Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca istedadları yenidən həmyaşıdlarını sevindirəcək. “Oyuq”çular mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü, eləcə də Gül bayramı münasibətilə möhtəşəm konsert proqramı hazırlayıblar.
Bakıda fəaliyyət göstərən bir sıra lisey və orta məktəblərin şagirdlərinin iştirak edəcəyi tamaşa-konsert barədə Teleqraf.com-a məlumat verən studiyanın pedaqoqu Səidə Haqverdiyeva balacaları sürprizlərin gözlədiyini də deyib: “Hər zaman həmyaşıdlarını öz istedad və bacarıqları ilə təəccübləndirməyi bacaran “Oyuq”çular bu dəfə həm maraqlı tamaşa, həm də yeni musiqi nümunələrindən ibarət rəngarəng konsert və səhnə geyimləri ilə balaca dostlarını təbrik edəcəklər.
Konsertin birinci hissəsində “Şahın xudpəsənd oğlu” tamaşasına baxacaqlar. Daha sonra isə geniş konsert proqramı və rəqslər nümayiş olunacaq”.
Üç ildən artıqdır ki, fəaliyyət göstərən studiyanın mütəmadi konsert proqramı və tamaşalarla çıxışlar etdiyini deyən S. Haqverdiyeva növbəti tədbirin 28 may – Respublika günü ilə əlaqədar reallaşacağını deyib: “Azərbaycan xalqının həyatında xüsusi yer tutan təqvimlərlə bağlı tədbirləri ənənə halını alan studiya Respublika günü ilə də bağlı maraqlı proqram hazırlayıb. Azərbaycan nağıllarından seçmələrdən ibarət tamaşa uşaqlara tanıdıqları nağıl qəhrəmanlarını bir səhnədə görmək imkanı verəcək”.
O bildirib ki, “Oyuq”çular 1iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə də pantomim tamaşa-konsert hazırlayacaqlar: “Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə onun “Arşın mal alan” operettasını pantomima elementlərinin köməyi ilə təqdim edəcəyik. Belə ki, operettadan bir neçə ariya və duet müzikl formasında hazırlanacaq. Artıq bununla bağlı qızğın məşqlərimiz gedir və uşaqlara səhnə plastikası, xoreoqrafiyadan xüsusi dərslər keçilir. İnanıram ki, balaca dostları onların bu sürprizini də bəyənəcəklər”.
Xeyriyyə xarakterli konsertlərin teatrın binasında baş tutacağını xatırladan S. Haqverdiyeva studiya fəallarının uğurlu xarici səfəri barədə də danışıb. Belə ki, 23 aprel - Milli Suverenlik və Uşaq Günü münasibətilə Türkiyədə reallaşan ənənəvi möhtəşəm tədbirdə “Oyuq” studiyası da iştirak edib: “Türkiyə Mədəniyyət Və Turizm Nazirliyi, İstanbulun Bəyoğlu Bələdiyyəsinin dəvəti ilə baş tutan səfərimiz maraqlı oldu. Minlərlə tamaşaçının izlədiyi rəngarəng konsert proqramında “Nağıl çələngi” adlı tamaşa-konsertlə çıxış etdik. Şəhərin müxtəlif məkanlarında baş tutan konsertlərdə böyük hərarətlə qarşılandıq. Aylin Nəcəfli, Tunar İsa, Selcan Musayeva və Nazim Hacıyev türkiyəli yaşıdları qarşısında Tıq-tıq xanım, Cırtdan, Gəlincik və Ələddin kimi məşhur nağıl qəhrəmanlarının obrazlarını canlandırdılar. Balacaların çıxışları alqışlarla qarşılandı, xeyli sayda insan uşaqlara yaxınlaşaraq onlara xoş sözlərini dedi, canlandırdıqları nağıl qəhrəmanları ilə maraqlandılar. Müxtəlif ölkələrdən xeyli sayda uşağın qatıldığı tədbir müddətində özümüzə qarşı başqa bir sevgi və səmimiyyətin şahidi oldum. İstər bələdiyyə başçısı Ahmet Misbah Demircan, istərsə də əməkdaşları Mustafa Erdem, Adil Cem Özçakır, Şeyma Kurt, Deniz Özlem Doğan balacalarımızı sevgi, səmimiyyət, qayğı ilə əhatə etdilər. Buna görə balacalar adından onlara bir daha minnətdarlığımı bildirirəm”.
S. Haqverdiyeva onu da bildirib ki, studiya üzvlərindən iki azyaşlı Bolqarıstan və Belarusda baş tutacaq beynəlxalq uşaq musiqi və teatr festivallarına dəvət alıb.
Nərmin