1 May 2015 11:16
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Oyunlarında tamaşaçı kimi fəal iştirak edəcəyik”

Tanınmış xanəndə, Xalq artisti Nəzakət Teymurova iyunun 12-28-i tarixlərində Azərbaycanda keçirilən Bakı-2015 Avropa Oyunlarında tamaşaçı kimi iştirak edəcəyini deyir.

Ölkəmizdə baş tutacaq mötəbər tədbirlə bağlı fikirlərini, arzularını bizimlə bölüşən Xalq artisti hər kəsi bu yarışları izləməyə dəvət edib: “Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox böyük bir hadisədir. Bu, həm idmansevərləri, həm idmançıları, həm də Azərbaycan vətəndaşlarını sevindirir. Belə bir ağır işi Azərbaycan öz üzərinə götürürsə, biz vətəndaş kimi bunu yalnız alqışlamalıyıq. Bildiyiniz kimi, mədəniyyət sahəsində də ölkəmizdə bir neçə beynəlxalq festival keçirilir ki, onlar da Azərbaycanın tanıdılmasında mühüm rol oynayır. Düşünürəm ki, istər mədəniyyət, istər idman aləmində belə mühüm tədbirlərin keçirilməsi Azərbaycanın dünya dövlətləri arasında tanınmasında, nüfuz qazanmasında böyük, səmərəli rol oynayır. Birinci Avropa Oyunlarında ölkəmizə gələn turistlər, qonaqlar ölkəmiz, mədəniyyətimiz, mətbəximiz haqda məlumatlanacaq və Azərbaycan barədə onlarda fikirlər formalaşacaq. Bu, Azərbaycanın imici üçün böyük işdir. Hər kəsi bu oyunları yaxından izləməyə çağırıram. Çünki mən də, ailəm də oyunlarda tamaşaçı kimi aktiv iştirak edəcəyik. İdman oyunlarından voleybol, tennis oyunlarına baxmağı çox sevirəm. Stolüstü tennis oynamağa marağım var. O ki, qaldı bu oyunlarda Azərbaycanı təmsil edən idmançılara onlara uğurlar və çoxlu medal arzu edirəm. Medal qazanıb, Azərbaycan bayrağının yüksəldiyini görmək inanılmaz gözəl hissdir. Mən Azərbaycan musiqisini əcnəbi ölkələrdə təmsil edəndə, ölkəmizə gətirilən medalları görəndə bu hissləri, bu sevincləri yaşayıram. Hətta sevincdən ağlayıram da. Bu gün çox sevinirəm ki, Azərbaycan hər yerdə tanınır, hər yerdə uğur qazanır. Hər bir azərbaycanlı da bu nailiyyətlərə sevinməlidir. Arzu edirəm ki, bu Avropa Oyunlarında bütün idmançılarımız çoxlu-çoxlu medal əldə etsinlər”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər