8 May 2015 17:28
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazir: “Bu, Azərbaycan kinosu tarixində yeni bir hadisədir”

Ötən gün “Dərs” aldı uşaq filminin premyerası baş tutub.

Teleqraf.com xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş filmin təqdimatından öncə yaradıcı heyət mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırıblar.

“Film kinoteatrlarda nümayiş olunacaq”

Filmin təqdimatını tarixi gün kimi dəyərləndirən Mədəniyyət və Turizm Nazirliyi Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov filmin əhəmiyyətindən danışıb: ““Dərs” uşaqların iştirakı ilə birbaşa məktəblilərə ünvanlanmış kino əsəridir. Bu film məktəb həyatından, yeniyetmələrin münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir”.


O bildirib ki, filmin kinoteatrlarda nümayişi də nəzərdə tutulub: “Bununla yanaşı film məktəblərdə də nümayiş olunacaq”.

“Pozitiv film çəkməyə çalışdıq”

Filmin rejissorlarından biri Rafiq Əliyev ekran əsərində çəkilən 24 uşağın Bakının 200-dək məktəbində 6,7 və 8-ci sinif şagirdləri arasından seçildiyini bildirib: “Bu filmdə demək olar ki, peşəkar aktyor yoxdur. Hamısı ilk dəfədir ki, filmə çəkilir, amma buna baxmayaraq onlar üzərilərinə düşən işin öhdəsindən layiqincə gəliblər”. Rejissor bildirib ki, uşaqlarla işləmək çətin məsələdir: “Biz hər biri ilə məşqlər etmişik. Və sonda tamaşaçılar baxıb onların oyununa, bizim rejissor kimi işimizə qiymət verəcəklər”.

Rejissor Cavid Təvəkkül qeyd edib ki, film dostluqdan, milli dəyərlərə qiymətdən bəhs edir: “Biz uşaqlar üçün pozitiv film çəkməyə çalışdıq. Onlar dostluğun nə olduğunu anlasınlar, həyatda ilk addımlarını atanda nəyi etməli olduqlarını, nəyi isə etməməli olduqlarını bilsinlər. Məqsədimiz də bu idi. Və məncə, biz buna nail olduq. Bu filmə bütün yaş qruplarını əhatə edən məktəblilər eyni zamanda böyüklər də baxa bilər”.

Qeyd olunub ki, çəkilişləri üç aya yaxın davam edən filmi üzərində iş ümumilikdə bir ilə tamamlanıb.
Filmdə əsas rolları ifa edən uşaqlar çəkilişlərin maraqlı olduğunu qeyd edib, aktyor ifalarından danışıblar. Qeyd edək ki, onlarla ayrıca müsahibələri qəzetimizin növbəti saylarında oxuya bilərsiniz.

“Bəzi obrazlara tənqidi yanaşacaqlar”

Mətbuat konfransından sonra təqdimat mərasimi başlayıb. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Dərs” filminin Azərbaycan kinosu tarixində yeni bir hadisəyə çevriləcəyinə ümidvar olduğunu bildirib: “Filmdə müasir Azərbaycan yeniyetmələrinin formalaşması, onların daxili dünyası və tərbiyə edilməsi kimi məsələlərə toxunulur. Hesab edirəm ki, bu filmdə insan həyatının çox maraqlı mərhələsindən danışılır. İstəyirik ki, bütün məktəb yaşlı övladlarımız bu filmi izləsinlər. Filmə baxan hər bir yeniyetmə, hər bir şagird özünə yaxın olan obrazları tapacaq. Uşaqlarımız filmin qəhrəmanlarına bənzəməyə çalışacaq. Hətta bəzi obrazlara tənqidi yanaşacaqlar, onları qəbul etməyəcəklər. Bu da normal haldır. Amma inanıram ki, bu film əsl vətəndaşa, əsl dostluğa xas olan xüsusiyyətləri təbliğ etməklə gələcək nəslin təlim-tərbiyəsində öz sözünü deyəcək”.

Filmdə baş rollara çəkilən Tamerlan Musayev, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Aliyə Əliyevanın aparıcılığı ilə keçən mərasimdə yaradıcı heyət qonaqlara təqdim olunub. Daha sonra isə filmin nümayişi baş tutub.

Qeyd edək ki, filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və Bakı məktəbliləri çəkiliblər.

Nərmin

FOTO Rəşad Abbasov


Müəllif:

Oxşar xəbərlər