2 Aprel 2015 22:48
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk aktyor: “Azərbaycanlı aktyorlarla oynamaqdan zövq aldım”

Bu gün Nizami Kino Mərkəzində azərbaycanlı aktyor Kamran Ağabalayev və “Nargis” Nəşriyyat evinin və “Nargis” jurnalının direktoru, aktrisa Könül Nağıyevanın baş rollarını oynadıqları Türkiyə istehsalı olan “Tərkedilmiş” filminin Qala gecəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, gecədə filmin rejissoru Korhan Uğur, filmdə rol alan azərbaycanlı aktyorlar Kamran Ağabalayev, aktrisa Könül Nağıyeva, türkiyəli aktyorlar Levent Ülgen, Hakan Vanlı, Sema Şimşek, Neriman Uğur, Burak Sarımola iştirak ediblər.

Qırmızı xalıdan keçən yaradıcı heyət filmin posterinin önündə jurnalistləri salamlayıb, onların suallarını qısaca cavablandırıblar. Hakan Vanlı Bakıya ilk dəfə gəldiyini və şəhərimizin çox mənzərə malik olduğunu dilə gətirib. Azərbaycanlı aktyorlarla oynamaqdan keyf aldığını bildirən aktyor qeyd edib ki, ikisi də filmdəki rollarını məharətlə ifa ediblər: “Könül xanım və Kamran bəy çox yaxşı, peşəkar aktyorlardır. Bütün türk aktyorları adından deyirəm ki, belə bir filmdə oynamaqdan qürur duyuruq.

Azərbaycanlı tamaşaçıların “Akasya durağı” serialından tanıdıqları aktyor Levent Ülgen filmdə serialdakı rolundan tamamilə fərqli bir rol ifa etdiyini deyib: “Xəbərim var ki, Azərbaycan tamaşaçıları məni serialdakı rolumla seviblər. Amma filmdə serialdakından fərqli bir rolda çıxış edirəm. Baxaq görək, hansı rolu daha çox bəyənəcəksiniz. Deyirlər ki, mənim rolum filmdə pis adamdır. Amma mən deyirəm ki, bizim filmdə yaxşı adam yoxdur” (gülür)

Filmin rejissoru Korhan Uğur filmin əsas mövzusu - tərk edilməklə bağlı fikirlərini belə ifadə edib: “Filmin ssenarisi tərk edilmə duyğusundan yola çıxaraq yazıldı. Öncə bu mövzudan qısametrajlı film çəkmək istəyirdim, amma məkanları gəzəndən sonra fikrimi dəyişdim. Çünki həmin məkanda qısametrajlı film çəkmək günah olardı, ona görə qısafilm üçün nəzərdə tutulmuş ssenarini tammetraj üçün yenidən işlədim. Filmdə müxtəlif səbəblərdən tərk edilmiş insanlar uzun illər baxımsız qalan, tərk edilən bir sanatoriyada bir araya gətirilir. Qəhrəmanlardan biri immiqrant, biri ona kömək etmək istəyən, amma pis niyyətli Çirkin, biri Zəngin və başqalarıdır. “Tərkedilmişlər”in əsas özülü: hamımız insanıq, yaxşı və pisliyimizdən asılı olmayaraq və hamımızın içində yaxşılıq da var , pislik də. Bəzən olur ki, kiməsə pislik edirsiniz, o an bunun fərqinə varmırsınız. Amma elə bir an gəlir ki, nə etdiyinizi anlayıb vicdanınızla baş-başa qalırsınız. “Tərkedilmişlər” məhz bu duyğunu insanlara yaşadır. Mənə elə gəlir, filmdən hər kəs məmnun qalacaq”.

Qeyd edək ki, filmin ilk Qala gecəsi mart ayının 27-də Türkiyədə baş tutub. Gecədə azərbaycanlı aktyorlar da iştirak ediblər. Kamran Ağabalayev filmin Türkiyə Qalasından danışaraq, ekran əsərinin və ifa etdiyi obrazın türk kinematoqrafçıları tərəfindən rəğbətlə qarşılandığını bildirib: “Film çox maraqla qarşılanıb. Baxan tamaşaçılar bizə çox müsbət fikirlər söyləyiblər.Bundan başqa bu filmdən sonra dörd türk filmindən oynamaq üçün rejissorlardan təkliflər almışam. Bu çox gözəl nəticədir.O ki, qaldı filmə...”Tərkedilmişlər” həqiqətən baxılası filmdir. Filmə aynaya baxıb öz içinin əyrisi ilə düzünü görmək istəyən kütlə baxacaq. Çünki filmdə insanlıq üçün çox gözəl mesajlar var. ”Tərkedilmişlər" insan haqda çox yaxşı filmdir".

Filmdə suriyalı qaçqın xanım obrazını canlandıran aktrisa Könül Nağıyeva rolu və film barədə təəssüratlarını bölüşüb: “Suriyadakı müharibədən sonra ölkəsini tərk etməyə məcbur qalan qəhrəmanımın Türkiyədə də əzabları bitmir. Filmdə onun Türkiyə başına gələnlər əks olunub. Bu film insanlıq barəsindədir. Yaxşı, pis olmağından asılı olmayaraq insan olmaq lazımdır. Bu bizim əsas mövzumuzdur. Və mən əminəm ki, hər bir kəs filmdə özünə yaxın bir obrazı tapa biləcək. Onu da deyim ki, türk kinematoqrafçıları ilə işləməkdən böyük zövq aldım. Bu mənim üçün böyük məktəb oldu. İnanıram ki, bu, mənim Azərbaycandan kənar ilk, amma sonuncu işim olmayacaq”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər