30 Yanvar 12:06
1 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun müdiri, filologiya elmləri doktoru Ataəmi Mirzəyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ötən həftə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzaladı. Tədbirlər planı, güman ki, bir aydan sonra açıqlanacaq. Sizin fikrinizcə, bu ili daha dolğun, faydalı etmək üçün hansı işlər görülməlidir? AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu olaraq hansı məsələləri önə çəkəcəksiniz?

- Açığı, bu bizim üçün gözlənilən sərəncam idi. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru öz tədqiqat istiqamətlərini yubileylə bağlı müəyyənləşdirmişdi. İnstitutumuz bu istiqamətdə bir sıra vacib məsələləri nəzərə alaraq görüləcək işlərin icmalını hazırlayıb.

Məlumdur ki, Məhəmməd Füzuli ilə bağlı böyük monoqrafiyalar XX əsrdə çap olunub: Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı”, Həmid Araslının “Böyük Azərbaycan şairi Füzuli”, Mirzəağa Quluzadənin “Füzulinin lirikası”, Sabir Əliyevin “Füzulinin poetikası” və başqaları...

Doğrudur, XXI yüzillikdə Füzuli yaradıcılığına aid ayrı-ayrı problem və mövzular üzrə monoqrafiyalar nəşr edilib. Amma şairin yaradıcılığını tam əhatə edəcək xüsusi monoqrafiya olmadığı üçün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu bu il böyük şairin həyat və yaradıcılığı ilə bağlı iri həcmli monoqrafiyanın çapını nəzərdə tutub.

Füzulişünaslığın qaynaqlarını təşkil edən bir sıra əsərlər var ki, onları da gənc nəsilə çatdırmaq lazımdır. Həmin əsərlərin əvvəlki nəşrlərini tapmaq da çətindir, üstəlik, həmin nəşrlər kiril əlifbasında olduğundan onların oxunmasında bir sıra problemlər ortaya çıxır. Ona görə biz Həmid Araslının “Böyük Azərbaycan şairi Füzuli” monoqrafiyasını latın əlifbasında çapa hazırlamışıq.

Bu il həm də klassik irsimizin yorulmaz tədqiqatçısı akademik Həmid Araslının 115 illik yubileyidir. Odur ki, sözügedən monoqrafiyanın çapı hər iki yubileyə töhfə olacaq.

Bundan başqa, müəllifi olduğum “Azərbaycan bədii tərcümə tarixində Füzuli mərhələsi”adlı monoqrafiyamı çap etməyi planlaşdırmışam. Həmçinin bu il Məhəmməd Füzulinin “Hədisi-ərbəin” əsərini tədqiqatla birlikdə geniş oxucu kütləsinə təqdim etməyi nəzərdə tutmuşam.

“Hədiqətüs-süəda” Füzulinin ən iri həcmli əsəridir və hətta deyərdim ki, şairin Azərbaycan bədii nəsrinə ən qiymətli töhfəsidir. “Hədisi-ərbəin” isə Məhəmməd peyğəmbərin hədislərinin şərhinə həsr olunmuş 40 hədisdən ibarətdir.

Yubiley ilində Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə beynəlxalq səviyyəli elmi konfransın keçirilməsi nəzərdə tutulur. Biz hesab edirik ki, böyük şairin lirikasına aid nümunələrin şərhlərlə birlikdə nəşri daha məqsədəuyğun olar. Belə ki, Məhəmməd Füzulinin dilində ərəb-fars sözləri çox işlənmişdir. Bu isə o dövrün dil xüsusiyyətindən qaynaqlanırdı. Odur ki, şairin əsərlərinin izahlarla nəşri müasir gənclər üçün daha məqsədəuyğun olardı.

Sərəncam verilən günün səhəri Milli Kitabxanada Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının alman dilində nəşrinin təqdimatı keçirildi. Sanki verilən sərəncamla tədbir bir-birini tamamlamış oldu. Arzu edirik ki, 2024 –cü il belə gözəl başlanğıcdan sonra da uğurla davam etsin.

