“Bu fotoya diqqətlə baxın, 1863-cü ildə çəkilib və mübahisəlidir. Foto İranda bir neçə muzeydə erməni qızı kimi təqdim olunaraq sərgilənir. Amma geyiminə baxsanız, Bakı milli geyimidir. Üstəlik, bu, erməni xanımı ola bilməz, başında dingə, onun altında isə cutqu var. Ermənilərdə belə bir baş geyimi yoxdur.
Bu fikirləri Teleqraf.com-a milli geyim kolleksioneri, tədqiqatçı Ruslan Hüseynov deyib.
Onun sözlərinə görə, antropoloji yanaşanda da xanımın qətiyyən ermənilərə bənzərliyi yoxdur: "Ermənilərin geyimi tamamilə fərqlidir. Amma Şamaxıda, Qarabağda yaşayan ermənilər bizim geyimlərimizi geyinib, şəkillər çəkdiriblər. Bu, bir dönəm ermənilərin siyasəti idi, erməni xanımlarının Azərbaycan milli geyimində oturaq halda fotolarını çəkmək üçün xüsusi fotoqraflar kirayələnirdi. Bizim muzeylərimizdə həmin şəkillər var, təəssüf ki, onları sərgiləmirlər. Biz sərgiləmirik, amma ermənilər öz saytlarında həmin fotoların neqativlərini paylaşırlar və onları öz milli geyimləri, öz zinət əşyaları kimi təqdim edirlər.
Hərçənd orijinalları bizdədir və onu paylaşmaq bizə düşər. Biz onu nümayiş etdirəndə hamıya bir mesaj ötürmüş oluruq: baxın erməni qadını Azərbaycana gəlib və milli geyimimizi geyinib”.
(1863-cü ildə çəkilən foto)
Ruslan Hüseynov deyir ki, hazırda Azərbaycan milli geyimləri düzgün təbliğ olunmur:
“Milli geyimlər deyəndə bura həm də rəqs geyimlərini daxil etmək lazımdır, günümüzdə isə rəiyyət geyimləri ilə rəqs geyimlərini bir-birinə qarışdırırlar. Bəzi etnoqraflarımız milli geyimlərə çox müdaxilə edirlər. İstər adlarına, istərsə də geyinmə üslublarına... Bir çox adlar dəyişdirilir. Sovet dönəmində çap olunan kitabları oxuyub onların üzərindən yeni kitablar çap edirlər, amma özləri araşdırmırlar.
Bu gün milli geyim deyəndə hamının ağlına arxalıq, başda araqçın və kəlayağı gəlir. Halbuki araşdıranda görürük ki, qadınlar araqçın taxmırdılar. Bu da böyük yalnışdır. Araqçın qadın deyil, kişi baş geyimidir, ərəb kökənli sözdür, “tər silən” anlamına gəlir. Kişilər onu buxara papağın altından taxırdılar. Buxara papağa görə o zaman kişilərimizin əksəriyyəti başını keçəl qırxırdılar və onun altında araqçın, üstündən buxara papaq, yaxud təzək qoyulurdu.
Qadınların baş geyimlərində cığcığa, dingə, cutqu istifadə olunub. Bəzən deyilir ki, başa kəlayağının üzərindən araqçın qoyulmalıdır, bu, səhvdir. Cığcığa, dingə, cutqu kəlayağının, yaxud hər hansı şalın altından taxılan baş geyimləridir. Kəlayağı isə yekun baş örtüyüdür.
Bir neçə il öncə həmkarım Fuad Cəbrayılovla birgə İranda bir muzeydə olanda çox sarsılmışdıq. İsfahan şəhərində erməni muzeyi var. Təsəvvür edin, Naxçıvana aid olan eksponatlar o muzeydə erməni eksponatları kimi sərgilənirdi.
Bizim muzeylərdə Səfəvi dönəminə aid nimtənələrin uzun versiyaları yoxdur, orda bəlkə də beş-altı ədəd var idi. Özü də kiçik muzeydi, kilsənin içərisində açıblar. 18-ci əsrin sonlarında nimtənələr qısaldı, çünki oturaq həyatdan işlək həyata keçirdilər, buna görə də uzunluq onlara maneə yaradırdı. Bu səbəbdən nimtənənin ətəyi qısaldı. Amma bizim muzeylərdə həmin uzun nimtələr yoxdur.
Erməni muzeyində Naxçıvana aid baş örtükləri, tumanların altından “Erməni milli geyimləri” sözü yazılıb. Bu, adamı dəhşətə gətirir.
Tiflisdə ipək muzeyi var, orada eksponatların 60-70 faizi Azərbaycana aiddir. Qarabağın cicimləri, Basqal və Şəkinin ştampları... Düşünürəm ki, bu, Azərbaycanda olmalıydı. Bizim gələcək məqsədlərimizdən biri də tekstil muzeyi açmaqdır. Orada həm kəlayağılar, həm örpəklər, həm Azərbaycanda toxunan tekstil nümunələri, tikmələr və ən vacibi Azərbaycan geyimləri yer alacaq. Çünki dediyim kimi bu gün geyimlərimiz doğru təbliğ olunmur. Gördüyünüz zər-zibalı, pullu geyimlər bizim geyimlər deyil. Dizaynerlərimiz də gündəlik, zədagan geyimləri ilə rəqs geyimlərini qarışdırırlar”.
