Bu gün dünyada məşhur olan sosial şəbəkələr Azərbaycanda da geniş yayılıb. Hər kəs bu şəbəkələrdən müxtəlif məqsədlər üçün istifadə edir. Bəs görəsən, məşhurlar sosial şəbəkədən necə və hansı məqsədlə istifadə edirlər? Profillərini özləri, yoxsa başqaları idarə edir? "Gündəlik Teleqraf" bəzi məşhurları bu mövzu ilə bağlı sorğu-suala çəkib.
"Profil ünvanım yoxdur"
Bəstəkar Gövhər Həsənzadə: "Heç bir sosial şəbəkədə profil ünvanım yoxdur. Bircə, "Facebook"da öz adıma səhifəm var. Açığı deyim ki, sosial şəkəbəkələrlə məşğul olmaq, orada saatlarla vaxt keçirməyə nə vaxtım, nə də həvəsim var. Ora girsəm, gərək mən heç nə ilə məşğul olmayım. Çünki hər yazılanı cavablandırsam, 24 saat kifayət etməz. Cürbəcür mesajlar yazanlar olur. Məsələn, çoxları şeirlərini göndərir ki, oxuyum, onlara musiqi bəstələyim. Çalışıram bütün mesajlara cavab verim. Özüm də olmasam, kiməsə deyirəm ki, cavab yazın. Çünki insandır, nə bilmək olar, hansı məkanda, hansı ab-havadadır. Bəlkə, onun həyatının elə məqamıdır ki, bu cavaba ehtiyacı var. Bəzən elə uzun mesajlar yazırlar ki, oxuyub sona çatana qədər ürəyim üzülür. Əslində, şeirlərinə baxmağı xahiş edirlər, amma əvvəldə o qədər sözlər yazırlar ki, oxumağa hövsələm çatmır. Buna rəğmən, oxumağa məcburam".
"Status yazıb ürəyimi boşaldıram"
Bəstəkar Aygün Səmədzadə: "Mənim "Facebook" və "İnstaqram" hesabım var. "Facebook"da həm ayrıca profilim, həm də adıma səhifəm var. Bütün dostluq təkliflərini qəbul etmirəm. Dostluq göndərən insanın çalışdığı sahə mənim sahəmə yaxındırsa, tanıdığım adamlardırsa, jurnalistlər və incəsənət xadimləridirsə, qəbul edirəm. Maraqlı adamlarla dostluq edirəm. Amma hamı ilə "salam, necəsiniz" kimi ünsiyyətə də girmirəm. Daha çox musiqilər paylaşıram. Bu gün çirklənmiş səslər mühitində gözəl əsərlər seçib paylaşmağı sevirəm. Bu, mənim musiqişünas kimi vəzifəmdir. İnsanlar paylaşmalar içərisində yaxşıları da görməlidir. Bəzən hirsli olanda düşündüklərimi yazıram, sonra özlüyümdə deyirəm ki, nəyə lazım idi bu? Sizə də bir məsləhət verim, indi mən də "Facebook"da bir üsuldan istifadə edirəm. Acıqlananda böyük status yazıb ürəyimi boşaldıram, amma "Facebook"dakı "yalnız mən" funksiyasının köməyi ilə onu ancaq özüm görürəm. Ən acığım gələn şey isə insanın bişirdiyi yeməyin şəklini sosial şəbəkəyə yerləşdirməsidir".
"Bu gün status yazırsan, sabah xəbər olur"
Xalq artisti Sənubər İsgəndərli: "Facebook" və "İnstaqram" sosial şəbəkəsindən istifadə edirəm. Amma aktiv olduğumu deyə bilmərəm. Status yazmıram. Bilirsiniz, çoxları başqalarının kəlamlarını paylaşıb özünü daha ağıllı göstərməyə çalışır. Bəzən mən də kəlam paylaşmışam. Hər hansı məsələlərlə bağlı status yazmağa isə ehtiyat edirəm. Status insanın kimliyini ortalığa qoyur. Bilirəm ki, bu gün tanınmış adam statusda nə yazsa, onu sabah xəbərə çevirirlər, hətta dəyişilmiş formada təqdim edirlər. Ona görə ehtiyat edirəm".
