4 Aprel 19:33
1 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan filmləri Qırğızıstanda nümayiş olunub.

Teleqraf.com xəbər verir ki, filmlər Qırğızıstanın “Umut” XI Gənc Kino Forum- Festivalında Bakı Beynəlxalq Film Festivalının (BBFF) xüsusi propramı çərçivəsində göstərilib.

BBFF-nin direktoru Fehruz Şamıyev öncə festival barədə qonaqlara məlumat verib, daha sonra filmlərin nümayişi və müzakirəsi keçirilib. Festival tamaşaçılarına 13 -cü BBFF-ın qalibi olmuş Qulu Əsgərovun "Hasar", "Ən yaxşı ssenari" mükafatını almış Türkan Hüseynovanın "Sonuncu foto" və rejissor Amil Amalın "Titrəmə" filmləri göstərilib.

Fehruz Şamıyevin sözlərinə görə, Azərbaycan proqramı qırğız tamaşaçıları tərəfindən maraqla qarşılanıb.

"Festivalda Azərbaycan tərəfindən 4 nəfər iştirak edirdi: mən, Türkan Hüseyn, Amil Amal və İqor Smola. Azərbaycan istehsalı olan İqor Smolanın filmi forumun müsabiqə bölməsində yarışırdı. Müzakirələr zamanı söylənən fikirləri nəzərə alıb deyə bilərəm ki, bizim filmlərimiz tamaşaçılar tərəfindən yüksək qarşılandı".

Onun sözlərinə görə, “Umut” XI Gənc Kino Forum- Festivalı daha çox MDB, Baltikyanı ölkələri özündə birləşdirməklə bərabər yeni tanışlıq və qarşılıqlı münasibətlər baxımından çox uğurlu festivaldır. Estoniya, Litva ilə yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan müxtəlif vəzifəli, ixtisaslı kino xadimləri ilə görüşmək və müzakirələr aparmaq, əlaqələr qurmaq bizim üçün çox vacib idi. Bəzi dostlar inciməsin ki, onların filmlərini nə üçün bu proqrama daxil etməmişdik. Bunun müəyyən səbəbləri var idi.

Biz Bakı Beynəlxalq Film Festivalı komandası olaraq əlaqələrimizi daha da genişləndirmək üçün müxtəlif xarici fondlara, dəstək layihələrinə müraciət edirik. Məqsədimiz beynəlxalq kino bazarında az da olsa öz kimliyimizi, məhsullarımızı sərgiləməkdir.
Düşünürəm ki, növbəti beynəlxalq layihələrdə dəstəyi biz öz ölkəmizdən alacağıq. Və dövlətimizin müəyyən maliyyə qurumları qanunla imkan verəcək ki, biz bu işdə onların dəstəyindən istifadə edək".

Eyni zamanda Fehruz Şamıyev "Umut" Forum -Festivalının münsiflər heyətində təmsil olunub.

"Azərbaycan mütamadi olaraq xarici festivallarda, film pavilyonlarında həm filmləri, həm də nümayəndələri ilə iştirak etməlidir. Əlaqələrimiz genişlənməlidir. "Umut" Forum Festivalda beynəlxalq jüri yerli filmləri qiymətləndirirdi. Bunun daha öncə Qazaxıstan təcrübəsində də şahidi olmuşdum. Deyim ki, proqramda maraqlı qırğız filmləri var idi. Özünəməxsusluq vacib şərtdir, yekdilliklə səs verdiyimiz film isə qalib oldu. Həm film, həm də "Umut" məndə çox xoş təəssürat yaratdı. Əziyyətli işdir, forumun gülərüzlü komandasına, xüsusən də daim qırğız kinosunun inkişafı üçün çalışan tanınmış tənqidçi Gülbara Tolomuşovaya uğurlar arzulayıram. Ümid edirəm ki, Azərbaycan- Qırğızıstan kinosunun qarşılıqlı əlaqələri daha da artacaq".

Qeyd edək ki, Bakı Beynəlxalq Film Festivalı bu il 15 illiyini qeyd edəcək. Azərbaycanın ən uzunömürlü festivalı olan BBFF onlarla xarici və yerli rejissor, prodüser, ssenaristin görüş yeridir.


Müəllif: Pərvin Cəfərova