15 May 2015 12:00
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015" Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizi qısa müddət ərzində dünya dövlətləri arasında tanıtmaq üçün böyük şansdır”. Bunu qəzetimizə açıqlamasında Xalq artisti Samir Cəfərov deyib.

Onun sözlərinə görə, Avropa Oyunları Avropada özümüzü tanıtmaq, ora gediş yollarımızı daha da qısaldır: “Sovetlər dağılandan sonra Azərbaycan müstəqil oldu. Amma müstəqil dövlət kimi çox uzun tariximiz yoxdur. Ona görə də indi bizim ən önəmli işimiz özümüzü bacardıqca dünyada tanıtmaqdır. Həm də bu, ermənilərin bizə qarşı olan yalan niyyətlərini ifşa etməyə kömək edir. Ermənilər yüz ildir ki, özlərini olduğundan fərqli tanıtmaqla məşğuldurlar. Mən bir çox ölkələrdə olmuşam. Məsələn, Uruqvayda, Monteneqroda konsertdə olanda ermənilərin nələrə qadir olduqlarına şahidilik etdim. Orada ermənilərin prospektləri var. İmkanlı ermənilər orada məskunlaşıb. Həmçinin bu mənzərə ilə Los-Angelesdə də, Fransada da qarşılaşmaq olar. Ona görə də hesab edirəm ki, ”Eurovision", “Bakı-2015" İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizi dünyaya yenidən tanıtmaq deməkdir. Və bunlar çox uğurlu layihələrdir. Yadınıza salın, futbol üzrə dünya çempionatında Türkiyə üçüncü yerə çıxandan sonra bütün dünya Türkiyə futbolunu, Türkiyəni tanıdı. Ulu Öndər demişdi ki, bir milləti tanıtmaq üçün onun birinci idmanı, sonra mədəniyyəti ön planda olmalıdır. Ona görə də həm Cənab Prezidentin, həm də Mehriban xanım Əliyevanın tutduğu yol düzgün və səmərəli yoldur”.

Vaxtilə idmançı olduğunu bildirən Samir Cəfərov idmançılara və ümumiyyətlə, Avropa Oyunlarına mahnı və klip həsr etdiyini də deyib: “Mən özüm də idmançıyam. Vaxtilə futbol, kikboksinqlə məşğul olmuşam. Amma iş elə gətirdi ki, musiqini seçdim. Bu da Ulu Öndər tərəfindən məsləhət görülmüşdü. Mən də bu yolla gedirəm. İdmançılara ürəkdən uğurlar diləyirəm. Hər bir ölkədə Azərbaycan bayrağı birinci olanda, yüksəklərdə dalğalananda, himnimiz səslənəndə daha qürurverici olur. Avropa Oyunlarında himnimizin tez-tez səslənməsini arzu edirəm. Yarışları izləyəcəm. Hətta onu da deyim ki, bu yaxınlarda bir klipimiz də işıq üzü görəcək. Avropa Oyunları ilə bağlı Sevda Ələkbərzadə ilə duet oxumuşam. Gözəl mahnıdır, həm idmançılarımız, həm də vətəndaşlarımız klipdə yer alıblar. Baxmağına dəyər”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər