11 Mart 2015 13:41
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Musiqili Teatrda Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatının növbəti təqdimolunma mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, bir çox teatr xadimləri iştirak edib.

Ə.Qarayev çıxışında teatr xadimlərini bayram münasibətilə təbrik edib, milli teatrımızın 142 illik şərəfli sənət səlnaməsindən danışıb. Ümummilli lider Heydər Əliyevin milli teatrımıza göstərdiyi diqqətdən danışan nazir bu qayğının bu gün də davam etdiyini söyləyib. Teatr sahəsində əldə olunan uğurlardan danışan nazir “Zirvə” mükafatının əhəmiyyətindən danışıb. O qeyd edib ki, milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, kino, musiqi, təsviri sənət sahələrində xüsusi nailiyyətlər qazanan, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərin bədii axtarışlarını dəstəkləmək və yaradıcılıq fəaliyyətləri üçün zəmin yaratmaq, qiymətləndirmək məqsədilə təsis edilən “Zirvə” mükafatı mədəniyyət sahəsində öz yaradıcılığı ilə fərqlənən istedadlı insanlara verilir.

Daha sonra 7 nominasiya üzrə təqdim edilən “Zirvə” mükafatının qaliblərinin adları çəkilib. “Milli sərvət” nominasiyasında xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə, “Musiqi” nominasiyasında xalq artisti Yalçın Adıgözəlov, “Kino” nominasiyasında “Nabat” bədii filminin yaradıcı qrupu, “Təsviri sənət” nominasiyası üzrə Teymur və Mahmud Rüstəmov qardaşları, “Debüt” nominasiyasında əməkdar artist Şövqi Hüseynov, “Azərbaycan mədəniyyətinə dəyərli töhfə” nominasiyasında “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova mükafata layiq görülüblər. “Teatr” nominasiyasında isə mukafat İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” əsərini səhnələşdirən Şəki Dövlət Dram Teatrına verilib.

Mərasimdə həmçinin müxtəlif teatrların əməkdaşlarına “Fəxri mədəniyyət işçisi” döş nişanları təqdim edilib. Döş nişanlarına layiq görülənlər arasında Akademik Milli Dram Teatrınının baş inzibatçısı Məmmədov Elnur, Dövlət Pantomim Teatrının aktyoru Dadaşev Ceyhun, Dövlət Milli Dram Teatrınının İşıq sexinin rəisi Həsənov Rəfael, Musiqili Teatrın konsertmeysteri Dadaşev Zakir və başqaları yer alıb.

Nərmin


Müəllif: