25 Yanvar 09:51
2 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun "Matroşka" pyesi əsasında hazırlanan "Qadınım" tamaşasının premyerası olacaq.

"Qadınım"da teatrın gənc aktyorları Prezident mükafatçısı Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet heyəti iştirak edir.

Əsərin plastik həlli əməkdar artist Nigar Şahmuradovaya aiddir, o həm də tamaada aktrisa kimi çıxış edəcək.

Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur, video görüntüləri isə Murad Həsənov hazırlayıb.

Musiqili melodram kimi hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlova “Telefon söhbəti” rubrikasında Teleqraf.com-un suallarını cavablandırıb.

- Süjet sadə görünür: ailə və kənarda bir qadın. Sevgi və ehtiras dolu iki aşiq... Bu tamaşa ilə zəmanəmizin aktual mövzusuna işıq tuturuq. Tamaşa tərbiyəvi əhəmiyyət daşıyır, "bu yolun sonu yoxdur” fikrini təlqin edir. Az qala uşaqcasına başa salmağa çalışırıq ki, ora getmə, təhlükəlidir, orda xoşbəxtlik yoxdur. Evli insanla xoşbəxt olmaq mümkün deyil. Amma bizim qəhrəmanımız könüldən aşiqdir və bu səbəbdən də demək olar ki, məhv olur.

- Sevginin qarşısını nəsə ala bilirmi?

- Təcrübə ala bilər. Sadə süjetlə biz həm də digər dərin qatlara enirik: insanın içində olan təklik hissi, insanın heç yerdə - nə ailədə, nə sevgidə, nə həyatda hüzur tapmaması... İndi içində hüzur tapan çox az adam tanıyıram. Tənhalıq hissi isə axır vaxtlar çoxalıb.

İnanıram ki, insanlar bu tamaşada özlərini görəcəklər. Bu tamaşa aynadır, buyurun, gəlin, baxın. Hamımız tamaşadakı durumda deyilik, bəli, amma hamımız sevgi qırıntıları, xəyal qırıqlığını yaşamışıq, yaşayırıq.

- Kimisi ailədə tapa bilmədiyi xoşbəxtliyi, sevgini kənarda axtarır. Kimisi isə bunu əyləncəyə çevirir.

- İnsan xislətə bağlı varlıqdır. Onun ruhsal tərəfə meyilli olmağı daha məsləhətlidir, nəinki heyvani istəklərinə. Təəssüf ki, biz çox vaxt heyvani istəklərə meyillənirik. Ruhsal insan özünə, ailəsinə, Allahına hörmət edən, hislərini cilalayan, özünü idarə edən varlıqdır.

- Sevgini kənarda tapa bilərikmi?

- Tapa bilərik. Bilirsiniz, biz səhvən də ailə qura, evlənə bilərik. Həyat elə qəribədir ki, heç nəyə birtərəfli baxmaq mümkün deyil. Biz deyirik ki, bu tərəfə getmək məsləhətli deyil, amma həyatımız o qədər şaxəli, enişli-yoxuşludur ki... Sadəcə ləyaqətlə davranmaq lazımdır.

- İradə xanım, bildiyim qədər bu, Tuncər bəyin pyeslərinə ilk müraciətiniz deyil. Sizi onun pyeslərində nə cəlb edir?

- Müəllifi şəxsən tanıyıram. Hazırda qızı və yoldaşı ilə dostam. Gürcüstanda onun iki əsərini, Türkiyədə Antalya Dövlət Teatrında isə bir əsərini hazırlamışam. “Qadınım”la dördüncü dəfədir ki, onun yaradıcığına müraciət etmişəm. Tuncər bəy müdrik insandır, pyesləri də çox gözəldir. “Uçqun” pyesi isə möhtəşəmdir.

- Tamaşanın baş qəhrəmanlarını oynayan aktyorlar axtarışlar nəticəsində tapıldı, yoxsa əksinə?..

- Əslində “Qadınım” ani yaranan tamaşadır. Sözün düzü, Gültac Əlili və Əmrah Dadaşov direktora müraciət edib mənim quruluşumda hazırlanmış “Mənim günahım” adlı tamaşada özlərini dublyor kimi sınamaq istədiklərini bildirmişdilər.

Mənə müraciət edəndə onlara dedim ki, bu tamaşa sizin yaşınıza uyğun deyil. Və onların temparitminə, uyumuna uyğun tamaşa hazırlayacağımı söz verdim. “Qadınım” belə yarandı.

- Sizin rejissoru olduğunuz “Lara Martin's Jazz Club” tamaşası bildiyim qədər teatrın ən bahalı tamaşasıdır. Bahalı tamaşaya tələbat necədi?

- Bəli, ən bahalı tamaşadır deyə bilərik, biletin qiyməti 50 manatdır. Tamaşa böyük zalda, amma səhnədə oynanılır. Onu VIP tamaşa adlandırıram. Tamaşaçılar özlərini caz klubda hiss edirlər. Masada əyləşib içki də, su da içməkdə sərbəstdirlər. Bu onların seçimlərinə bağlıdır.

Mənə elə gəlir ki, tamaşa çox yaşayacaq, çünki gəlirlər, maraqlanırlar, baxırlar. Tanaşaçı enerjisini hiss etmək gözəldir.

- “Qadınım”ın səhnə tərtibatından danışaq.

- Mürəkkəb səhnə tərtibatı var. Biz səhnəni beş yerə bölmüşük, tül pərdələr, fərqli konsept... Bunu yalnız və yalnız görmək lazımdır. Tanınmış retro musiqilər ifa olunacaq. Daha çox Sezen Aksunun repertuarından istifadə etmişik. “Her şeyi yak”, “Sarı odalar” kimi mahnılar elə baş qəhrəmanların ifasında səslənəcək.

İctimai baxışda iştirak edənlərdən biri dedi ki, tamaşa boyu o musiqiləri mən də ifa etdim və əminəm ki, tamaşaçılar da oxuyacaq.

- İradə xanım, dediniz ki, insanların çoxu içində hüzuru tapa bilmirlər. Sizcə, bu nədən qaynaqlanır?

- Mən özüm də hüzur tapa bilmirəm. Bu, məni çox düşündürür. Həyatmı çətinləşib, yoxsa bizmi hər şeyi şişirdirik? Bilmirəm. Amma çalışıram ki, beynimi neqativ fikirlərdən təmizləyim və düşünüm ki, hər şey gözəldir bu həyatda. Həqiqətən çox adam hüzur tapa bilmir. Səbəbi mən də bilmirəm.

İndi bizi xoşbəxt etməyən şeylər çoxalıb. Elə bilirsiniz, uşağın saatlarla telefonda oynamağı yaxşıdır? Bu, onu kütləşdirir. Bizim hazırda ən dərin bağlanmalı olduğumuz varlıqlara bağlılığımız azalıb. Ən dərində olan hislərimiz qapandığına görəmi xoşbəxt deyilik?

Daha dərin, arxaik, bizi torpağa, yaranışa bağlayan hislərimizi unuduruq. Əvvəllər ən kiçik nələrələsə xoşbəxt olurduq. İndisə hər şey var. Ona görə uşağa yeni oyuncaq alanda sevinmir. Bizə isə ən balaca oyuncaq hədiyyə olunanda belə sevinərdik...

- Amma həyat bütün hallarda davam edir...

- Əlbəttə. Mən inanıram ki, insanın xilası böyük varlığa - Allaha bağlanmaqdan keçir. Məni bu yaşadır...


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər