Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Qəhrəman Koroğlu Rəhimovun 70 illik yubileyinə həsr edilən "Yarımçıq qalmış" tamaşası nümayiş olunub.
Teatrdan Teleqraf.com-a bildirilib ki, tamaşanın nümayişindən əvvəl rejissor Kəmalə Musayevanın quruluşunda ekranlaşdırılan "Vətənim mənim" adlı sənədli film təqdim edilib. Filmdə 1992-ci ilin iyul ayında könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanan, elə həmin ilin oktyabrında 39 yaşında qəhrəmancasına şəhid olan Koroğlunun cəbhə yolundan, müharibədə göstərdiyi qəhrəmanlıqlardan bəhs olunub.
Sonra teatrın truppa rəhbəri Ələsgər Muradxanlı çıxış edərək, Milli Qəhrəmanın şərəfli həyat yoluna nəzər salıb. Milli Qəhrəmanın oğlu Rəşad Rəhimov isə atasının döyüş şücaətindən danışaraq, onun xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib.
Çıxışlardan sonra "Yarımçıq qalmış" tamaşası nümayiş olunub.
Yefim Abramov və Leyla Bəyimin “Xəyalpərvər oğlanlar” əsəri əsasında Xalq artisti, mərhum rejissor Vaqif Əsədov tərəfindən hazırlanan tamaşa Birinci Qarabağ müharibəsinin ağrı-acılarından, müharibənin insanların həyatında yaratmış olduğu faciələrdən bəhs edir.
Tamaşada rolları Əməkdar artistlər Leyli Vəliyeva, Elnur Bəhramxan, aktyorlar Bəhram Əliheydər, Asya Atakişiyeva, Vahid Orucoğlu, Nuriyə Əliyeva, Aygün Fətullayeva, Xəyalə Qasımova, Gülbəniz Lətifova, Ramil Məmmədov, Elgün Yəhyayev, Mirzə Ağa Mirzəyev, Ramiq Nəsirov, Tahir İsmayılov, Xaliq Bəkirov ifa ediblər.