Xalq artisti, tanınmış aktyor Rafiq Əzimov rejissorlardan təklif gözləyir.
Publika.az-a bu barədə danışan aktyor arzularını da dilə gətirib:
“Çoxdandır filmə çəkilmirəm. Axırıncı olmasın, axarınca olsun, bir neçə il bundan əvvəl “Buta” filmində çəkilmişəm. Uğurlu film idi, bütün dünyanı gəzdi, mükafatlar aldı. Amma ondan sonra hələ ki, rejissorlar məni dəvət etmir. Bizim işimiz də bilirsiniz ki, onlardan asılıdır. Çox istərdim ki, kinoda yaşıma uyğun nurani kişi obrazı yaradım. Yəqin ki, ssenraistlər məni eşidər və arzumu reallaşdırar”.
Kinoda durğunluq olsa da, aktyor teatrda işinə fasilə verməyib. O xalq artisti Azərpaşa Nemətovun səhnə yorumunda ərsəyə gələn fransız yazarın əsəri əsasında səhnələşdirilən “Stullar” tamaşasında rol alıb. Xalq artisti Həmidə Ömərova ilə tərəf-müqabil olan aktyor həmin tamaşanın festivallar üçün nəzərdə tutulduğunu deyib.