Azərbaycan Ermənistandan Üzeyir Hacıbəylinin müəlliflik hüquqlarını pozan şəxsləri cəzalandırmağı tələb edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsinin və Azərbaycan musiqi irsinin digər nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı yaydıqları
Bildirilib ki, bəstəkarın “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsi guya erməni bəstəkarı Arno Babacanyanın müəllifi olduğu “Vaqarşabat rəqsi” adı altında “Youtube” platformasında yerləşdirilib. Sözügedən mənimsəmə halı Azərbaycan cəmiyyəti tərəfindən kütləvi etiraza səbəb olub.
Qeyd olunub ki, Üzeyir Hacıbəyli “O olmasın, bu olsun” musiqili komediyasının (“Komediya”) musiqisini 1910-cu ildə, “Dörd məclisli musiqili komediya” adlı librettosunu 1913-cü ildə yazıb. Komediya 1913-cü il oktyabrın 25-də Bakıda H.Z.Tağıyev teatrında şəhnələşdirilmiş və ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru Müslim Maqomayev olub:
"Üzeyir bəyin “O olmasın, bu olsun” komediyasının musiqisinin və librettosunun müəllifi olması ümumqəbuledilmiş faktdır, onu sübut edən çoxsaylı mənbələr, o cümlədən dövrə aid yazılar, tamaşa afişaları, not yazıları və s. sənədlər mövcuddur. 2. Komediyanın librettosu bir çox dillərə tərcümə olunaraq, komediya müxtəlif ölkələrin səhnələrində tamaşaya qoyulmuşdur. 3. Komediyanın əsasında 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən eyniadlı film çəkilmişdir. Filmin ssenari müəllifi Sabit Rəhman, rejissoru Hüseyn Seyidzadə, musiqi redaktoru böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovdur".
Vurğulanıb ki, BMT üzvü olan Ermənistan iştirak etdiyi beynəlxalq müqavilələr vasitəsilə əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı üzərinə götürdüyü çoxsaylı vəzifə və öhdəliklərini yerinə yetirmir, digər məsələlərdə olduğu kimi, əqli mülkiyyət sahəsində də beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edir:
"Ermənistan müvafiq dövlət orqanlarından Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” əsərlərinin yuxarıda qeyd edilən mənimsənilmə hallarının aradan qaldırılmasını, Üzeyir Hacıbəylinin müəllif hüquqlarının bərpa edilməsini, habelə Ermənistan Respublikasının ərazisində və ya onun subyektləri tərəfindən Azərbaycan mədəni irsi, xüsusilə də musiqi irsi nümunələrinin kütləvi şəkildə mənimsənilməsi hallarını təcili surətdə araşdırmağı və aradan qaldırmağı, beynəlxalq hüquqa və daxili milli qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb etməyi, görülmüş tədbirlər barədə ÜƏMT-yə məlumat verməyi tələb edirik".