29 Yanvar 2015 11:12
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın tanınmış "Utopik" ansamblı məşhur "Dünya xalqlarının mahnıları" silsiləsindən yeni bir layihəni həyata keçirib.

Bu dəfə "Utopik" öz layihəsinə iki fransız, bir meksikalı bəstəkarlarla yanaşı Firəngiz Əlizadəni də cəlb edib. Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlunun verdiyi məlumata görə, F.Əlizadə "Bu dağda maral gəzər" xalq mahnısını sözügedən layihə üçün yeni aspektdə təqdim edib.

Soprano və 10 nəfərlik ansambl üçün yazılan kompozisiya, fortepianonun virtuoz kadensiyası və dramatik kulminasiyası ilə məşhur mahnının sətiraltı məzmununa əlavə çalarlar qatır. Layihənin solisti lüksemburqlu müğənni Laura Delkampe "Utopik"in 4 yeni mahnısı ilə yanaşı L.Berionun silsiləsindən 3 mahnını da ifa edib. Ansamblın konsertləri Fransanın Marsel, Lion və Nant Konservatoryalarında baş tutub. Konsertlərdən öncə bəstəkarların tələbələrlə görüşləri, həmçinin ustad-dərsləri təşkil edilib.

"Utopik" ansamblının yekun konserti isə Nant şəhərinin dəbdəbəli daxili görünüşü fərqlənən və gözəl freskaları ilə məşhur olan əzəmətli "Graslin" Opera Teatrında keçirilib.

Qeyd edək ki, sözügedən konsert salonunda "Dünya xalqlarının mahnıları" layihəsindən başqa Firəngiz Əlizadənin "Yapon poeziyasından" vokal-silsilə, həmçinin "Habilsayağı" və "Oyan!" əsəri ansamblın solistlərinin ifasında səsləndirilib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər