7 May 2015 20:15
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 7-də Azərbaycan Xalça Muzeyində Şuşa şəhərinin işğalının 23-cü ildönümü ilə bağlı “Şuşa həsrəti” adlı sərgi açılıb.

Açılış mərasimində Şuşanın xalça ustalarının Azərbaycan incəsənətinə töhfələrindən danışılıb. Qeyd olunub ki, Azərbaycan incəsənətinin tacı sayılan Şuşa xalçaları xalqın milli ənənələrindən bəhrələnərək, daima dinamik şəkildə inkişaf edən sənət növü olub. Bu ənənəyə sadiq qalan Azərbaycan Xalça Muzeyinin Şuşa filialı 1992-ci ildə erməni işğalı ərəfəsində Şuşa muzeyləri arasında öz eksponatlarını tam şəkildə xilas etməyə müyəssər olub. Muzey əməkdaşlarının fədakarlığı nəticəsində XIX-XX əsrlərə aid olan 200-dən çox xalça və xalça məmulatı, bədii tikmə, geyim, zərgərlik məmulatı xilas edilib. Mədəniyyətə, tarixə, köklərə bağlı olan fədəkar muzey əməkdaşları bu gözəl əsərlərin yad əllərdə qalmaması üçün eksponatların xeyli hissəsini ağır şərtlər altında, min bir əziyyətlə döyüş zonasından çıxarıblar.

Diqqətə çatdırılıb ki, Şuşa filialı bu gün öz fəaliyyətini Azərbaycan Xalça Muzeyində davam etdirir. Filial qaçqın sənətkarları muzeyə cəlb edir, onların əl işlərindən ibarət sərgilər təşkil edir, Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu ilə informasiya mübadiləsi aparır, Qarabağ xalçalarının təbliği, tədqiqi ilə bağlı işlər görür, Şuşa xalçaları haqqında elmi-tədqiqat məqalələri, bukletlər nəşr etdirir.

Sonra sərgi ilə tanışlıq oldu.

Sərgidə qədim el sənətini bu gün də yaşadan ustalar - əslən şuşalı olan Kəmalə Ələkbərova, laçınlı Ayna Həsənova və Həqiqət Mirzəyeva tərəfindən toxunmuş Qarabağ məktəbinə aid xalça və xalça məmulatları nümayiş etdirildi.

Tədbir iştirakçıları fiziki məhdudiyyətli məcburi köçkünlərin əl işlərinə, “Düşmənin əməlləri” adlı rəsm sərgisinə, “İşğal olunmuş ərazilər” haqqında plakatlarına, eləcə də “Şuşa şəhəri işğaldan əvvəl və sonra” adlı videoçarxa böyük maraqla baxıblar.


Müəllif:

Oxşar xəbərlər