İstanbulda fəaliyyət göstərən sənətçilərdən ibarət "Azərbaycan Rüzgarı" adlı musiqi qrupu yaradılıb.
Teleqraf.com xəbər verir ki, bu barəfə "TRT TÜRKÜ" kanalında yayımlanan "Azərbaycan Rüzgarı" proqramının müəllifi və aparıcısı Səidə Ömər məlumat verib. Qrupun yaranması ilə bağlı danışan Səidə Ömər deyib: “Artıq dörd ildir Türkiyənin fərqli televiziya kanallarında və hazırda “TRT TÜRKÜ” radiosunda hər bazar günü yayımlanan “Azərbaycan rüzgarı” proqramının yetərli qədər dinləyicisi var. Bu səbəbdən bu qrupun qurulmasına qərar verdik. Qrupun əsas məqsədi Azərbaycan ədəbiyyatını və musiqisini canlı konsert proqramları ilə daha geniş ictimaiyyətə təqdim etməkdir”.
O, bildirib ki, musiqi qrupunun repertuarında Türk dünyasının ortaq dəyərləri və Azərbaycanın istiqlal şairlərinin əsərlərinə xüsusi yer veriləcək: “Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq, Almaz İldırım kimi ədiblərimizin yaradıcılığından şeirlər muğam müşayiəti ilə səslənəcək, xalq və bəstəkar mahnıları, rəqslər ifa olunacaq. Qrupun solistləri isə dünyada, eləcə də Türkiyədə Azərbaycan musiqisini uzun illər təbliğ edən İstanbul Universiteti Konservatoriyasının məzunu Elgün Quliyev (xanəndə-vokalist), qiraətçi mən, İstanbul Universitetinin doktorantı, "Azərbaycan Rüzgarı" televiziya və radio proqramının müəllifi və aparıcısı Səidə Ömər, tarzəni Qazi Universitetinin doktorantı Pərviz Musayev, kaman ifaçısı İstanbul Kənt Universitetinin magistrantı Ruzbeh Moqaddamezad, bəstəkar, aranjemançısı-pianoçu Parvin Aslanov və nağara ustası Sakarya Universitetinin magistr məzunu Fərhad Uzunbaşdır”.