Füzuli sənəti təkcə Azərbaycan sərhədləri ilə məhdudlaşmır. O, bütün türk dünyasının şairidir. Elə bir türk tapmaq olmaz ki, Füzulini sevməsin. Arzu edirik ki, bu yubiley təkcə Azərbaycanla kifayətlənməsin, dünyanın digər ölkələrində - Orta Asiyada, qardaş Türkiyədə də qeyd edilsin. Dünyanın bir çox ölkələrində Füzuli irsini təbliğ eləmək lazımdır.

Onu da qeyd edim ki, bu il qəzet və jurnallarda Füzuli yaradıcılığına həsr olunan xüsusi nömrələr çıxacaq.

Bir də arzumuz budur ki, yubileyin hər hansı bir hissəsini Kərbəlada keçirək. Bununla həm şairin məzarını ziyarət etmiş olarıq, həm də onun yaradıcılığını geniş miqyasda söz, fikir adamları ilə birgə təhlil və təbliğ edərik.

- Füzulinin indiyə qədər araşdırılmamış, yaxud geniş kütləyə məlum olmayan hansı əsərləri var? Onun əlyazmalarının hazırda harada saxlanılması da maraqlıdır.

- Məhəmməd Füzulinin yaradıcılığı çoxqatlıdır. Elə bir sənətkardır ki, onun yaradıcılığını hər dəfə oxuyanda yeni istiqamətlər müəyyənləşdirmiş olursan. Bu mənada Füzulinin əsərləri daima aktualdır.

Dünyanın, demək olar ki, bütün ölkələrində onun əlyazmaları var. Amma şairin “Divan”ının ən qədim əlyazma nüsxəsi Bakıda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun fondunda mühafizə olunur. Bu nadir əlyazma kimi 2018-ci ildə UNESCO-nun “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilib.

Sovet dönəmində Məhəmməd Füzuli daha çox ideoloji istiqamətdə araşdırılırdı. Elə məsələlər var idi ki, onları tədqiqata cəlb etmək mümkün deyildi. Bunlar Məhəmməd Füzulinin dini görüşləri ilə bağlı əsərlər idi. Onlardan biri də öncə adını qeyd etdiyim Kərbala faciəsinə həsr olunan “Hədiqətüs-süəda” əsəridir. Bu əsərin sovet dönəmində çapına icazə verilmirdi. Əsər ilk dəfə Azərbaycanda 90-cı illərin əvvəllərində çap olundu. O vaxta kimi Türkiyədə sadələşmiş variantda dəfələrlə nəşr edilmişdi.

“Hədiqətüs-süəda” XIX əsrdə Misirdə də çapdan çıxıb. Əsər müstəqillik dönəminə qədər çap edilmədiyinə görə onunla bağlı tədqiqatlar da sonrakı illərə aiddir.

“Hədisi-ərbəin” sovet dövründə nəşr olunsa da, tədqiqinə xüsusi diqqət yetirilməmişdi. Məhz müstəqillik dövründə bu əsər özünün elmi dəyərini tapmış oldu.

- Füzulini türk dünyasının ortaq şairi də adlandırırlar. Füzuli Azərbaycandan sonra daha hansı ölkələrdə çox araşdırılıb?

- Füzuli irsinə aid ən həcmi ilk tədqiqatlar Türkiyədən başlayır. Füzuli irsinin nəşri və tədqiqi Azərbaycanda da həmişə diqqət mərkəzində olub.

Daha sonra Özbəkistanın adını xüsusi qeyd etmək lazımdır. Əlişir Nəvai ilə Məhəmməd Füzuli yaradıcılığı bir-birinə çox bağlıdır. Həm Azərbaycan, həm də özbək ədəbiyyatşünaslığında Nəvai - Füzuli yaradıcılığı müqayisəli şəkildə, sələf-xələflik münasibətləri baxımından tədqiq olunmuş, bu aspektdə olan araşdırmalar hələ də davam etməkdədir.

Özbəkistanda Füzulinin əsərləri izah və şərhlərlə birlikdə böyük tirajla nəşr olunaraq yayılır.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər