markes yaza bilməz.
- Ramiz Rövşən də keçən dəfə bu fikri vurğuladı.
- Hə, Ramizlə görüşəndə bu barədə danışırıq. Mən onu görəndə deyirəm "böyük şairə eşq olsun", o da deyir "məşhur şairə eşq olsun".
- Buna baxmayaraq, siz şeirinizdə sətiraltı eyham vurmusuz: "Məndən bir də olmayacaq".
- Bu, milyonlarla insanın öz içində yaşatdığı hissiyyatdır ki, heç vaxt əvəzi olmayacaq. Mən onların fikrini ifadə etmişəm. Yəni mən də o milyonların arasındayam. Tanrı yer üzündə yaşayan 7 milyard insanın bir barmaq izini bir-birinə bənzətməyibsə, kim kimi əvəz edə bilər?
O, bir çağırışdır. Yəni bir-birinizin qədrini bilin. İtirdiyiniz dostu yeni qazandığınız dost əvəz edə bilməz, unutmaq istədiyiniz sevdanı yeni bir sevda əvəzləməyə qadir deyil.
Sonradan bunun əks-sədasını gördüm. Mən çox canlı görüşlərdə oluram: məktəblərdə, universitetlərdə, müəssisələrdə, hərbi hissələrdə... Canlı görüşləri çox sevirəm. Televiziyalardan, efirlərdən imtina edə bilirəm, canlı görüşlərdən yox. Əvvəllər mənə elə gəlirdi ki, televizora çıxıramsa, 10 milyon mənə baxır, bu, kifayətdir.
Canlı görüşlərə alışqan olduqdan sonra gördüm ki, bu, tamam ayrı mühitdir. İnsanlarla üzbəüz oturmaq, onların reaksiyasını görmək, sənə olan sevgisini, ehtiramını hiss etmək - bunlar tamam başqa bir yaşantıdır.
Görürdüm, oxucular deyir ki, Baba müəllim, siz sanki mənim içimdə olub o şeiri yazmısız. Çünki çox insan düşünür ki, onun qədrini yetərincə bilmirlər. Mənə elə gəlir, şairlərə tanrı tərəfindən verilən missiya da budur. Əgər o, öz tərcümeyi-halını, öz düşüncələrini qələmə alsaydı, şair olmazdı, xroniki qeydlər edən mirzə olardı. Şair odur ki, cəmiyyətin bütün düşüncələrini, fikirlərini qələmə alır və çatdırır.
- Məşhur şeirlərdən "pay umanlar" da olur. Öz misralarınızı heç başqa şeirlərdə tapırsınızmı?
- Çox tapıram. Elə götürək haqqında danışdığımız şeiri - "Məndən bir də olmayacaq". Bu sözlərlə bağlı yüz cür şeir yazıblar.
- Bəzi sənət adamları buna görə həmkarlarını hətta məhkəməyə verir.
- Məhkəmənin heç küçəsindən keçmək istəmirəm. Mən insanların üz-üzə gəlməsini heç vaxt xoşlamamışam. Bir tərəf qürur hissi keçirir, o biri tərəf sınır... Mən istəməmişəm ki, kəpənək qanadıyla belə olsa, kiminsə ürəyini tərpədim, cızım, sarsıdım. Ona görə hamısından yan keçirəm. Hətta nə qədər mahnılara yazılan şeirlərim var, kimsə öz adına çıxır. Deyirəm çıxsın da. Min beş yüz mahnıdan qoy on-on beşi olmasın.
Müğənni dostlarım var, gəlib deyirlər ki, bəstəkar mənə mahnı verib, amma sözləri yaxşı deyil, bunu düzəldək. Baxıram ki, düzələsi deyil. Elə öz yanında cırıb atıram, təzədən yazıram. Öz əlimlə həmin müəllifin də adını yazıram. Nolacaq? Qoy sevinsin.
Sonra görürəm həmin adam fəxrlə həmin mahnıya şeiri necə "yazdığından" danışır. Əgər kimsə bundan bəhrələnirsə, sevinirsə, mənə xoş olur. "Mimino" filmində necə deyir? "Əgər sənə xoş olsa, mənə də xoş olacaq". Mən də həmin prinsiplə yaşayan adamam.
"İsmayıllıdan meyxanaçı çıxdığını biləndə təəccübləndim"
- Sözlərinizə bəstələnən mahnıların kimin oxuyub oxumayacağı ilə bağlı söz haqqınız varmı?
- Mən həmişə demişəm ki, mahnı mətbəxi çox mürəkkəb, qarmaqarışıq, xüsusi qayda-qanunu olmayan mətbəxdir. Adətən, şeirə musiqi yazılır, mən isə bəzən bunun tam əksini edirəm. Musiqi hazırdır, sən ona söz yazmalısan. Təəssüf ki, indi əksəriyyət belə edir.
Mahnılarla bağlı söz haqqına gəlincə, variantlar müxtəlif olur. Bəzən bəstəkar deyir ki, mən bu mahnını filan müğənninin ifasında görürəm. Bəzən şair deyir ki, filankəs oxusa, daha yaxşı olar. Bəzən də nə bəstəkar, nə də şairin ağlına kimsə gəlir…
Məşhur şairə Anna Axmatovanın maraqlı bir fikri var, deyir, əgər siz bilsəniz ki, poeziya hansı tör-töküntülü, çirkli bir mətbəxdə yaranır, onu oxumaqdan imtina edərsiniz. Mahnı janrı da elədir.
Amma inandığım bir prinsip var ki, mahnı üç ürəyin bir nəbzdə döyüntüsüdür. O üç ürəyin biri falş döyünsə, mahnı alınmayacaq. Bizim klassik bəstəkarlarımız Tofiq Quliyev, Cahangir Cahangirovun o qədər gözəl melodiyaları var ki, sözləri primitivdir. Və biz o mahnıları musiqisinə görə dinləyirik və hətta instrumental ifada dinləməyi daha çox xoşlayırıq, çünki sözləri mənasızdır.
Təəssüf ki, böyük əksəriyyət indi bu cürdür. Bir də görürsən ki, üç ürəyin üçü də falş vurur. Amma zövqlər o qədər korlanıb ki, o falşı heç kim hiss eləmir.
- Heç hansısa müğənniyə qadağa qoymusunuzmu?
- Yox, elə qadağa olmayıb. Mən bir çox bəstəkarlarla işləmişəm, amma Kamal müəllimlə yaradıcılıq tandemimi əsas götürürəm. Çünki yaxşı xüsusiyyətlər məhz bu tandemdədir. O biri bəstəkarlar, müğənnilər siz dediyiniz o qadağaları qoyurlar. Məşhur fraza var: "Kim pul verir, o da oynamalıdır".
Müğənni bəstəkara pul verir, sonra bəstəkar o mahnını kiməsə təqdim edəndə məhkəməylə hədələyir ki, mən həmin mahnını almışam. Halbuki belə bir şey dünyada yoxdur. Mahnını yalnız öz ifan üçün ala bilərsən. Dünya təcrübəsində mahnının iki müəllifi var - biri bəstəkardır, biri şair. Bizdə isə maliyyə məsələsində nə bəstəkar müəllif sayılır, nə şair. Mənim rəsmi səhifəmə mahnımı yükləmək istəyirlər, Yutub icazə vermir. Çünki müğənni o mahnını özəlləşdirib. Dünyada bunun analogiyası yoxdur.
- Bəs müəllif hüquqları agentliyi bu məsələyə əncam çəkmir?
- Müğənnilər bacarıqlıdırlar, oxuyan kimi gedib qeydiyyata düşürlər, mahnını özəlləşdirirlər.
Həm fikirləşirsən, bir halda ki bunu biz yazmışıq, hər yerdə elan olunur, oxunur, nə problem ola bilər.
Kamal müəllimlə mən öz mahnılarımızın oxunmasında heç kimə qadağa qoymuruq. Çünki deyirik ki, mahnını yazdıq, bu artıq xalqın malıdır. Kim nə cür istəyir oxusun. Hər kəs öz ürəyini qoyur ora.
Bəzən soruşurlar ki, filan mahnını sizin fikrinizcə, kim yaxşı oxuyub? Onlar da qalmaqal axtarırlar. Tutaq ki, bir mahnını iyirmi müğənni oxuyub. Deyirəm iyirmisi də gözəl oxuyub, hər kəs mahnıya öz ürəyini, öz bacarığını, qabiliyyətini qoyub.
Ən çox da "Səndən nigaranam" mahnısı haqqında sual verirlər. Soruşurlar ki, Nəsibə yaxşı oxuyub, yoxsa Aygün? Deyirəm, mən bir faktı deyə bilərəm ki, mahnının ilk ifaçısı Aygün Kazımovadır. Nəsibə Abdullayeva da Özbəkistanda Aygünün diskindən o mahnını eşidib, oranjeman edib, oxuyub.
- Amma onlardan biri bu mahnını daha möhtəşəm oxuyub...