"Saatlarla zaman keçirmirəm"
Xalq artisti Aygün Bayramova: "Əlbəttə, hər kəs kimi mən də sosial şəbəkələrdə varam. Amma orada saatlarla zaman keçirmirəm. Demək olar ki, əksər sosial şəbəkələrdə profilim var. Məsələn, "Facebook", "İnstagram", "WatsApp", "Viber"-dən istifadə edirəm".
"Suallara cavab vermirəm"
Xalq artisti Faiq Ağayev: "Səhər yeməyini yeyəndə 40 dəqiqə və axşam 22:00-dan sonra sosial şəbəkələrə 1-2 saat vaxt ayırıram. Amma mütləq sosial şəbəkələrə baxıram, statusuma olan reaksiyalara nəzər salıram. Çünki bir çox insanlar üçün bu, sevdikləri müğənni ilə yeganə rabitə vasitəsidir. Məni onillərlə görmək imkanı olmayıb, bəlkə də, olmayacaq, buradasa bilavasitə ünsiyyət qura bilirlər. İnsanın ürəyini qırmaq olmur axı. Düzdür, bütün yazılanlara da cavab vermirəm. Sadə "Salam" müraciətinə, yaxud "doğrudan özünüzsünüz?" kimi suallara cavab vermirəm. Amma elə yazılar olur ki, yan keçmək mümkün deyil".
"Tanıtım üçün çox gözəl məkandır"
Əməkdar artist Nuriyyə Hüseynova: "Sosial şəbəkələr tanıtım üçün çox gözəl məkandır. "Facebook"da profilim var. Əvvəl səhifəmi qızım işlədirdi. O, məni Azərbaycandan kənarda çox tanıtdırdı. Gələn oxucu məktubları əsasında bunu deyirəm. Bir çox televiziya proqramlarında lentə alınmış mahnılarım vardı ki, onları "Youtube"-a yerləşdirdi. Orada qəlbimə, ruhuma yaxın gözəl dostlarım da var. Amma hər hissimi, içimdən keçəni orada paylaşmağı sevmirəm. İnsan avtomatlaşmış sistem deyil, insan haldan-hala düşə bilir. Elə məqam olur ki, əsəblər tarıma çəkilib, onda "Facebook"da yüngül nə isə paylaşa bilərəm. Amma özüm və ailəmlə bağlı nə isə paylaşmağı xoşlamıram".
"Niyə evli xanıma "gözəlsən, qəşəngsən" yazırsan?"
Əməkdar artist Kəmalə Müzəffər: "Sosial şəbəkələrdən tez-tez istifadə edirəm. Ona görə ki, dünyada və ölkədə olan bütün xəbərlərdən onun vasitəsilə xəbər tuturam. Bəzən ailəmlə, dostlarımla bağlı xırda-para nələrsə paylaşıram. Amma bütün günü nə etdiklərimi sosial şəbəkədə yaymıram. "Mən filan restorandayam, özümü çox gözəl hiss edirəm" kimi mesajlar vermirəm. Bunu edənlər var, bu da onların öz şəxsi işləri, öz haqlarıdır, amma mən bunu sevmirəm.
Əvvəllər çox artıq-əskik sözlər yazırdılar. Xoşa gəlməyən insanlar "Facebook"da dostluğumda var idi. Amma son zamanlar tanımadığım adamı dostluğa qəbul etmirəm. Son zamanlar nə fotolarımın altında, nə də ki, "inbox"da əks cinsin nümayəndələri tərəfindən şərhlər yazılır. Çünki buna ancaq başı ilə cavabdeh olarlar. Hərdən qadınların fotolarının altında kişilər "Ah, çox gözəlsən" kimi sözlər yazırlar. Belə şərhləri sevmirəm və bu mövzuda çox ciddiyəm. Sən nədən evli xanıma "gözəlsən, qəşəngsən" yazırsan?".
Nərmin Muradova