Tədqiqatçı qeyd edir ki, bölgələr üzrə milli geyimlərimizin özünəməxsus fərqli xüsusiyyətləri var:
“Bölgələr üzrə geyimlər çox fərqlidir. Qarabağda nilufər qollu arxalıq, Bakıda atmaqol arxalıqlar var, ikisi də arxalıqdı, amma onları yanbayan qoyanda biçimlərinə görə tamam fərqlənirlər. Hər bölgəmizin özünəməxsus geyimi olub. Şəkinin özünün arxası olan geyimi var – ləbbadə.
Ləbbadənin qollarının bitən hissəsindən əlavə olaraq çəpkən qolları çıxır. Məzhəbi ailələrdə çox tez- tez rast gəlinirdi. Çünki məzhəbi ailələrdə qadının əlinin üst tərəfi görünməməli idi. Ləbbadənin içindən sadəcə qol hissəni tikərək barmaq hissədə bəndləyirdilər. Və beləliklə əlin üzəri örtülürdü. Bəzi etnoqraflarımız ona atma qol yaxud qondorma qol deyillər, amma yenə deyirəm, belə məsələlərdə çox ehtiyatlı olmaq lazımdı.
Qarabağ çəpkənlərində iki qol rast gəlinir. Bəli, buna biz atma qol, qondarma qol deyə bilərik. Bir qol bağlanması üçün, çünki orada düymələr mövcuddur, ikinci qol isə estetik gözəlliyə xidmət edir. Həmin çəpkənlərin günümüzə qədər gəlib çatan çox az nümunələri var”.
Milli geyim təbliğatının qənaətbəxş olmadığını deyən etnoqraf İlhamə Məmmədova bu istiqamətdə araşdırmaların kifayət qədər aparılmadığına da diqqət çəkdi:
"Biz çox işləməliyik, çox yazmalıyıq. Azərbaycan xalqının zəngin mədəniyyətini əks etdirən etnoqrafiya muzeyləri yaradılmalıdır. Bu, neçə illərdir ki, etnoqrafların arzusudur. Bakıda, bölgələrimizdə, eləcə də işğaldan azad olunmuş şəhərlərimizdə etnoqrafiya muzeyləri yaradılmalıdır ki, orada həm geyim, həm də digər nümunələrimiz nümayiş olunsun".
“Alaca” milli geyim evinin rəhbəri, etnoqraf Gülzadə Abdulovanın sözlərinə görə, müasir dövrümüzdə milli geyimlər doğru-dürüst təqdim olunmur:
“Bu gün elə parçalar milli geyim parçası kimi təqdim olunur ki, insan dəhşətə gəlir. Axı milli geyimlərimiz o parçalardan hazırlanmayıb.
Deyirlər ki, milli geyim məxmər parçadan tikilməlidir. Ona görə insanlar adı məxmər kimi qələmə verilən parçanı alıb, ondan milli geyim tikdirirlər, nəticədə geyimdə şuxluqdan əsər-əlamət qalmır. Gənclərimizi düzgün şəkildə məlumatlandırmalıyıq ki, onlar gələcəkdə düşmənlərimizlə informasiya müharibəsində qalib gəlsinlər.
İndiki dövrdə milli geyim kimi təqdim olunan geyimlər məni narahat edir. Ona görə mən “Alaca” geyim evini açdım. Həddən artıq saxtalaşdırmalar var. Milli geyimlər tamamilə cılızlaşdırılıb. Ən fəlakətlisi odur ki, ölkədən xaricə çıxarılır. Zəngin mədəniyyətimiz cılızlaşdırılmış şəkildə xaricə ötürülür. Milli geyim tarixi abidədir, onları dəyişdirmək, əlavələr etmək yolverilməzdir. "Qız qalası"nı necə qoruyub saxlayırıqsa milli geyimi də elə qoruyub saxlamalıyıq.
Amma baxın görün, nə baş verir: “Qarabağ” geyimi adı altında qarışıq geyimlər təqdim edilir və yayılır. Bu, qətiyyən düzgün təbliğat deyil. Səhvə yol verməmək üçün hər bölgənin geyimləri araşdırılmalıdır.
Təbliğat metodlarından biri müasir geyimlərin üzərində milli geyimin elementlərini yerləşdirməkdir. Həmçinin müəyyən sintezlər etmək olar. Baxın, çəpkəni müasir tipli geyimlə geyinəndə necə gözəl görünür.
Ermənilər hansı ərazidə məskunlaşıblarsa həmin ərazinin geyimini geyiniblər. Ona görə də onlar milli geyimi cürbəcür formalarda paylaşırlar. O cümlədən bizim geyimləri paylaşırlar. Kişi geyimləri elə bizim geyimlərdir. Milli geyimlərimizi bütün Qafqaz geyinir hamısı da öz geyimi kimi təqdim edirlər. Amma ən qədim nümunələri bizdədir. “Dədə Qorqud”dan qədim milli geyimlərin adlarını çəkən ikinci bir əsər yoxdur. Yenə də deyirlər ki, bizimdir”.
Bu yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın milli geyimlərinin təbliği – “Ənənədən gələcəyə” adlı layihə çərçivəsində hazırlanıb.