- Bilirəm, amma bunu deyib heç kimin ürəyini qıra bilmərəm axı. Həmin mahnını Tarkan da oxuyub. Ümumiyyətlə, çox dillərdə oxunub. Mən onları nə cür müqayisə edim? Kimisə qaldırım, kimisə vurum yerə? Mənim ümumiyyətlə belə işlərlə aram yoxdur. Hamı yaxşı oxuyur, hamı özünü oxuyur.
- Siz, deyəsən, hətta meyxanaçı Balaəlinin də xətrinə dəymək istəmirsiz, ona da məmnuniyyətlə qulaq asdığınızı deyirsiz.
- Bilirsiz, televiziyanın üç funksiyası var (düzdür, indi o funksiyaları yerinə yetirmir). İnformasiya, maarifləndirmək, əyləndirmək. Dünya televiziya praktikasında belədir. Mən özüm də uzun illər televiziyaçı olmuşam. Tutaq ki, 5 dəqiqə Flora Kərimovaya qulaq asıram, ayrı adamam. 5 dəqiqə sonra isə ayrı ruh halındayam. Birdən Balaəlinin "Nu, poqodi" mahnısı gəlir, ləzzət edir mənə. Mənim damarımda o da var axı. Flora oxuyanda öz içimə endim, indi qalxmaq istəyirəm.
Balaəli kaloritdir, Azərbaycan tipidir. Hətta dünyanın superdövləti Amerikada da hinduların kaloritli rəqsləri var, adama xoş gəlir. Axı Azərbaycan yalnız Alim Qasımov, Aysel Teymurzadə deyil, həm də Balaəlidir. Azərbaycan tanrının verdiyi rənglərin spektridir.
- Bəs Balaəlilər insanların zövqünə mənfi təsir göstərmir?
- Faiz məsələsi var da. Məsələn, biz dini ölkə deyilik. Demokratik, sivil ölkəyik. Amma həftədə bir dəfə hansısa kanalda din xadiminin çıxışını görəndə demirsiz ki, biz molla dövləti deyilik, bu bizi hara aparır. Çünki bu da bizik. Müsəlmanıq və arada "Qurani Kərim"dən də nəsə eşitməliyik, din xadiminin moizəsini dinləməliyik.
Əlbəttə, əgər televiziya bütün günü Balaəlini versə, hətta mən də, baxmayaraq ki, Balaəlidən xoşum gəlir, deyəcəyəm bəsdir də, ayıbdır axı. Bu gün bunlar belə edir. Televiziyaya çıxarırlar Balaəlini, onun dalınca... Adları yadımda qalmır...
- Mən də adlarını bilmirəm...
- İndi meyxananın coğrafiyası genişlənib. Qərbi azərbaycanlılar da meyxana deyir, cənub zonası da. Hətta İsmayıllıdan da meyxanaçı çıxıb. Onlar Bakı kəndlərini gəlib keçiblər.
Bir müsabiqədə mən jüri idim. Gördüm, bütün zonalardan meyxanaçılar var. Dedim, İsmayıllı hara, meyxana hara? Oqtaydır həmin meyxanaçının adı.
-Balaəli kimi onun da ifasını bəyəndiz?
- Əvvəl təəccübləndim. Məsələn, deyirlər ki, İsmayıllının hansısa kəndi bu il bol banan məhsulu götürüb. İsmayıllı dağ yeri olduğu üçün orda heç nar da bitmir. Meyxananı da banan effekti ilə müqayisə etdim. Sonra gördüm ki, o meyarlarla götürsək, yaxşı da meyxanaçıdır.
Mən çoxplanlı düşünürəm. Televiziyaları tənqid edirəm, amma sonra bu nəticəyə gəlirəm ki, televiziya bəyəm Aydan gələnləri, Çindən gələnləri göstərir? Bu bizik də. Televiziyanı qınayanda bir özümüzə də baxaq. Bu bizim güzgüdür, bizi göstərir.
"Mənim şeirimin qəhrəmanları göylərdədir"
- Belə bir fikir var ki, şeirlər personaya ünvanlanmır, şair sevginin özünü sevir, şeirlər də elə sevgini sevdiyindən doğulur.
- Mən dəfələrlə demişəm, mənim sevgi hədəfim real qadınlar deyil. Onların heç biri mənim sevgi şeirlərimin qəhrəmanı ola bilməz. Onda mən olardım publisist, jurnalist, xronika yazan. Mənim qəhrəmanlarımın hamısı göydədir. Mələkdirlər, idealdırlar onlar.
Ömrü boyu onları vəsf eləsəm, tərənnüm eləsəm, bu mövzu tükənməz və mənə elə gələr ki, onları tərənnüm edəcəyim ən yaxşı şeiri hələ yazacam.
Mənə elə gəlir, sevgi hədəfinə ki əl çatdı, ün yetdi, demək, bitdi hər şey. Yaradıcılıq da bitdi, həyat da bitdi.
- Siz qadınların həmişə maraq obyektində olmusuz. Bu, sizcə, yalnız şeirlərinizə rəğbətdən irəli gəlir, yoxsa xarici görkəminiz, xarakteriniz də rol oynayır?
- Buna deyirlər, şeytan tükü... Yaraşıqlı kişilərimiz, qadınlarımız çoxdur. Azərbaycan xalqı ümumiyyətlə gözəl xalqdır. Amma bizi bir-birimizə bağlayan fiziki tezliklər var. "Radio dalğalar" da deyirlər ona. Üst-üstə düşəndə radio oxuyur, televizor göstərir. Bu insani münasibətlərə də aiddir.
Demək, sizin insanlarla çox ümumi cəhətləriniz var ki, bir-birinizi oxuya, görə bilirsiz.
Adam var ki, fiziki tezliyin onunla üst-üstə düşmür. Gözünün qabağındadır, amma görmürsən onu. Adam da var, minlərlə kilometr uzaqdadır, di gəl, elə bil gözünün qabağındadır. Demək, sənin fiziki tezliklərin onunla üst-üstə düşür.
Ümumiyyətlə, nə baş verir, bütün proseslər insanın içində gedir. Hava, temperatur, ətrafdakı çevrənin qurulması və ya qurulmaması insana ciddi təsir etmir. Bütün fəsillər insanın içində dəyişir. Sevgi hissi anlarla olur. Ona görə mən o məşhur şeiri yazmışam. Yazmışam ki, sevginin ömrü bir andır. Qalanı xatirədir. Bizim yeganə nağd sərvətimiz xatirədir. Qalan heç bir şey nağd deyil. Bir insanı dindir ki, nəyin var? Görəcəksən, xatirələrdən başqa heç nəyi yoxdur.
"Ramiz Mehdiyevlə Fatma Abdullazadə kinoteatrı əlimizdən almaq istədilər"
- Baba müəllim, yazıçı kinossenari ilə daha nəyi deyə bilər?
- Yazıçılıq monosənətdir: sənsən, qələmdir, beyindir (ürəkdir). Heç bir kənar müdaxilə və dəstək yoxdur. Tam azadsan, içindəki senzoru çıxmaq şərtilə. Kino isə sintez sənətdir. Gözəl bir ssenari yazarsan, onu Hollivudda çəkərlər, tamam ayrı bir əsər alınar, Yevlax kinostudiyasında çəkərlər, tamam başqa bir əsər alınar.
Biri var Emin Sabitoğlu ona musiqi yaza, bir də var toyxanadan bir sintezator çalan - indi seriallarda çox vaxt elə edirlər.
Biri var Rasim Balayevi çəkəsən, biri də var təsadüfi bir adamı. Ona görə bu, çox mürəkkəb bir sintez sənətdir. Ssenari orda ümdə yox, orta faktorlardan biridir. Yadıma gəlir ki, rəhmətlik Ənvər Məmmədxanlı "Babək" filminə baxmırdı. Deyirdi, mən Babəki belə yazmamışam, ssenaridə demək istədiklərimi ekranda görmədim.
Rəhmətlik İsmayıl Şıxlı da "Dəli Kür" haqqında elə deyirdi. Mən çox görmüşəm ki, ciddi yazıçılar filmdən narazı qalırlar. Bu da təbii prosesdir. Çünki yazıçı öz qələmi ilə dünyaya gətirdiyi əsəri birdən-birə müxtəlif sənət sahiblərilə bölüşür. Hər kəsin öz prizması olur. Rejissor onu ayrı cür görür, operator ayrı cür, bəstəkar ayrı cür... Aktyorlar başqa cür obraz yaradır. Hətta işıq da kinoda əsas faktorlardan biridir.
Elə yazıçılar da var ki, onlar üçün filmin ssenari üzrə çəkilib-çəkilməməsi fərq eləmir, təki titrlərdə adı getsin.
- Siz Kinematoqrafiya İttifaqında katib kimi çalışırsınız. Rasim Balayevlə iş birliyiniz necə alınır? İki qoçun başı bir qazanda qaynayırmı?..
- Rasim Balayevlə 30 ildən çoxdur bir yerdə işləyirik. Əksinə, bir-birimizi tamamlayırıq. Rüstəm İbrahimbəyov demək olar ki, fəxri sədr idi, çünki orda tapılmırdı. Los-Anceles, Hollivud, Moskva... Rüstəm müəllimin bütün ömrü təyyarələrdə keçib.
O vaxt Rasim Balayev birinci katib idi. Onun ictimai əlaqələrini mən təşkil edirdim. Rasim çox utancaq adamdı. Xahiş eləməyi sevmir. Mən bu mənada daha realistəm, praqmatikəm. İttifaq hər gün onlarla adamın müraciət etdiyi yerdi. Biri təqaüd istəyir, biri evinə kömək, biri fəxri ad...
Rasim Balayevlə bizim tandemimiz uğurlu alındı. Sonra başqa bir tandem Rüstəmə qarşı düşmənçiliyə qalxdı - Ramiz Mehdiyevlə Fatma Abdullazadə tandemi.
Rüstəm İbrahimbəyov çox məğrur insan idi. Sözü üzə deyən, əyilməyən. Onlar "Azərbaycan" kinoteatrını əlimizdən almaq istədilər. Rüstəm müəllim vermədi. Dünya miqyasında tanınan adam idi, ona gücləri çatmadı. Onlar da bu heyfi bizdən belə çıxdılar; guya, alternativ kino ittifaqı yaratdılar. O da bir neçə il sürdü.
Sonra hakimiyyət dairələri Rüstəm müəllimi dəvət etdi, məlum oldu ki, ona qarşı aparılan bu kampaniya kimin planı imiş. Rüstəm müəllimə və bizə “yaşıl işıq” yandırıldı. Nə yazıq ki, Rüstəm müəlim bunları çox görə bilmədi. Vəfatından sonra yekdilliklə Rüstəm müəllimi yeganə əvəz edəcək şəxsi - Rasim Balayevi sədr seçdik.
- Rüstəm müəllim bizim cəmiyyətə çox qaynayıb-qarışmadığına görə, təəssüf ki, onu tanımaq imkanımız olmadı.
- Çox sərt adam idi. Hər mənada sərt idi, gəncliyində boksçu olmuşdu. Bir dəfə qurultay vaxtı bir kinemotoqrafçı çox hədyan danışdı. Rüstəm müəllim xeyli qulaq asdı, bir-iki dəfə irad bildirdi ki, qoy iclasımızı keçirək. Amma adam yenə ağzını Allah yoluna qoydu. Rüstəm müəllim dedi ki, ayrı əlacım qalmır, səni bu dəqiqə götürüb "Azərbaycan" kinoteatrının üçüncü mərtəbəsindən aşağı atacam. O adam o susan, hələ də susur.
- Baba müəllim, bu söhbətimizdə filmlərdən çox bəhrələndik. Odur ki, sondakı sualım da filmvari olacaq. Əgər həyatınızdan film çəkilməli olsaydı, adının nə olmasını istərdiniz? Məhz 70 yaşınızın tamam olduğu bir gündə bu suala cavabınız xüsusilə maraqlı və gözləniləndir.
- Bəzən məndən soruşurlar ki, öz ömrünün yekunu ilə bağlı hansı cümləni deyərsən? Sadəcə deyirəm ki, mən çox maraqlı həyat yaşamışam. O marağın içində hər şey var. Kasıbçılıq da var, zülm də var, əziyyət də var, sevinc də var, səfərlər də var, şan-söhrət də var, qara siyahıya salınmaq da var.
Mənim haqqımdakı filmin adı "Maraqlı kino", yaxud "Maraqlı" ola bilər.
O qədər insanlar tanıyıram ki, həyatı monoton keçir. Hər şey düz xətt üzrə gedir. Və düz xətt üzrə də dünyadan köçür. Ondan iki rəqəm qalır, ortasında da defis.
Ortadakı defis heç nəyi ehtiva eləmir. Amma məndə defis çox rəngli, maraqlı həyatın ifadəsidir. Nələr görmüşəm, nə cür təbəddülatlara düşmüşəm... Dünyanı gəzmişəm, cavan yaşımda populyar olmuşam, o populyarlıq məni yolumdan sapdırmayıb, Moskvada ali təhsil almışam, Bolqarıstanda Ali kursları bitirmişəm. Dünyanı yazıçı kimi gəzmişəm, turist kimi yox.
Həyatın hər üzünü görmüşəm - yaxşısını da, pisini də. Düz xətti heç vaxt arzulamamışam. İndi də arzulamıram. Necə ki kəndimdən rayon mərkəzinə, ordan da Bakıya çıxan yol çox bərbad olub, amma hərdən asfalt hissəsi, hərdən palçıqlı kənd yolu olub, eləcə həyat yoluma da hər cür əngəllər və gözəlliklər çıxıb.