Çin Xalq Respublikasının (ÇXR) paytaxtında keçirilən ənənəvi “Pekində görüş” beynəlxalq incəsənət festivalı çərçivəsində geniş konsert proqramı təşkil edilib. Musiqili gecə Çinin paytaxtının ən möhtəşəm salonlarından olan Pekin Konsert Sarayında baş tutub.
Publika.az xəbər verir ki, Bakı Musiqi Akademiyasının professoru, xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Çin Milli Opera və Rəqs Dram Teatrının simfonik orkestri və xanəndələr xalq artisti Mənsum İbrahimov, Vüsalə Rəcova, əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Siyavuş Kərimov (nağara) tamaşaçılara unudulmaz musiqi gecəsi bəxş ediblər.
Proqrama Oqtay Zülfüqarovun “Bayram” uvertürası ilə start verilib. Vüsalə Rəcova maestro Niyazinin işləməsində xalq mahnısı “Qara gilə”ni ifa edib.
Əməkdar artist Elnur Əhmədovun ifasında Hacı Xanməmmədovun kamança və simfonik orkestr üçün ifası, Mənsum İbrahimovun “Kor ərəbin mahnısı”nı Çin tamaşaçısı hərarətlə qarşılayıb.
Konsertin irəliləyən dəqiqələrinə əməkdar artist Elçin Həşimov Həsən Rzayevin “Çahargah” rapsodiyasını səsləndirib. Maestro Niyazinin “Vals” və Musa Mirzəyevin “Azərbaycan” rəqsi dinləyicilərə xoş ovqat bəxş edib. Sonda Mənsum İbrahimov Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasını səsləndirib.
Xanəndə Vüsalə Rəcovanın məlumatına görə, tamaşaçı onları alqışları yenidən səhnəyə qaytarıb.
“Müəllimim Mənsum İbrahimovla birlikdə musiqiçilərimizin müşayiəti ilə “Mehriban olaq” mahnısını duet şəklində tamaşaçılara təqim etdik”.
Salonda boş yerlərin olmaması Pekin ictimaiyyətinin konsertə, Azərbaycan musiqisinə marağının göstəricisi idi. Konserti izləyənlər arasında Pekindəki diplomatik korpusun təmsilçiləri, o cümlədən Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan, Əlcəzair, Belarus, Qırğızıstan, Türkmənistan, Gürcüstan, Albaniya və Qətərin səfirləri və bir çox ölkələrin səfirliklərinin əməkdaşları, bu ölkədə yaşayan soydaşlarımız da olub.
Konsert zamanı çıxış edən ÇXR Mədəniyyət Nazirliyinin rəsmisi Gao Hayşenq bu cür festivalların və konsertlərin xalqlarımızın bir-birinin mədəniyyətini daha yaxından tanımaları baxımından əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, hər iki ölkənin birgə konserti həm də musiqiçilərin peşəkar əməkdaşlığı baxımından faydalıdır.
Bu cur layihələrin ölkələrimizin mədəniyyətinə töhfə verdiyini qeyd edən Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov deyib ki, Azərbaycan xalqı dünya mədəniyyətinə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi bəstəkarlar verib. Budəfəki layihənin simfo-muğama həsr edilən konsert olduğunu bildirən diplomat muğamın Azərbaycan musiqi mədəniyyətində xüsusi yeri olan qədim bir janr olduğunu dedi.
Bu konsertin digər vacib məqamlarından biri də o idi ki, çinli musiqisevərlər üçün klassik Azərbaycan musiqisi ilə yanaşı, muğam sənəti ilə yaxından tanışlıq baxımından böyük fürsət yarandı.